Bakı, 27 sentyabr, AZƏRTAC
1988-ci ildən etibarən Azərbaycan xalqının və bir-birini əvəz edən hakimiyyətlərin qarşısında dayanan başlıca vəzifələr Ermənistandan - tarixi torpaqlarından, dədə-baba yurdlarından vəhşicəsinə qovulan soydaşlarımızın problemlərini həll etmək, Ermənistanın Azərbaycanın daxili işlərinə müdaxiləsini dayandırmaq, hərbi təcavüz nəticəsində işğal olunmuş torpaqları azad etmək, ərazi bütövlüyünü və dövlət suverenliyini bərpa etmək idi.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclis sədrinin müavini professor Musa Qasımlı söyləyib. Professor qeyd edib ki, 1988-1993-cü illərdə Azərbaycanda bir-birini əvəz edən bacarıqsız rəhbərlər bu vəzifələrin öhdəsindən gələ bilmədilər: “Ərazilər bir-birinin ardınca işğal edildi, qaçqın və məcburi köçkünlər ordusu yarandı, ölkə inkişafdan geri qaldı, ümumi böhran yarandı. Azərbaycan dövlət müstəqilliyini itirmək, xaricdən dəstəklənən separatçılıq nəticəsində parçalanmaq təhlükəsi ilə üzləşdi. Belə bir vaxtda xalqın tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev təkcə dövləti dağılmaqdan, ölkəni parçalanmaqdan xilas etmədi, eyni zamanda, Ermənistanın hərbi təcavüzünü dayandırmaqdan və əraziləri işğaldan azad etməkdən ötrü müəyyənləşdirdiyi strategiyasını ardıcıl olaraq həyata keçirməyə başladı. Ölkədə yaranmış ağır şəraiti real qiymətləndirən Heydər Əliyev 1994-cü ilin may ayında atəşkəsə nail oldu. Ancaq buna qədər, yəni 1993-cü ilin sonu-1994-cü ilin əvvəllərində uğurlu Horadiz əməliyyatı nəticəsində ərazilərin bir qisminin işğaldan azad edilməsi ilə düşmənə və bütün dünyaya göstərildi ki, Azərbaycan xalqı və dövləti torpaqlarının işğal altında qalması ilə qətiyyən barışmayacaq, bütün vasitələrlə onu azad edəcək. Atəşkəsə gedərkən Heydər Əliyevin başlıca məqsədi ordu qurmaq, bərbad halda olan ölkəni inkişaf etdirmək, fəal xarici siyasət yürüdərək tərəfdaşlar qazanmaq və əraziləri işğaldan qurtarmaqdan ötrü etibarlı zəmin hazırlamaq idi”.
Milli Məclis sədrinin müavini vurğulayıb ki, 2003-cü il oktyabrın 15-də Prezident seçilən İlham Əliyev bütün ikitərəfli və beynəlxalq görüşlərdə qətiyyətlə bildirdi ki, Azərbaycan xalqı və dövləti ərazilərinin işğal altında qalması ilə heç vaxt barışmayacaq, torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına icazə verməyəcək və istənilən vasitələrlə onu azad edəcək. Bundan ötrü daxili və xarici siyasət sahəsində inanılmaz fəaliyyət həyata keçirildi.
“2016-cı ilin Aprel döyüşləri nəticəsində ərazilərinin bir hissəsini azad etməklə Azərbaycan dövləti işğalla qətiyyən barışmayacağını düşmənə və dünyaya qəti şəkildə çatdırdı. Aprel döyüşləri 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan Qələbənin baş məşqi oldu.
Azərbaycan dövlətinin münaqişəni dinc yolla həll etmək səylərinə baxmayaraq, Ermənistanın Baş naziri Nikol Paşinyan “Qarabağ Ermənistandır. Nöqtə” deməklə məsələnin dinc, danışıqlar vasitəsilə tənzimlənməsi mümkünlüyünə son qoydu. Prezident İlham Əliyev tutarlı cavabları ilə onu rəzil etdi. Lakin Ermənistan yenə də təxribatlarını davam etdirərək 2020-ci ilin iyul ayında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu hissəsində təxribat törətdi. Qarşısı qətiyyətlə alınan düşmən yerində oturdulsa da, sentyabr ayında yenidən təxribatlar etdi.
Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşən Azərbaycan xalqı düşmənə layiq olduğu cavabı vermək qərarına gələrək müharibəyə qalxdı. 2020-ci ilin 27 sentyabrı unudulmaz tarixi gündür. Həmin gündən noyabrın 10-dək davam edən 44 günlük Vətən müharibəsi və 2023-cü il sentyabrın 19-20-də 23 saat sürən lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycan qarşısına qoyduğu vəzifələrin həllinə nail oldu”, - deyə Milli Məclis sədrinin müavini bildirib.
Professor Musa Qasımlı vurğulayıb ki, Şuşa şəhərinin azad edilməsi ilə düşmənin beli qırıldı. Rusiyanın vasitəçiliyi ilə imzalanan üçtərəfli bəyanat Ermənistanın danışıqsız təslimolma aktı idi. Müharibə nəticəsində Azərbaycanın ərazi bütövlüyü bərpa edildi. 1920-ci ilin əvvəllərindən etibarən süni şəkildə siyasi leksikona daxil edilmiş “Dağlıq Qarabağ” ifadəsi tarixin zibilliyinə atıldı. Bu, 100 ilin kobud səhvinin Prezident İlham Əliyev tərəfindən düzəldilməsi və tarixi zəfərdir: “Müharibə Prezident İlham Əliyevin mahir hərbi strateq, komandan olduğunu göstərdi. Siyasi, diplomatik və informasiya savaşının da tək komandanı Prezident İlham Əliyev oldu.
Qazanılan Qələbə o zamana qədər Prezident İlham Əliyevin liderliyində yürüdülən daxili və xarici siyasətin düzgünlüyünü, mükəmməlliyini göstərdi. Bu Qələbə Azərbaycan iqtisadiyyatının, Silahlı Qüvvələrinin, dövlət idarəetmə sisteminin, siyasətinin, diplomatiyasının, ideologiyasının, milli-mənəvi ruhunun düşmən üzərində parlaq qələbəsi idi”.
Musa Qasımlı diqqətə çatdırıb ki, Ermənistan məğlub olmasına baxmayaraq üçtərəfli Bəyanatın şərtlərini yerinə yetirmədi: “Bütün çağırışlara məhəl qoymayan İrəvan silahlı qruplaşmalarını və terrorçu dəstələrini Azərbaycanın ərazilərindən çıxarmadı.
Müzəffər Ali Baş Komandan İlham Əliyev böyük alicənablıq göstərərək Ermənistana sülh əlini uzatsa da, bu ölkə sanki məğlub olmayıbmış kimi özünü aparmağa, gücü olmasa belə, xarici havadarlarının təhriki ilə yenidən meydan oxumağa başladı və təbii sərvətlərin talanmasını davam etdirdi. Buna etiraz olaraq ekofəalların keçirdiyi aksiyaları nəticə vermədikdə Azərbaycan dövləti aprelin 23-də Ermənistanla sərhəddə Laçın rayonunda Həkəri çayının üstündə körpüdə nəzarət-buraxılış məntəqəsini yaratmaqla dövlət sərhədləri üzərində nəzarəti tam bərqərar etdi. Azərbaycan Respublikasının 1991-ci ildən sonra ilk dəfə olaraq dövlət sərhədlərinə nəzarəti tam həyata keçirilməyə başlaması Prezident İlham Əliyevin misli görünməmiş tarixi qələbəsidir.
Bundan sonra da Azərbaycan rəhbəri Ermənistana müraciət edərək silahlı qüvvələrini və terrorçu dəstələrini çıxarmağa, bütün məsələləri dinc, danışıqlar yolu ilə həll etməyə çağırsa da, Ermənistan yenə kənar qüvvələrin təsiri altında Azərbaycana qarşı böhtan, qarayaxma kampaniyasına başladı və “humanitar yardım” adı altında sərhəddə təxribat törətməyə cəhd etdi. Bu işə Fransa da qoşuldu. Prezident İlham Əliyev nüvə dövləti, BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan Fransanın beynəlxalq hüquqa zidd hərəkətlərini qətiyyətlə rədd edərək göstərdi ki, dövlətin böyüklüyü ərazisinin həcmi, əhalisinin sayı ilə ölçülmür. Bu, Prezident İlham Əliyevin üstün zəkasının təntənəsi idi.
Azərbaycanın yenidən uzatdığı sülh əlini qəbul etməyən ermənilər öz xislətlərinə uyğun olaraq bütün dünyada haray-həşir qopardıqda, terror aktlarını həyata keçirdikdə “sərt güc”dən istifadə edildi. Təcavüzkar Ermənistanın işğal nəticəsində qurduğu separatçı, terrorçu rejim Azərbaycan dövlətinin ötən il sentyabrın 19-20-də həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən sonra şərtləri qəbul etdi, ağ bayraq qaldırdı. Terrorçu qrupların və separatçıların təslim olması ilə Azərbaycan dövləti bütün ərazilərində suverenliyini bərpa etdi. Bu Zəfər ilə Azərbaycan tarixində yeni dövr başlandı. Dinc quruculuq dövrünə qədəm qoyuldu. Keçmiş məcburi köçkünlər planlı şəkildə doğma yurdlarına dönməyə başladılar”.
Dövlət müstəqilliyi bərpa edildikdən sonra bu il ilk dəfə ölkəmizin bütün suveren ərazisində prezident və parlament seçkilərinin keçirildiyini xatırladan Milli Məclis sədrinin müavini deyib: “2024-cü ilin fevralında keçirilən növbədənkənar prezident seçkilərində İlham Əliyev Xankəndidə səs verdi. Özünün dediyi kimi, səsvermə qutusuna atdığı bülleten sadəcə bülleten deyil, erməni separatçılığının tabutuna vurduğu son mismar, uydurma “böyük Ermənistan” iddialarını, “Miatsum” sayıqlamalarını dəfn etməsi, dünya erməniliyini və havadarlarının ayaqları altında əzib tapdalaması idi.
Beləliklə, işğalçı ölkə əzildi, orta əsrlərin “səlib yürüşləri”ndən başlayan, dünya erməniliyinin və havadarlarının XVIII əsrdən etibarən qurduqları planlar darmadağın edildi və Azərbaycan xalqının arzuları, xəyalları gerçəkləşdirildi. Bu qələbə Ermənistanı müdafiə edən dövlətlər, təşkilatlar, lobbi qrupları üzərində tarixi Zəfərdir.
Xocalı soyqırımı qurbanlarının, Vətən şəhidlərinin, həyatlarını itirmiş günahsız insanların ruhları şaddır. Onların qanı hədər getmədi, arzuları gerçəkləşdi, Azərbaycanın Dövlət Bayrağı bütün ərazilərimizdə dalğalanır.
Azərbaycan xalqının və dövlətinin uzun illərdən bəri olan arzularını və xəyallarını gerçəkləşdirən Prezident İlham Əliyev gələcək nəsillərə model verdi, dünyanın harasında yaşamasından asılı olmayaraq başını dik tutaraq yaşamağı öyrətdi. Zəkası, qətiyyəti, cəsarəti və yenilməz iradəsi ilə dünyaya möhtəşəm Azərbaycanlı obrazı təqdim edən Prezident İlham Əliyev göstərdi ki, Azərbaycanın haqq işindən heç vaxt geri çəkilməz.
Qazandığı qələbə ilə yüzilliklər boyu Türk dünyasına qarşı quraşdırılan çirkin oyunları darmadağın edən Prezident İlham Əliyev onlara da yol göstərdi və başlarını uca etdi. Əzilən xalqlar üçün Prezident İlham Əliyev haqq, ədalət rəmzidir.
Prezident İlham Əliyevin dediyi kimi, bundan sonra Azərbaycan xalqı qalib xalq kimi yaşayacaq. Tarixinin ən güclü dövrünü yaşayan Azərbaycan xalqı və dövləti geniş üfüqlər astanasındadır”.