Azərbaycan və Ermənistan sülhlə bağlı Sazişin yekunlaşdırılması üçün əlavə səylərin göstərilməsi barədə razılığa gəliblər.
Milli.Az xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında ABŞ dövlət katibi Antoni Blinkenin təşəbbüsü və iştirakı ilə Nyu Yorkda keçirilən görüşün yekunları ilə bağlı XİN-in bəyanatında deyilir.
"Tərəflər mümkün qısa müddət ərzində Sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Sazişin yekunlaşdırılması üçün əlavə səylərin göstərilməsi barədə razılığa gəliblər. Azərbaycan və Ermənistan tərəfləri görüşü təşkil etdiyinə görə dövlət katibinə minnətdarlıq bildiriblər", - deyə bəyanatda bildirilir.
Qeyd edək ki, bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində ABŞ dövlət katibi Antoni Blinkenin təşəbbüsü və iştirakı ilə Nyu Yorkda görüş keçiriblər.
Xatırladaq ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri bu il iyulun 10-da Vaşinqtonda NATO-nun 75 illiyinə həsr olunmuş sammit çərçivəsində görüşüblər.
Tərəflər sülh sazişi üzərində işi davam etdirmək barədə razılığa gəliblər.
Onlar Azərbaycan və Ermənistanın tarixi sülh sazişinin bağlanması və dövlətlərarası münasibətlərin qurulması istiqamətində əldə etdiyi irəliləyişləri qeyd ediblər və bu istiqamətdə işi davam etdirmək barədə razılığa gəliblər.