AZ

Novruz Aslanov şəhid ailələri ilə görüşdü

XALQ.AZ xəbər verir ki, VI çağırış Milli Məclisin deputatı Novruzəli Aslanov iş rejiminə uyğun olaraq tez-tez seçiciləri ilə görüşür, onları dinləyir, qaldırılan məsələlərin həllinə çalışır. Bununla yanaşı görüş zamanı səsləndirilən sosial-məişət məsələlərinə də biganə qalmır, omların həlli istiqamətində addımlar atır. Bu da təbii ki, seçici ilə millət vəkili arasında səmimiyyəti, ünsiyyəti və əməkdaşlığı gücləndirir, xalqla dövlət arasında güclü bağlılıq yaradır. Seçici bir daha əmin olur ki, səs verdiyi deputat onun yanındadır, problemlərin həllində onlarladır. Novruzəli Aslanov bir qayda olaraq şəhid ailələri və qazilərlə də görüşür. Acılarını bölüşür, istəklərinin yerinə yetirilməsində yanlarında olur. Dövlətətin hər zaman onların yanında olduğunu çatdırır, qayğılarının həllində əlindən gələni əsirgəmir. O, seçicilərini fərdi qaydada da qəbul edir, kollektiv şəkildə də. Ən əsası o hər həftə seçiciləri ilə bir yerdə olur. Dövlət Suverenliyi günündə də Novruzəli Aslanov seçicilərinin yanında olub. Bu səfərdə o, Azərbaycanın suverenliyinin tam bərpası uğrunda şəhid olan igidlərimizin ailəsinə baş çəkib, acılarına şərik olub, şəhid Elxan Məmmədlinin və Elnur Səmədovun ailə üzvlərini dinləyib.
Məlumat üçün bildirək ki, Elxan Məmmədli 1997-ci il oktyabrın 13-də İsmayıllı rayonu Zoğallıq kəndində dünyaya göz açmışdır. Orta təhsilinə 2004-cü ildə Suraxanı rayonu Pərviz İsmayılov adına 278 saylı tam orta məktəbində başlamış, 2015-ci ildə həmin məktəbin 11-ci sinfini başa vurmuşdur. Məktəbi bitirdikdən sonra Bakı Biznes Universitetinin Dövlət və Bələdiyyə İdarəetməsi fakültəsinə daxil olub, 2019-cu ildə oranı bitirərək məzun olmuşdur. Subay idi. Elxan Məmmədli 2019-cu ildə İsmayıllı rayon hərbi komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılıb. Dövlət Sərhəd Xidmətinin Tovuz rayonunda yerləşən N saylı hərbi hissəsində xidmət edən Elxan Məmmədli ordudan tərxis olunduqdan sonra Azərbaycan Silahlı Qüvvələrinin Təlim Tədris Mərkəzində “Ehtiyat zabit hazırlığı” kursu keçib. Kursu müvəffəqiyyətlə başa vuraraq leytenant hərbi rütbəsini alıb. O, Azərbaycan Respublikası Müdafiə Nazirliynin Quru Qoşunlarının Silahlı Qüvvələrində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi fəaliyyətə başlayıb. Xocalı, Şuşa, Xankəndi və Qubadlının ətraf ərazilərində hərbi xidmətini davam etdirib. Hərbi xidmət zamanı əldə etdiyi nailiyyətlərə görə 10 fevral 2022-ci ildə komandanlıq tərəfindən fəxri fərmanla təltif edilib. Daha sonra, 15 may 2023-cü ildən 29 iyul 2023-cü ilə kimi “Komando” Dağ Təlimi Mərkəzində keçirilmiş 17-ci qəbul “Komando başlanğıc kursu”-nu müvəffəqiyyətlə başa vurub, “Komando” Dağ Təlimi Mərkəzinin komandalığı tərəfindən sertifikata layiq görülüb. Elxan Məmmədli Komando əməliyyat qrupunda “Kəşfiyyat komandiri” vəzifəsində xidmət göstərib. Leytenant Elxan Məmmədli 2023-cü il sentyabrn 19 da Qarabağda başlanan lokal xarakterli antiterror əməliyyatları zamanı kəşfiyyat komandiri olaraq döyüşə qatılıb, öndə gedərək torpaqlarımızın terrorçulardan azad edilməsində şücaət göstərib. Həmin gün sentyabrn 19-da Xocavəndin azadl olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Elxan Məmmədli 21 sentyabr 2023-cü ildə İsmayıllı rayonu, Zağallıq kənd qəbiristanlığında torpağa tapşırılmışdır. Qarabağda başlanan lokal xarakterli antiterror əməliyyatları zamanı qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 07.11.2023-cü il tarixli Sərəncamına əsasən Elxan Məmmədli ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib. Azərbaycan Respublikasına sadiqliyə görə, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirməyə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yenə 07.11.2023-cü il tarixli Sərəncamına əsasən Elxan Məmmədli ölümündən sonra “Vətənə xidmətə görə” 3-cü dərəcəli ordeni ilə təltif edilib.
Şəhid Elnur Səmədov isə 1988-ci il martın 11-də İsmayıllı şəhərində anadan olub. Sumqayıt Dövlət Universitetini (SDU) bitirib. Ailəli idi. Bir oğlu və bir qızı var. Elnur Səmədov 2020-ci ilin sentyabr-noyabr aylarında aparılan Vətən müharibəsi zamanı Murovdağ, Cəbrayıl və Füzuli istiqamətində gedən döyüşlərdə igidlik göstərib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən “Azərbaycan Bayrağı” ordeni, “Cəbrayılın azad olunmasına görə” medalı, “Füzulinin azad olunmasına görə” medalı və “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib. Azərbaycan Ordusunun leyteneantı olan Elnur Səmədov 2022-ci il sentyabrın 12-də Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı şəhid olub. Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Elnur Səmədov 3-cü dərəcəli “Rəşadət” ordeni və “Vətən uğrunda” medalı ilə də tətif edilib.
Cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin dediyi kimi “düz bir il bundan əvvəl qəhrəman Azərbaycan Ordusu dövlət suverenliyini tam bərpa etmişdir. Bir gündən az davam edən antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi, Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi, beynəlxalq hüquq zəfər çaldı və Azərbaycan öz gücünü bir daha göstərdi. Bu günü bizə bəxş edən qəhrəman hərbçilərimizi hər zaman böyük minnətdarlıqla yad edirik. Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini daim qəlbimizdə saxlayırıq və saxlayacağıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Vətən müharibəsi və antiterror əməliyyatı keçirilərkən bizim 3200-dən çox qəhrəman şəhidimiz şəhadət zirvəsinə ucalmışdır. Onların və digər qəhrəman hərbçilərimizin rəşadəti və vətənpərvərliyi Qələbənin əsas amilləridir. Vətən uğrunda İkinci Qarabağ müharibəsində 90 mindən çox gənc azərbaycanlı iştirak etmişdir”.
Novruzəli Aslanov da seçildiyi ərazidə daim şəhid ailələri ilə əlaqə saxlayır, onların ailə üzvlərini dinləyir, qəhrəman qazilərlə görüşür. Onların problemlərinin həllinə yardımçı olur, şəhidliyin və qəhrəmanlığın unudulmaz olduğunu bir daha tarixi faktlarla dilə gətirir, onlara ehtiramını bildirir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
4
1
xalq.az

2Mənbələr