İraqın Baş naziri Məhəmməd Əs-Sudani İsrail hücumu nəticəsində həlak olan Livanın "Hizbullah" hərəkatının baş katibi Həsən Nəsrullahın xatirəsinə üç günlük matəm elan edib.
Oxu.Az bildirir ki, bu barədə İraq hökumət başçısının Mətbuat Xidməti məlumat yayıb.
"Baş nazir Məhəmməd əs-Sudani cinayətkar sionist təcavüzü nəticəsində şəhid olan "Hizbullah"ın baş katibi Həsən Nəsrullahın xatirəsinə İraq ərazisində üç günlük ümumi matəm keçirilməsi barədə sərəncam verib", - deyə bəyanatda bildirilir.
Qeyd edək ki, İsrail Müdafiə Ordusu (SAXAL) Beyrutun cənub ətrafına edilən hava hücumu nəticəsində şeyx Nəsrullahın öldürüldüyünü xəbər verib. Hücum cümə günü "Hizbullah" rəhbərliyinin müşavirəsi zamanı baş verib.