“7 oktyabr hadisələri İsraili gözlənilmədən yaxalasa da, Təl-Əviv administrasiyası prosesləri artıq tam şəkildə öz nəzarətinə almağa başlayıb”.
Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Oktay Qasımov deyib.
Siyasi təhlilçi “Hizbullah”ın lideri Həsən Nəsrullahın öldürülməsi məsələsindən sonra İsrailin İranın digər proksilərinə qarşı başlatdığı əməliyyatlardan söz açıb.
“O zaman İsrailin baş naziri Benyamin Netanyahu birmənalı şəkildə bəyan etdi ki, bu savaş HƏMAS-ı məhv edənə qədər davam edəcək. Faktiki olaraq, Qəzza zolağında HƏMAS qüvvələrinin ¾-nün sıradan çıxarıldığı məlumdur. O cümlədən, HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə və hərbi qruplaşmanın əsas liderlərinin əksəriyyəti sıradan çıxarılıb”, – O. Qasımov bildirib.
Politoloq əlavə edib ki, bu gün İsrail dövləti artıq bölgədə yeni reallıqları yaradır:
“O cümlədən, uzun müddətdən bəri İsrail İranın proksi qüvvələri sayılan qruplaşmalara qarşı əməliyyatları həyata keçirir və bunun özünümüdafiə hüququ çərçivəsində olduğunu bəyan edir. İsrail ordusu bir daha bütün dünyaya, o cümlədən öz düşmənlərinə qarşı mesaj verdi ki, o, amansız müharibə aparmağa qadirdir və hər an ağır zərbələr endirə bilər. Ona görə də “Hizbullah” rəhbərlərinin əksəriyyəti sıradan çıxarıldı”.
Onun sözlərinə görə, son günlərdə Yaxın Şərqdə ciddi mərhələlər baş verəcək:
“Dünən Yəməndəki husi qruplaşmasına zərbələr endirilib. İsrail istisna etmir ki, növbədə Suriya ərazisində İrana bağlı qüvvələr, Bəşər Əsəd rejimi, habelə İraqdakı “Həşdi Şabi” qruplaşması onun hədəflərində olacaq. Çünki İsrail yarandığı dövrdən bəri təhlükəsizliyi ilə bağlı məsələlərə ciddi şəkildə diqqət yetirən bir dövlətdir və təhlükəsizlik sferasında hansısa bir boşluğun olması İsrail üçün ağır nəticələrə gəlib çıxara bilər”.
Mütəxəssis hesab edir ki, İsrail artıq Yaxın Şərqdə özünün qüdrətini göstərməklə bərabər öz düşmənlərinə qarşı necə sərt rəftar etdiyini də ortaya qoyub:
“Düşünürəm ki, husilərdən sonra, əgər İsrail hesab etsə ki, İraqdakı “Həşdi Şabi” onun təhlükəsizliyinə ciddi təhdid törədir, o zaman təbii ki, onlara qarşı da əməliyyatlar həyata keçirəcək. Əslində, İsrail son bir neçə ayda bütün dünyaya göstərdi ki, o, dünyanın istənilən nöqtəsində və ətrafında özünə təhlükə yaradan qüvvələr və şəxslərə qarşı əməliyyatlar keçirmək qüdrətindədir. Necə ki, Tehranda HƏMAS lideri aradan götürüldüsə, “Hizbullah” liderinin bunkerdə vurulması İsrailin gücünü göstərdi.
İsrail faktiki olaraq son 2 ayda Yaxın Şərqdə vəziyyəti ciddi şəkildə öz lehinə çevirib və təhlükəsizliyi ilə bağlı bir çox məqamlarda radikal addımlar atır. Bu gün heç bir lakonik qüvvə İsrailə qarşı yönəlmiş təhdidlərin Təl-Əvivin aradan qaldırmasına mane ola bilməz. Necə ki, ABŞ bir çox məqamlarda İsraili əngəlləməyə çalışsa da, bunu bacara bilmədi”.
Rafi Müslümov