AZ

Rusiya Xersonda bazarı vurub, 7 nəfər həlak olub

Oktyabrın 1-də Rusiya əsgərləri Xersonun mərkəzində bazarı atəşə tutublar. Son məlumatlara görə, 7 nəfər həlak olub. Bu barədə Xerson vilayəti hərbi administrasiyasının başçısı Aleksandr Prokudin məlumat verib. O, xersonluların səhər saatlarında alış-veriş etdiyi ticarət nöqtələrinin vurulduğunu bildirib. Üç nəfər xəsarət alıb və xəstəxanaya aparılıb. Oktyabrın 1-nə keçən gecə Rusiya hərbçiləri Ukraynaya 32 “Şahed” zərbə dronuyla hücum edib. Ukrayna Silahlı Qüvvələri onlardan 29-nun vurulduğunu bildirir. Xerson vilayəti 2022-ci ilin payızında Rusiya işğalından azad olunsa da, mütəmadi atəşə tutulur. Son günlər açılan atəş və raket zərbələrindən 17 nəfərin yaralandığı xəbər verilir. Ukrayna oktyabrın 1-də Müdafiəçilər Gününü qeyd edir. Yerli vaxtla səhər 9-da ölkə boyunca bir dəqiqəlik sükutla Ukraynanın müstəqilliyi uğrunda həyatını qurban verənlər yad olunublar. Bu gün 2014-cü ildə, Rusiya Ukraynanın Krım vilayətini, Donetsk və Luqansk vilayətlərinin bəzi hissələrini qanunsuz işğal edəndən sonra elan olunub. Daha öncə fevralın 23-də sovet vaxtı təsis olunmuş Vətənin Müdafiəçisi günü qeyd edilirdi. Sentyabrın 30-da Ukrayna prezidenti Volodimir Zelenski bir daha etiraf edib ki, ordu ölkənin şərqində “çox, çox ağır” vəziyyətlə üzləşib. Rusiya qüvvələri aylardır Donetsk vilayətinin Pokrovsk logistika habını ələ keçirməyə çalışırlar. Rusiyanın Müdafiə Nazirliyi isə oktyabrın 1-də sərhədyanı Belqorod vilayətində Ukraynanın səkkiz dronunun vurulduğunu açıqlayıb. AzadlıqRadiosu

Seçilən
74
38
xural.com

10Mənbələr