zərbaycanın aparıcı korporativ maliyyə institutu “PAŞA Bank”ın KOS və KİB Rəqəmsal Məhsul üzrə aparıcı direktoru Heydər Süleymanov ilə müsahibə:
Hörmətli Heydər bəy, bugünkü müsahibəmizdə kiçik və orta sahibkarlığın (KOS) inkişafı üçün “PAŞA Bank”ın təqdim etdiyi xidmət və maliyyə alətlərinin, o cümlədən bizneslərin səmərəli idarə olunmasında rəqəmsal faktorinq məhsulunun faydaları və onun əhəmiyyətinə nəzər salacağıq. Bu məhsul hansı növ bizneslər üçün nəzərdə tutulur və başqa maliyyə alətlərindən hansı üstünlükləri ilə seçilir?
Faktorinq məhsulu xidmət göstərən və ya məhsul istehsal edib iri şirkətləri və şəbəkələri təchiz edən biznes növləri üçün rahat maliyyəşmə növüdür. Bu məhsulun digər maliyyə alətlərindən üstünlüyü onun girovsuz, maliyyə analizi olmadan, ən sərfəli illik faiz dərəcəsi ilə müştərilərə təqdim edilməsidir. Bununla biznes sahibləri malı, xidməti təqdim etdikdən dərhal sonra qaiməni “PAŞA Bank”a yönəltməklə, alıcılarından gözlədikləri vəsaiti daha qısa müddətdə əldə edə bilirlər. Bu məhsuldan əczaçılıq, qida, kənd təsərrüfatı, tikinti, yükdaşıma sektoru, mehmanxana və restoran şəbəkələrinə mal və ya xidmət təchiz edən şirkətlər yararlana bilər.
Ümumi olaraq, faktorinq nağd pul axınını idarə etmək və inkişaf etdirmək üçün əhəmiyyətli maliyyə alətidir. Faktorinq debitor borclardan azad olaraq dərhal pul qazanmağa imkan verir, bu da nağd pul dövriyyəsini tənzimləyir və likvidliyi təmin edir. Bu maliyyə aləti əlavə borc götürmədən işlək kapitala çevik çıxış imkanı yaradır ki, bu da öz növbəsində əməliyyat xərclərini ödəmək və inkişafı təmin etmək üçün çox mühümdür. Faktorinq xidməti sayəsində, bizneslər daha çox əməliyyatlara və inkişaf strategiyalarına fokuslanırlar.
Bu məhsul digər maliyyə alətləri ilə müqayisədə likvidliyin artırılması və borc ödənişlərinin yönləndirilməsi proseslərini əhəmiyyətli dərəcədə asanlaşdırır. Əlavə olaraq, bank maliyyələşdirilmiş qaimələrin alıcı tərəfindən vaxtında ödənilməsini də nəzarət altına alır; bu isə digər kredit növlərində mövcud olmayan bir xüsusiyyətdir. Faktorinq ənənəvi kredit xəttlərindən daha çevik və KOS-lar üçün daha əlçatan olur, çünki maliyyələşdirmə birbaşa satış gəlirlərinə əsaslanır və biznes vasitəsilə inkişaf edə bilir. Azərbaycan bazarında bu xidmətin bizneslərə təqdim etdiyi üstünlükləri daha geniş tanıtmaq və maarifləndirmə tədbirlərini artırmaq böyük əhəmiyyət kəsb edir. Hesab edirəm ki, “PAŞA Bank”ın innovativ faktorinq məhsulu KOS biznesləri üçün ideal seçimdir.
Bazarda rast gəlinən qaimələrin (invoysların) maliyyələşdirilməsi kimi xidmətlə faktorinq arasında fərq nədir?
Qaimələrin maliyyələşdirilməsi çox vaxt kredit xətti ilə həyata keçirilir, burada borc ödənişləri kredit xətti üzrə aparılır. Faktorinq məhsulu isə konkret təqdim edilən qaimələrin məbləği əsasında maliyyələşdirmə təmin edir və ödənişlər həmin qaimələr üzrə vəsait gəldikdə həyata keçirilir.
Kreditlərdə əsas və faiz ödənişləri hər ay (annuitet tipli) aparılır, bu isə maliyyə istifadəsini məhdudlaşdırır. Faktorinqdə ödənişlər qaimələr əsasında həyata keçirilir, bu da daha çevik maliyyə idarəsini təmin edir. Ənənəvi kreditlərdə isə əlavə sənəd və müraciət prosesləri tələb olunur. Bu məhsul ödənişlərin vaxtında edilməsi üçün nəzarət və dəstək təqdim edir; bu xüsusiyyət ənənəvi kreditlərdə çox vaxt olmur. Faktorinq müştəri ilə bağlanmış müqaviləyə əsaslanır, bu da onu satışlarla əlaqəli maliyyələşdirmə baxımından daha uyğun edir.
Bu fərqlər faktorinq məhsulunun daha rahat və müştəri dostu olduğunu göstərir, eyni zamanda ənənəvi kreditlərdən daha sürətli və səmərəli maliyyələşdirmə imkanı təmin edir.