Artıq regionda Ermənistanın xoşməramlılığı ilə deyil, Azərbaycanın hərbi və məcburi tədbirləri sayəsində əldə olunmuş faktiki sülh var.
News365.az xəbər verir ki, bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İtaliyanın aparıcı mətbu orqanlarından olan “La Repubblica” qəzetinə müsahibəsində deyib.
"Otuz il ərzində münaqişənin həlli istiqamətində nəzərəçarpacaq nəticə əldə edilmədiyi üçün 2020-ci və 2023-cü illərdə biz Ermənistanın işğal etdiyi Qarabağ torpaqlarını azad edən və bununla da ərazi bütövlüyümüzü bərpa edən iki hərbi əməliyyat keçirməyə məcbur olduq. Biz müharibədə qalib gəldik, indi sülhü də əldə etmək istəyirik.
Biz sülhə həmişəkindən daha yaxınıq, lakin hələ də qarşıda maneələr var. Birincisi, Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan Ermənistan konstitusiyasıdır. Onun preambulası erməni dilində Qarabağın Azərbaycan ərazilərinin Ermənistana “birləşdirilməsi” mənasını verən “Miatsum” sözü yazılan müstəqillik bəyannaməsinə istinad edir. Biz təkcə Ermənistan hökuməti ilə deyil, həm də Azərbaycanda ərazi iddialarından əl çəkərək konstitusiyaya dəyişiklik edilməsi üçün referendum keçirilməsi tələbi ilə səsini ucaltmalı olan erməni xalqı ilə də sülh razılaşması əldə etmək istəyirik. Sülh müqaviləsi kağız parçası deyil, Ermənistanda heç kimin bir daha Azərbaycana qarşı regionda sülhü təhdid edən revanşizmə əl atmayacağına zəmanət olmalıdır", - PA rəsmisi qeyd edib