AZ

Marketlər üzümü niyə baha satır? - İqtisadçı danışdı

Hazırda üzümün bol olduğu vaxtlar olsa da, bəzi marketlərdə üzümün bir kiloqramının qiyməti  3-5 manat arasında dəyişir. Halbuki sahələrdə satış qiyməti heç 1 manata belə çatmır.

Bəs üzümün qiymətindəki bu artıma səbəb nədir?

Bu barədə iqtisadçı ekspert Xalid Kərimli Redaktor.az-a açıqlamasında bildirdi ki, həmişə tarlada, sahədə məhsul daha ucuz olur:

"Hazırda da bir çox marketlərdə üzümün qiyməti 1 manat 15 qəpik, 1 manat 20 qəpikdir. Ola bilər ki, bəzi üzümlər 3-5 manata alıcıya təklif edilsin, amma burada həmin üzümün növünün də fərqi var. Bundan başqa, birmənalıdır ki, vətəndaş məhsulu ucuz almaq istəyirsə, gərək tarladan və ya tarlaya yaxın ərazidən alsın, çünki tarladakı satış qiymətləri böyük həcmli satışlar üçün nəzərdə tutulub".

Picture

İqtisadçı qeyd etdi ki, marketdə satılan məhsulun qiymətinə işgörənlərin xərcləri, piştaxtanın qiyməti təsir edir:

"Buraya investisiya qoyulub, mağaza tikilib, işçilər götürülüb, vergi ödənilir. Bütün bunları nəzərə alanda, təbii ki, məhsulun qiyməti daha baha olacaq. Digər amil isə tullanma, xarab olma riskləridir. Həmçinin marketlər həmin meyvə-tərəvəz məhsullarını hər hansısa bir adamdan almır, tədarük məntəqələrindən alır. Həmin tədarük məntəqəsi də üstünə pul qoyur. Bundan əlavə, burada daşınma, saxlanma xərcləri də var ki, hamısı qiymətə təsir göstərir".

Xalid Kərimli əlavə etdi ki, daha uyğun qiymət məhsul bolluğu olduğunda formalaşır.

Sevinc İBRAHİMZADƏ

Seçilən
106
34
redaktor.az

10Mənbələr