AZ

Paşinyanın sərəncamında aydan bir az artıq vaxt var...

Ötən həftə Azərbaycan-Ermənistan diplomatiya müstəvisində bir neçə görüşün anonsu verildi.  Belə ki, sentyabrın 26-da tərəflərin xarici işlər nazirlərinin görüşü keçirildi, oktyabrda isə parlament spikerlərinin görüşünün baş tutacağı bildirildi.

Doğrusu, biz bu görüşlərə bir az skeptizmlə yanaşırıq və yaxın aylardakı, bir az da dəqiq olsaq, ilin sonuna qədərki proseslərin ciddi təhlili bizim heç də əsassız olmadığımızı deməyə əsas verir.

Əlbəttə, Qərb, xüsusən də ABŞ diplomatları bir qədər fərqli yanaşırlar məsələyə, onlar daim belə hesab edirlər ki, əgər tərəflər arasında dialoq varsa, deməli, işlər qaydasındadır və proses gedir.

Amma burada xatırlayaq ki, İkinci Qarabağ savaşına qədər Azərbaycan və Ermənistan təmsilçilərinin arasında onlarla görüş keçirilmişdi. Fəqət, onların hansının nəticəsi oldu? Əlbəttə, bu, amerikalı diplomatları elə də qayğılandırmır, onlar üçün bəlkə də ən əsası görüntüdür. Bəli, keçirilən görüşlərdəki gurultulu bəyanatlar, mediada yayılan fotolar - onlar üçün, bir daha deyirik ki, əsası budur, xüsusən də böyük seçkilər ərəfəsində...

Elə bu səbəbdən də biz bir az pessimistik. Detallarına varsaq, birincisi ona görə ki, Ermənistan hələ də gələcək sülh sazişinin bütün maddələrini qəbul etməyə tələsmir, tərəflər arasında sazişin üç maddəsi çox böyük bir müşkülə çevrilib, İrəvan bunları qəbul etmir ki, etmir. Bu yaxınlarda hətta erməni baş naziri Paşinyan qəbul olunmuş on üç maddə əsasında sülh sazişini imzalamağa çağırdı və əlbəttə ki, Bakı haqlı olaraq bununla razılaşmadı, çünki Azərbaycan tərəfi Ermənistanın işini asanlaşdırmaq üçün bu vaxta qədər xeyli güzəştə gedibdir, sərhədlərlə bağlı məsələləri, Naxçıvana dəhlizin açılmasını gələcək sazişin konteksindən çıxarıb ki, sülh prosesi sürətlənsin.

İkincisi, zaman keçdikcə tərəflər arasındakı ziddiyyətli düyünlər nəinki azalmır, hətta bir az da artır.

Məsələn, indi geniş şəkildə bir məsələ müzakirə olunur. O da budur ki, Ermənistan Azərbaycana çox böyük maddi ziyan vurub, onun şəhərlərini və kəndlərini yerlə-yeksan edibdir. Dəymiş ziyanın həcmi 800 milyard dollardır. Mütəxəssislər belə hesab edirlər ki, bu hələ kiildilmiş ədəddir, real ziyanın həcmi bir az da çoxdur. Odur ki, sual olunur: Ermənistanın Azərbaycana təzminat ödəməsi məsələsi gələcək sülh sazişində nəzərdə tutulmalıdırmı və əgər tutulmalıdırsa, bu, hansı formada olmalıdır, axı hamıya məlumdur ki, İrəvan bu miqdarda təzminatı ödəmək iqtidarında deyil!..

Bir sözlə, tərəflər arasında problemlər yetərincədir. Sərhədlərin delimitasiyası ilə bağlı proseslər də çox ləng gedir. İkinci Qarabağ savaşından bir neçə il keçibdir, amma bu vaxta qədər sərhədlərin cəmi 13 kilometri razılaşdırılbdır! Bu isə olduqca kiçik ədəddir. Bugünlərdə Ermənistanın konstitusiya məhkəməsi delimitasiya komissiyalarının qəbul etdiyi bəyannaməyə baxacaq və aydın olacaq ki, İrəvan bizimlə yenə də oyun oynayır, yoxsa onlar sülh sazişi imzalamaqda qərarlıdırlar?

Hazırkı məqamda sülh sazişinin imzalanması ilə bağlı analizlər ona görə aparılır ki, qarşıdan COB29 tədbiri gəlir və belə ehtimallar vardı ki, guya İrəvan bu tədbirə qədər sazişi imzalaya bilər.

Amma bu qəbildən olan ehtimallar, deyəsən, doğrulmadı. Üstəlik, İrəvanın bu tədbirdə iştirak edib-etməyəcəyi, hətta edərsə, bunu hansı formada həyata keçirəcəyi məlum deyil. Bizə elə gəlir ki, Ermənistan tədbirə qatılacaq. Amma bunun hansı şəkildə olacağını deməyə çətinlik çəkirik - Bakıya Nikol Paşinyanın özü də gələ bilər, amma çox böyük ehtimalla tədbirdə nisbətən aşağı ranqlı erməni dövlət və hökumət adamları iştirak edəcəklər, hərçənd Paşinyan bir neçə il bundan öncə Türkiyədə prezident Ərdoğanın andiçmə mərasiminə qatılmışdı. Ötən həftə də o, BMT tədbirləri çərçivəsində yenidən Türkiyə prezidenti ilə görüşdü və müşahidəçilər görüşün 45 dəqiqə davam etdiyini bildirdilər. Odur ki, erməni baş nazirin sərəncamında hələ bir ay var və o istəsə, bu bir ay ərzində çox şey edə bilər...

phrase_var_article.chosen
73
42
musavat.com

10phrase_var_article.sources