Gürcüstanın hakim partiyasının qurucusu Bidzina İvanişvili xarici düşmən qüvvələrin və müxalifətin Gürcüstanı xəritədən silmək istədiyini bəyan edib. Onun sözlərinə görə, bu gün ölkəsindəki radikal qüvvələr, onun ətrafında cəmləşmiş siyasi qeyri-hökumət və media qurumları xarici maraqları güdür, eyni zamanda ölkəni müharibə əzabına sürükləməyə çalışırlar. B.İvanişvili 2008-ci il münaqişəsinin yavaş-yavaş görünəcəyini dilə gətirib.
Maraqlıdır, xarici düşmən qüvvələr qismində hansı ölkələr, təşkilatlar nəzərdə tutulur? Doğrudanmı belə bir plan var, yoxsa bu bəyanat seçki öncəsi Gürcüstan seçicilərinin səsini toplamağa, onları buy yolla təhdid edərək ələ almağa hesablanıb? Söhbət hansı müharibədən, hansı düşməndən gedir? Ümumiyyətlə, Gürcüstanla bağlı proqnozlar nədən ibarətdir?
Mövzu ilə bağlı Medianews.az-a danışan politoloq Ərəstun Oruclu bildirib ki, son zamanalar Bidzina İvanişvili və onun “Gürcü Arzusu” iqtidar partiyasının fəaliyyətində təlaş, narahatlıq var.
Onun sözlərinə görə, bu, hakimiyyəti itirmək təhlükəsindən irəli gəlir: “Bidzina İvanişvili yaxşı anlayır ki, onun hakimiyyətində faktiki olaraq, peşəkar siyasətçi yoxdur. Hamısı onun biznes strukturlarında işləmiş adamlardır, hansı ki hakimiyyətdə nazir, baş nazir və digər müxtəlif vəzifələrdədir. Onlar dövləti də biznes strukturu kimi idarə edirlər. İvanişvili başa düşür ki, artıq böhran yetişir. Gürcüstan siyasi kursunu dəyişir və yumşaq desək, qəribə tərzdə “biz Abxaziyadan üzr istəməliyik”, “biz 2008-ci ilə qədər Osetiyadan üzr istəməliyik” kimi bəyanatlar verməyə başlayıb. Bu, ağlasığmaz və heç bir ölkədə görünməmiş bir haldır ki, özünü müstəqil elan etmiş separatçı qurumdan, separatizmə məruz qalmış ölkənin rəhbərliyi üzr istəyir”.
Politoloq hesab edir ki, İvanişvilinin məqsədi hakimiyyəti qorumaqdır. Çünki, hakimiyyəti itirəcəyi halda, o, həbsxanaya gedəcək və bunu bildiyi üçün bu cür isterik bəyanatlar verir: “Rusiya görüntü yaradıb ki, guya Gürcüstana Abxaziya və Osetiyanı qaytaracaqdır. Bu məsələyə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun cavabı çox dəqiq olub. O bildirib ki, Rusiya Gürcüstanla Abxaziya və Cənubi Osetiya “respublikası”nın danışıqlarını alqışlayar, lakin yekun qərarı sözügedən respublikaların rəhbərləri verəcəklər”.
Ə.Oruclunun sözlərinə görə, B.İvanişvili Rusiya imperiyasının siyasətinin necə işlədiyini anlamır: “Heç bir vaxt Moskva İvanişviliyə sadiq bir şəxs kimi kartblans verə bilməz. Rusiya özünün rəsmi səviyyədə tanımış olduğu, bir neçə oyuncaq dövlətə yardım etməklə tanıtdığı “dövlətlərdən” imtina edərək Gürcüstana güzəştə getməz. Çünki, bu halda Gürcüstan ərazi bütövlüyünü bərpa edib Rusiyadan üz döndərə bilər”.
O qeyd edib ki, Gürcüstanda ciddi qarşıdurma gözlənilir. Lakin bu qarşıdurmanın olub-olmayacağı bir çox amillərdən asılıdır: “Biz görürük ki, artıq Gürcüstanın Prezidenti Salome Zurabişvili faktiki müxalifətin tərəfinə keçib. O, çox sərt bir bəyanat verib ki, “Gürcü Arzusu”nun siyasəti biabırçılıq və xəyanətdir. Bu iki fiqurun ətrafında yeni müxalif birlik formalaşa bilər. Bu halda da İvanişvili hakimiyyətini itirəcək. Bayaq da dediyim kimi, onu həbsxana gözləyir. Ona görə, hər cür siyasətdən uzaq, alverçi xislətinə uyğun, siyasətə heç bir aidiyyəti olmayan axmaq bəyanatlar verir, hədə-qorxu gəlir”.
Ə.Oruclu vurğulayıb ki, bunların hamısının arxasında seçkilərdən qalib çıxmaq niyyətinin olması dayanır. Onun sözlərinə görə, İvanişvili özü də bilir ki, Rusiya ona Abxaziya və Osetiyanı qaytarmayacaq: “Gürcüstanın strateji əhəmiyyəti kəsb edən Anaklia limanın yanında – 9 kilometrliyindəki Abxaziya ərazində Rusiya özünə hərbi dəniz bazası yaradır. Təbii ki, onu Gürcüstana verməz. Bu əraziləri versə belə, osetinlər, abxazlar bunu qəbul etməzlər və maksimal dərəcədə müqavimət göstərəcəklər. Xatırladım ki, onların Rusiya ilə münasibətləri o qədər də yaxşı deyil. Çünki, Rusiya onları faktiki olaraq girova çevirib. Onları güc yolu ilə götürmək üçün Gürcüstanın hərbi potensialı yoxdur”.
Lamiyə