AZ

Moskvada müəmmalı Zəngəzur GÖRÜŞÜ - Rusiyanın ŞOK GEDİŞİ

Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun İrana son səfəri hələ də gündəmin əsas mövzularındandır. Bu arada, İranın “Mehr” agentliyi səfərlə bağlı bildirib ki, Şoyqu Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədianla danışıqlar zamanı rəsmi Tehranın Azərbaycanla dəhlizlər və kommunikasiya marşrutları ilə bağlı siyasətini dəstəklədiyini təsdiqləyib.Qeyd edək ki, son aylarda ikinci dəfə İrana səfər edən S.Şoyqu prezident Məsud Pezeşkianla da görüşüb. “Rusiyanın yüksəkrütbəli təhlükəsizlik rəsmisi Rusiya prezidentinin göstərişinə əsasən, İranın Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədianla görüşündə, sonuncunun Sankt-Peterburqa səfəri zamanı iki tərəf arasında əldə edilmiş razılaşmaların həyata keçirilməsi üçün Tehrana gəlib. Şoyqu iranlı həmkarı ilə görüşdə İran İslam Respublikasının Azərbaycanla əlaqə dəhlizləri və marşrutları ilə bağlı siyasətini dəstəklədiyini təsdiqləyib”, - məlumatda vurğulanır. Maraqlıdır, görəsən söhbət hansı siyasətdən və dəstəkdən gedir? İranın mövqeyi bəllidir...İranın ali dini lideri Ayətullah Əli Xamenei Zəngəzur dəhlizinin Ermənistan üçün zərərli olduğunu və İranın bu məsələdə qəti mövqeyini bir daha təsdiq etdiyini deyib. “İran İslam Respublikası Zəngəzur dəhlizinin Ermənistan üçün zərərli olduğuna inanır və biz bu məsələ ilə bağlı dəyişməz mövqeyimizi bir daha təsdiqləyirik”, - ali dini lider bir müddət öncə X səhifəsində yazıb.Yay aylarında Ermənistanın baş naziri Nikol Paşinyanı qəbul edən Ayətullah Xamenei belə bir mövqedən çıxış etmişdi.Eyni zamanda İranın xarici işlər naziri Abbas Araqçı deyib ki, qonşu dövlətlərin sərhədlərində hər hansı dəyişiklik onun ölkəsi üçün qırmızı xətt deməkdir və bu, “tamamilə qəbuledilməzdir”. İranın eks məmur və deputatları da davamlı şəkildə “qırmızı xət”dən bəhs edirlər. Yəni İranın qərəzli mövqeyi ortadadır. Azərbaycanın dəfələrlə öz mövqeyini ifadə etməsinə, hər hansı ölkənin ərazisində gözünün olmadığını bildirməsinə baxmayaraq, İran rəsmiləri ənənəvi bəyanatlarını səsləndirirlər, bəzən “qırmızı xətti” keçirlər. Əslində İran Ermənistanın Qərb ölkələri üçün poliqon rolunu oynamasına etiraz etməli olduğu halda, Azərbaycanın bir bölgəsindən digər bölgəsinə sərbəst gediş-gəlişə qarşı çıxmağa üstünlük verir. Belə bir durumda ABŞ Zəngəzurda, İranın “qulağının dibində” baza tikir, Ermənistandakı AES-i yenidən qurur, Fransa bu ölkəyə silahlar daşıyır. Bütün bunlara Rusiyanın da sakit reaksiyası suallar doğurur. Ermənistana daşınan silahların günün birində rus hərbçilərinə qarşı istifadə olunmayacağına da kimsə təminat verə bilməz. Qərb sanksiyaları qarşısında qalmış İran və Rusiyanın Zəngəzur dəhlizi ilə bağlı da ortaq mövqedən çıxış etməsi nonsesdir. Ən azı Rusiya üçün Zəngəzur dəhlizinin fövqələhəmiyyətini unutmaq olmaz... Qərbin sanksiyaları qarşısında qalan şimal və cənub qonşularımız alternativ yolların açılmasında maraqlı olmaq əvəzinə, qapıların bağlı qalması ilə bağlı anlaşırlar. Rəsmi Bakı 3+3 formulunu təklif edib və geniş spektrli əməkdaşlıq çərçivəsində alternativ yolların açılmasında maraqlıdır, o cümlədən İranla Araz çayı üzərindən yol ideyasının gerçəkləşməsinə təkid edir. Bu yollar günün birində İrana da hava və su kimi lazım ola bilər. Qəribəsi həm də budur ki, Azərbaycan Zəngəzur dəhlizinin sülh layihəsindən çıxarıldığını bəyan edəndən sonra Kreml hərəkətə keçdiyi halda, qəfildən İranla eyni mövqeni bölüşür...Belə çıxır, Tehranın Moskvaya təzyiqləri nəticə verib və Rusiya İranın maraqları naminə Zəngəzur dəhlizi layihəsindən imtina edir? Mümkünmü? “Mehr” gerçəyi təhrif edə bilərmi? Hər halda suallar çoxdur.Maraqlıdır ki, Sergey Şoyqunun Tehran səfərindən bir gün sonra İranın Moskvadakı səfiri Kazım Cəlili Rusiya Xarici İşlər Nazirliyinin Cənubi Qafqaz məsələləri üzrə xüsusi nümayəndəsi İqor Xovayevlə görüşüb. Bildirilir ki, tərəflər Cənubi Qafqazda vəziyyəti və regionda əməkdaşlığın vacibliyinə dair məsələləri müzakirə ediblər.Xatırladaq ki, ötən ay Rusiya xarici işlər naziri Sergey Lavrov İrəvanı Zəngəzur dəhlizi ilə bağlı 10 noyabr (2020) üçtərəfli sənədinin 9-cu bəndinin reallaşmasına mane olmaqda ittiham etmişdi. O bəndə görə ki, dəhlizə nəzarət məhz Rusiya FTX-yə həvalə olunması nəzərdə tutulur. Ekspertlərimiz qəzetimizə açıqlamalarında maraqlı məqamlara toxunublar.Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktoru, hüquqşünas Sahib Məmmədov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, rəsmi Moskvanın Zəngəzur dəhlizi ilə bağlı mövqeyi kifayət qədər aydındır: “Rusiya Zəngəzur dəhlizinin açılmasında yalnız o zaman maraqlı olacaq ki, üçtərəfli bəyanatda göstərildiyi kimi, dəhlizin təhlükəsizliyini bu ölkənin Federal Sərhəd Xidməti həyata keçirsin. Əlbəttə, bu dəhlizin mövcudluğu Rusiyanın iqtisadi maraqlarına da uyğundur, lakin hazırda Rusiya-İran münasibətlərində bu məsələ əsas prioritetlərdən deyil. Üstəlik, görünən odur ki, Rusiya elitasında da Zəngəzur dəhlizi ilə bağlı vahid mövqe yoxdur. Hərbi cinahı daha çox silah tədarükü maraqlandırır və bu baxımdan İranla onlar üçün o qədər də prioritet olmayan məsələyə görə münasibətləri pozmaqda maraqlı deyillər. Hazırda Rusiya Ukrayna-Rusiya cəbhəsində mövcud olan vəziyyətin dəyişməsinə səy göstərir. Qərb dövlətləri Ukraynaya onların verdiyi uzaqmənzilli raketlərdən və hava hücumu vasitələrindən istifadəyə razılıq versə - faktiki bu razılıq qismən də olsa, var - bu zaman Rusiyaya əks tədbirlər üçün analoji silahlar lazım olacaq. Buna görə də Rusiya Şimali Koreya, İran və s. dövlətlərlə danışıqlarda əsas üstünlüyü məhz silah tədarükünə verir”. S.Məmmədov əlavə etdi ki, İranın Zəngəzur dəhlizi ilə mövqeyi, daha doğrusu, mövqesizliyi də aydındır: “Sadəcə İran bu dəhlizin açılmasını istəmir. Bunun səbəblərini əvvəlki şərhlərimizdə bildirmişdik. İranın ”arqumentləri"nin hamısı bəhanələrdir. Həmin istiqamətdə yolların bərpası nə sərhədlərin dəyişdirlməsi, nə də İranın Ermənistanla kommunikasiya imkanlarının məhdudlaşmasına gətirmir. Əslində Zəngəzur dəhlizi məsələsi ilk növbədə Ermənistanla Azərbaycan arasında həll olunası məsələdir". Hüquqşünas qeyd etdi ki, Ermənistan özünü müstəqil dövlət hesab edirsə, bu məsələni də Azərbaycanla ikitərəfli qaydada həll etməlidir: “Ermənistan isə destruktiv və sürüşkən mövqeyindən əl çəkmək fikrində deyil. Özünü dünyaya sülhün tərəfdarı kimi göstərməklə revanşa hazırlamaqdadır. Müasir hücum silahları əldə etməkdədir. O cümlədən super və mikrodronların tədarükünü həyata keçirir. Digər tərəfdən Rusiya ilə iqtisadi münasibətlərin möhkəmləndirməklə, siyasi münasibətləri pozmağa davam edir. Belə görünür ki, hazırda Ermənistan bütün partnyorlarını aldatmaqla məşğuldur. Hamıya vədlər verir və bəhrələnir. Nə vaxta qədər bunu edə biləcək, bu, artıq sonrakı məsələdir”.Politoloq Məhəmməd Əsədullazadə bildirdi ki, Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun İrana ikinci səfəri iki dövlət arasında yaranan siyasi böhrandan irəli gəlir: “Birincisi, İran Qərblə danışıqlar əsasında Rusiya qarşı mövqe ortaya qoyub. Qərb İrana sanksiyalardan azad olmaq üçün Rusiya ilə əlaqələrə yenidən baxmağı tələb edir. Moskva da bundan narahatdır. İran isə Zəngəzur məsələsini bəhanə edir. İkincisi, İran görür ki, Qərb Yaxın Şərqdə də güclənir və özü isə Rusiya ilə eyni gəmidə olmaqla batır. Odur ki, gəmini tərk etmək üçün yollar axtarır. Ona görə də Məsud Pezeşkianı prezident postuna gətirdilər ki, Qərblə anlaşsınlar. Rusiya bunu görür və İranla danışıqlar aparır”.M.Əsədullazadənin fikrincə, İran bilir ki, dəhliz açılacaq: “Ermənistan da bunu istəyir. ABŞ və Böyük Britaniya da bu dəhlizdə maraqlıdır. Sadəcə, Rusiya bu yola nəzarət etmək üçün əl-ayağa düşüb”.Politoloq hesab edir ki, Azərbaycan 10 noyabr Birgə Bəyannaməsindən çıxdığını elan etməlidir: “O halda Rusiyanın artıq həmin bəyannaməyə istisna etmək imkanı qalmayacaq. Çünki Azərbaycan özü o bəyannamədən irəli gələn şərtləri yerinə yetirib. Rusiya da prosesdən kənarda olacaq”.Ekspert şübhə etmir ki, Rusiya və İranın Zəngəzurla bağlı danışıqları Azərbaycanın əleyhinədir: “İranın Mehr agentliyi yalan xəbərlər yayır. Rusiya İranın Zəngəzurla bağlı mövqeyini dəstəkləmir. Şoyqu ona görə Tehrana gedib ki, İran da Rusiyanın Zəngəzurla bağlı mövqeyini dəstəkləsin və bu yolda Rusiya Federal Sərhəd Xidməti dayansın. Moskva Tehranın bu məsələdə mövqeyini dəstəkləyə bilməz”.

Seçilən
46
50
intertv.az

10Mənbələr