AZ

"Qarabağ gecəsi - Şuşa" adlı xeyriyyə konserti baş tutub

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Qarabağ Dirçəliş Fondunun təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Şuşa Şəhər Dövlət Qoruğu İdarəsinin dəstəyi ilə bu günlərdə ölkəmizin musiqi beşiyi sayılan Şuşa şəhərində "Qarabağ gecəsi - Şuşa" adlı xeyriyyə konserti keçirilib.
Fondun Mətbuat Xidmətindən Oxu.Az-a bildirilib ki, Üzeyir Hacıbəyli XVI Beynəlxalq Musiqi Festivalı çərçivəsində keçirilən və QDF tərəfindən "YAMAHA" istehsalı olan böyük konsert royalının Şuşa şəhərinə hədiyyə edilməsinə həsr olunan konsertdə dövlət rəsmiləri, fondun donor və tərəfdaşları, tanınmış mədəniyyət və incəsənət xadimləri və Şuşa sakinləri iştirak ediblər.
Tədbirdə çıxış edən Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev konsertin əsas məqsədi barədə məlumat verib:
"Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuzun Vətən müharibəsində qazandığı möhtəşəm qələbədən sonra işğaldan azad edilən ərazilərdə irimiqyaslı tikinti-quruculuq işləri aparılır. Artıq ənənə halını alan "Qarabağ gecəsi" xeyriyyə konserti də doğma Qarabağın bərpası istiqamətində görülən işlərə dəstək olmaq məqsədilə keçirilir.
Bu konsert artıq 3 dəfə Bakı və Gəncə şəhərlərində keçirilib və məhz onun keçirilməsindən əldə edilən ianələr hesabına bu gözəl royal musiqi aləti alınaraq Şuşa şəhərinə hədiyyə edilib. Onu da bildirim ki, həm öncəki konsertlər, həm də bugünkü konsert maestro Fərhad Bədəlbəylinin təşəbbüsü ilə keçirilib".
Azərbaycan Respublikasının Xalq artisti, Bakı Musiqi Akademiyasının rektoru, Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının üzvü Fərhad Bədəlbəyli çıxış edərək "Qarabağ gecəsi" xeyriyyə konserti ilə bağlı fikirlərini bölüşüb, onun işğaldan azad edilmiş ərazilərimizdə mədəni irsimizin bərpasına verdiyi töhfəni xüsusi olaraq vurğulayıb.
Çıxışlardan sonra tədbir bədii hissə ilə davam edib. Xalq artistləri Fərhad Bədəlbəyli və dünyaşöhrətli tenor Yusif Eyvazov, solistlər Yeganə Axundova (piano), Gülnaz İsmayılova (soprano) və digərləri, eləcə də Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru, Əməkdar artist Fuad İbrahimovun rəhbərliyi ilə Bakı Kamera Orkestri bir saatdan artıq davam edən konsert zamanı qonaqlara əsl musiqi ziyafəti yaşadıblar.
Seçilən
121
50
oxu.az

10Mənbələr