AZ

Parlament Azərbaycanın inkişaf tarixinə yeni uğurlar gətirəcək TƏHLİL

30 ildən sonra ərazi bütövlüyü tam təmin edilib, suverenliyi bərpa olunan Azərbaycan dövləti parlamentə ilk seçkilər keçirdi. Sentyabrın 1-də baş tutan seçkilərdə xalqın yüksək fəallığı yaşandı. Hər kəs sevincli və qürurlu idi. Çünki ölkəmizin hər yerində, o cümlədən Xankəndidə, Şuşada, Qubadlıda, Xocalıda, Kəlbəcərdə və digər işğaldan azad edilən ərazilərdə parlament seçkiləri keçilirdi. Seçki təbliğatını yüksək səviyyədə quran, öz seçki platformasını cəmiyyətə reallıq üzərində quran namizədlər deputat seçildilər. Təbii olaraq seçkilərin budəfəki əsas qalibi xalqın partiyası olan Yeni Azərbaycan Partiyası oldu. YAP parlamentə əsas yerlərə sahib olmaqla Cənubi Qafqazın ən böyük və lider partiyası olduğunu nümayiş etdirdi. YAP-ın parlamentdə deputat yerlərinə daha çox sahib olması bir daha onu təsdiq etdi ki, YAP alternativsiz partiyadır, Ulu Öndərimiz Heydər Əliyevin qurduğu və bu gün Fateh Sərkərdə, Prezidentimiz İlham Əliyevin rəhbərlik etdiyi partiya bundan sonra da qələbələrini təkrarlayacaq. Yeni Azərbaycan Partiyasının parlament seçkilərində parlaq qələbə qazanması dünyanın əksər KİV-lərinin diqqətinə və müsbət xarakterli informasiyalar yaymalarına səbəb olub. Dünyanın ən nüfuzlu xəbər agentliklərindən biri olan Sinxuanın “Azərbaycanın hakim partiyası parlamentdə üstünlüyünü qoruyub” sərlövhəli məlumatında Mərkəzi Seçki Komissiyasının (MSK) ilkin nəticələrinə əsasən, Yeni Azərbaycan Partiyasının Milli Məclisdə 68 yer qazandığı qeyd olunub. Bildirilib ki, Mərkəzi Seçki Komissiyası 5895 məntəqə üzrə səsvermənin ilkin nəticələrini açıqlayıb. Səsvermədə seçici fəallığının 37,27 faiz təşkil etdiyi qeyd olunub. Çin Mərkəzi Televiziyasının (CCTV) internet səhifəsində, Çin Kommunist Partiyasının rəsmi nəşri olan “Jenmin Jibao” qəzetində, dünya üzrə milyonlarla oxucusu olan nüfuzlu “China Daily” qəzetinin internet səhifəsində, digər nüfuzlu xəbər portallarında mövzu ilə bağlı materiallarda da növbədənkənar parlament seçkisində Yeni Azərbaycan Partiyasının qələbəsindən söz açılıb. Dost, qardaş Türkiyənin Anadolu Agentliyi, TRT media qurumu, “Milliyet”, “Cumhuriyyet”, “Son dakika”, “Haberler.com”, “Ensonhaber”, “Son dakika”, “Haber Global” kimi bir çox media qurumları ölkəmizdə keçirilən parlament seçkiləri ilə bağlı geniş və əhatəli məqalələr dərc edib, reportajlara yayımlayıblar. Yazılan məqalələrdə, paylaşılan verilişlərdə Azərbaycanda baş tutan parlament seçkilərinin azad və demokratik şəraitdə keçirildiyi qeyd edilir və seçicilərin dəstək verdiyi partiyanın Yeni Azərbaycan Partiyası olduğu vurğulanır.

Parlament seçkilərində bir sıra yeniliklər tətbiq olundu

Mövcud fakt ondan ibarətdir ki, sentyabrın 1-də baş tutan parlament seçkiləri bir sıra yenilikləri və dəyişiklikləri ilə yadda qaldı. Əvvəlki seçkilərdə cəmi 600-a qədər veb-kameralara fəaliyyət göstərmişdirsə, budəfəki seçkilərdə onların sayı 1000 çatdırılmışdır. İşğaldan azad edilən ərazilərdə daxil olmaqla bütün ölkə ərazisində seçkilər baş tutdu və 125 seçki dairəsi üzrə 6478 məntəqədə xalq öz iradəsini nümayiş etdirdi. İşğaldan azad edilən ərazilərdə seçki məntəqələrinin sayı isə 55 -ə çatdırılmışdır. Azad edilən ərazilərdə səsvermə hüququna malik seçicilərin sayı isə 42 mindən artıq idi. Deputatlığa namizədlərin sayı isə 990 nəfər idi ki, onlardan 305 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, 684 nəfərin namizədliyi öz təşəbbüsü ilə, 1 nəfərin namizədliyi isə təşəbbüs qrupları tərəfindən irəli sürülmüşdü. Seçkilərlə əlaqədar 598 beynəlxalq müşahidəçi akkreditasiyadan keçmişdi. Onlar 51 beynəlxalq qurumu və 69 ölkəni təmsil edirlər. Qeydiyyatdan keçmiş yerli müşahidəçilərin sayı isə 112 min 749 nəfər idi. Mərkəzi Seçki Komissiyasından verilən məlumata görə, parlament seçkilərində xalqın partiyası olan YAP 68 deputat yerinə sahib olub. 45 nəfər bitərəf namizəd öz dairələrində qalib gəlib. Bundan əlavə, Vətəndaş Həmrəyliyi Partiyası 3, Ədalət, Haqq və Demokratiya Partiyası 2, Böyük Azərbaycan Partiyası 1, Respublikaçı Alternativ 1, Milli Cəbhə Partiyası 1, Demokratik Maarifçilik Partiyası 1, Demokratik İslahatlar Partiyası 1, Böyük Quruluş Partiyası 1 və Milli İstiqlal Partiyası 1 nəfərlə təmsil olunacaq. Beləliklə, Milli Məclisdə 10 siyasi partiya və müxalifətin 12 nümayəndəsi təmsil ediləcək. Bütün bunlar çoxpartiyalı seçim əsasında parlamentin formalaşması deməkdir. Təbii ki, azad və demokratik şəkildə keçilən parlament seçkilərində qalib gəlməklə formalaşan Milli Məclis səmərəli və keyfiyyətli iş fəaliyyəti ilə xalqımıza və dövlətimizə xeyir gətirmiş olacaq. Sentyabrın 1-də həm də Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər keçirildi. Seçkiləri müşahidə edən yerli və xarici müşahidəçilərin birmənalı mövqeyi ondan ibarətdir ki, seçkilər Azərbaycan qanunvericiliyinə uyğun, azad və demokratik şəkildə keçirilib. Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər 45 seçki dairəsi üzrə 331 seçki məntəqəsində keçirilib. Muxtar respublika üzrə ümumi seçicilərin sayı 288 356 nəfər olub. Seçki günü 18 yaşı tamam olan seçicilərin muxtar respublika üzrə sayı 31, seçkilərdə ilk dəfə iştirak edən seçicilərin sayı isə 3891 nəfər olub. Ali Məclisə seçkilərdə deputat mandatı uğrunda 187 nəfər namizəd mübarizə aparıb. Onlardan 41 nəfəri qadındır. Ali Məclisə seçkilərdə müşahidəçi qismində iştirak etmək üçün ümumilikdə 452 nəfər akkreditasiyadan keçib. Azad və demokratik şəraitdə keçən Naxçıvan Ali Məclisinə seçkilərdə 45 nəfər qalib gəlib.

Parlamentin ilk iclası yeni çağırışlarla yadda qaldı

Sentyabrın 23-də yeddinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası keçirilib. Milli Məclisin ən qocaman deputatı kimi iclasa sədrlik edən Ziyad Səmədzadə yeddinci çağırış Milli Məclisin ilk iclasını açıq elan edib və Prezident İlham Əliyevin Milli Məclisin ilk iclasında iştirakını, dəyərli fikirlərini bölüşməsini və proqram xarakterli tövsiyələrini verməsini parlamentin tarixinə yazılan ən mühüm hadisələrdən biri kimi dəyərləndirib. Z.Səmədzadə Dahi Öndərimiz Heydər Əliyevin yolunu layiqincə davam etdirərək Azərbaycanı zirvələrə yüksəltdiyinə, dünyanın sayılıb-seçilən dövlətlərindən birinə çevirdiyinə görə deputatlar adından Prezident İlham Əliyevə təşəkkürünü bildirib və Ona gələcək işlərində yeni böyük uğurlar arzulayıb. YAP-dan Milli Məclisə seçilmiş deputatlar parlamentdə çoxluq hüququndan istifadə edərək və partiya Sədrinin tövsiyəsini nəzərə alaraq, Milli Məclisin sədri vəzifəsinə deputat Sahibə Qafarovanın namizədliyi irəli sürülüb və gizli səsvermə ilə o parlamentin sədri seçilib. Sahibə Qafarova çıxış edərək parlamentin sədri kimi öhdəsinə düşən vəzifələri layiqincə yerinə yetirmək üçün bütün bilik və bacarığını sərf edəcəyini söyləyib və YAP-ı Milli Məclisin rəhbərliyində təmsil edərkən güclü və nüfuzlu qanunvericilik orqanı barədə partiyanın ideyalarını reallaşdırmağa çalışacağını vurğulayıb: “Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olan YAP Prezident İlham Əliyevin rəhbərliyi ilə cəmiyyətimizin siyasi inkişafında, dövlətimizin strateji hədəflərinin əldə edilməsində, sosial həmrəyliyin möhkəmləndirilməsində önəmli rol oynayır. 2024-cü ilin parlament seçkilərinin ölkəmizin demokratik inkişafı yolunda irəliyə doğru mühüm addım olduğunu, ölkəmizin siyasi sisteminin yetkinliyini və cəmiyyətimizdə cərəyan edən demokratik proseslərin sabit, davamlı olduğunu göstərir”. S.Qafarova seçkilərin ən yüksək standartlara uyğun şəkildə azad, ədalətli və şəffaf şəraitdə keçirilməsinin xalqımızın iradəsinin dəqiq ifadə olunmasını təmin etdiyini deyib.

Parlamentin iclasında Milli Məclis sədrinin birinci müavininin seçilməsi məsələsinə baxılıb və açıq səsvermə yolu ilə Əli Cavad oğlu Əhmədov parlament sədrinin birinci müavini seçilib. Ziyafət Abbas oğlu Əsgərov, Musa Cəfər oğlu Qasımlı və Rafael Baba oğlu Hüseynov Milli Məclis sədrinin müavinləri seçiliblər. İclasda həmçinin komitə sədrləri və sədr müavinləri də seçilib. Beləliklə, parlamentin ilk iclası uğurla başa çatıb. İclasda uzun müddətdə yaddaşlardan silinməyəcək və kitablarda əksini tapacaq hadisə isə Fateh Sərkərdə, Prezident İlham Əliyevin çıxışı oldu.

Prezident növbəti 5 il üçün parlamentin hansı işlər görməli olduğunu göstərdi

Parlamentin ilk iclasında iştirak edən Prezident İlham Əliyev çıxışında deputatları təbrik edib və əmin olduğunu bildirib ki, Milli Məclis və onun deputatları öz işi ilə ölkəmizin hərtərəfli inkişafına öz töhfəsini bundan sonra da verəcək və Azərbaycanın dayanıqlı inkişafı təmin ediləcək: “Builki prezident və parlament seçkiləri müstəqil ölkəmizin tarixində ilk dəfə idi ki, ölkəmizin bütün ərazisində keçirilmişdir. Bu, tarixi hadisədir. İkinci Qarabağ müharibəsi və suverenliyimizin tam bərpa edilməsi dünya miqyasında tarixi hadisədir. Azərbaycan xalqı güclü iradə, birlik göstərərək 30 il davam edən işğala son qoydu. Azərbaycan dövləti öz gücünü göstərdi, xalqımız isə bütün dünyaya öz əyilməz ruhunu göstərmişdir. Ona görə əminəm ki, 2024-cü il bu baxımdan tarixdə qalan il olacaq. Çünki prezident və parlament seçkiləri bütün ərazilərdə keçirilərək bir daha Azərbaycan xalqı öz iradəsini ortaya qoydu”. Prezident İlham Əliyev 44 günlük Vətən savaşından və 23 saat 44 dəqiqə çəkən antiterror əməliyyatlarından danışıb. Bildirib ki, İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı nəticəsində suverenliyimizin tam bərpa edilməsi ölkə qarşısında yeni imkanlar, yeni üfüqlər açır: “30 ilin işğalı arxada qaldı. İndi ölkəmiz genişmiqyaslı quruculuq, inkişaf işinə qədəm qoymuşdur və nəticələr də göz qabağındadır. Son 3-4 il ərzində ölkəmizin beynəlxalq mövqeləri daha da möhkəmləndi. İkinci Qarabağ müharibəsinin və antiterror əməliyyatının nəticələrini biz bütün dünyaya qəbul etdirə bildik. Halbuki bunu qəbul etmək istəməyən ölkələr və dairələr var idi, bu gün də var. Biz hamımız bunu yaxşı görürük ki, bizə qarşı əsassız ittihamlar, ikili standartlar əsasında qurulmuş ittihamlar davam edir. Ancaq bu, nə bizim iradəmizə, nə xalqımızın iradəsinə heç cür təsir edə bilməz”. Prezidentimiz qarşıda duran vəzifələrdən və görülməsi vacib olan işlərdən danışarkən qeyd edib ki, ölkə qarşısında böyük vəzifələr durur, ilk növbədə, Qarabağı və Şərqi Zəngəzuru bərpa etmək vəzifəsi: “Ancaq əgər biz hərbi sahəyə diqqətimizi azaltsaq və oraya ayrılan vəsaiti lazımi səviyyədə təmin etməsək, gələcəkdə bizi problemlər gözləyə bilər.

Ermənistanda revanşist qüvvələr baş qaldırır. Bu, təkcə marginal siyasi ünsürlər deyil, eyni zamanda, bugünkü Ermənistan hakimiyyəti bu fikirlərlə, bu xülyalarla yaşayır. Onlar İkinci Qarabağ müharibəsinin və antiterror əməliyyatının nəticələri ilə barışmaq istəmirlər. Üzdə bunu desələr də, onların işləri, siyasətləri, addımları tam əks mənzərə yaradır. Bu günə qədər heç bir funksional mahiyyət daşımayan Minsk qrupunun formal olaraq saxlanması da məhz buna dəlalət edir. Hər kəs yaxşı bilir Minsk qrupu nə üçün yaradılmışdır - Qarabağ münaqişəsinin həlli üçün. Qarabağ münaqişəsi həll olunub, tam və birdəfəlik. Ermənistanın rəsmi dairələri də öz bəyanatları ilə sanki bunu etiraf edirlər. Amma bununla paralel olaraq, bizim bütün təkidlərimizə rəğmən, Minsk qrupunu yenə də formal olaraq saxlamaq, ancaq bir məqsədi güdə bilər ki, yenidən bizə qarşı ərazi iddiaları baş qaldırsın. Ermənistanın arxasında dayanan ölkələr, onların fəaliyyəti, onların qəbul etdikləri qərarlar, qətnamələr, açıqlamalar - bütün bunlar onu göstərir ki, bizə qarşı bu çirkin oyun hələ bitməyib. Bizim Qələbəmizi həzm edə bilməyən xarici dairələr bizə qarşı yeni planlar hazırlayır. Bu barədə geniş danışmağa ehtiyac yoxdur. Ancaq əldə edilmiş məlumatlar bunu göstərir. Media kampaniyasının, qarayaxma, iftira, böhtan kampaniyalarının da məqsədi məhz budur - bu mövzunu daim gündəlikdə saxlamaq və ümidlə yaşamaq ki, nə vaxtsa Azərbaycan büdrəsə, zəifləsə, yenidən bizə qarşı bu çirkin hərəkətlər başlasın. Yəni, biz bunu bilməliyik. Azərbaycan iqtidarı bunu bilir, ictimaiyyət də bunu bilməlidir. Ona görə bizim arxayınlaşmağa heç cür haqqımız yoxdur”.

Ali Baş Komandan, Fateh Sərkərdə İlham Əliyev ideoloji təhlükəsizliklə bağlı məsələlərdə daim diqqətli olmağın vacibliyini söyləyib: “Çünki bizə qarşı ideoloji təxribatlar davam edir. Düzdür, onların bu günə qədər heç bir nəticəsi olmayıb, çünki bunların qarşısında xalqımızın güclü iradəsi və milli ruhumuz dayanır. İstənilən ideoloji təxribatın burada kök salması qeyri-mümkündür. Ancaq bununla bərabər, bu, bizi sakitləşdirməməlidir. Ona görə biz buna daim hazır olmalıyıq və bizə qarşı aparılan çirkin oyunları ifşa etməliyik, necə ki, edirik, həm rəsmi surətdə, həm ictimai məkanda, həm də media məkanında. Hesab edirəm ki, Azərbaycan xalqı bu gün hər şeyi yaxşı görür, hər şeyi yaxşı bilir - bizim dostumuz kimdir, düşmənimiz kimdir. Əsas meyar ölkələrin bizim suverenliyimizin bərpasına olan münasibətidir, daha başqa uzağa getmək lazım deyil. Bizi kim dəstəkləyib, suverenliyimizin bərpa edilməsində kim təbrik edib? Bu, bizim dostlarımızdır. Buna qarşı kim çıxıb və kim çıxır? Bunlar bizə dost ola bilməzlər. İşğal dövründə bu, o qədər də aydın deyildi. Yəni, bizim üçün aydın olsa da, geniş ictimaiyyət üçün aydın deyildi. Çünki vaxtilə xarici təbliğat Azərbaycanda o qədər kök salmışdı, özü də bir mənbədən yox, bir neçə mənbədən. Bir-biri ilə rəqabət aparan xarici qüvvələr və ölkələr çalışırdılar ki, Azərbaycanda ictimai fikirdə söz sahibi olsunlar. İstəyirdilər ki, onların əlaltıları vasitəsilə bizim media məkanında istənilən təxribatı ortaya ataraq, vəziyyəti öz xeyrinə dəyişdirsinlər. Yəni, belə cəhdlər çox olub, amma güclü iradə və xalqımızın birliyi buna imkan verməyib. Bu gün də bu davam edir. Ona görə yenə də deyirəm, çox sadə meyarlar var. Kim bizimlə Qarabağın Azərbaycana qaytarılmasına sevinirsə, o, bizim dostumuzdur, qardaşımızdır. Kim bundan məyus olub və kim bu gün yenidən separatçılara ürək-dirək vermək istəyir, kim onları xarici ölkələrə dəvət edir, kim onlara vizalar verir, kim bizə qarşı müxtəlif alətlər vasitəsilə qarayaxma kampaniyası aparır, o, necə bizim dostumuz ola bilər? Ona görə hər şeyin, necə deyərlər, açıq-aydın görünməsi bu gün daha aydındır. Çünki yenə də deyirəm, işğal dövründə bizə qarşı bu qədər açıq, təxribat xarakterli addımlar olmamışdı. Çünki o işğal bizə qarşı olan qüvvələri tam qane edirdi - Azərbaycan dövləti daim təzyiq altında olsun, daim hansısa vasitəçilərə möhtac olsun, daim xalqımız mənəvi əzab çəksin, qaçqınlıq əzabı. Torpaqlarını itirmiş xalqın duyğularını başa düşmək üçün böyük ağıla malik olmaq lazım deyil. Yəni, biz bu bəladan canımızı qurtardıq və bizə qarşı olan anti-Azərbaycan qüvvələrin maskaları dərhal yırtıldı və bu gün də biz bunu görürük. Mən hesab edirəm ki, ad çəkməyə ehtiyac yoxdur, hər kəs hər şeyi görür. Ona görə ideoloji təhlükəsizlik məsələləri də daim diqqət mərkəzində olmalıdır, həm dövlət qurumlarının, həm qanunvericilik orqanının, həm də ictimai fəalların. Biz bu məsələ ilə əlaqədar əlbəttə ki, öz addımlarımızı atırıq və atacağıq”. Prezident İlham Əliyev COP29 konfransının Azərbaycanda keçirilməsindən danışarkən qeyd edib ki, COP29-un Azərbaycanda keçirilməsi 200-ə yaxın ölkə tərəfindən yekdilliklə qəbul edilmiş qərardır və bizim beynəlxalq nüfuzumuzu, hörmətimizi göstərən vacib amildir: “Bundan sonra da xarici siyasətdə geriyə heç bir addım olmayacaq. Dostlarımızın bütün qitələrdə sayı artır. Biz indi - İkinci Qarabağ müharibəsindən və suverenliyimizi bərpa edəndən sonra daha fəal xarici siyasət aparacağıq. Vaxtilə mövcud olmadığımız bölgələrlə indi çox ciddi təmaslar qurulur, həm sərmayə qoyuluşu layihələri nəzərdən keçirilir, eyni zamanda, müxtəlif sahələrdə əməkdaşlıq üçün yeni imkanlar yaranır. Təbii olaraq, ənənəvi tərəfdaşlarımızla, dostlarımızla münasibətlərimiz yerindədir və daha da inkişaf edir və edəcək”.

İLHAM ƏLİYEV

Seçilən
151
29
sesqazeti.az

10Mənbələr