AZ

Qərbi azərbaycanlıların repatriasiyası – vətəndaşlıq hüququnun bərpası - ŞƏRH » AzadMedia.az



Qərbi azərbaycanlıların bütün sahələr üzrə hüquqları yüz ildən artıqdır tapdanır. Azərbaycanlıların Ermənistandan (Qərbi Azərbaycandan) deportasiyası və köçürülməsi ermənilər o torpaqlara yerləşdiriləndən, çar Rusiyasının Cənubi Qafqazı işğal etməsindən sonra başlayıb.

Bölgədə ermənilərin sayı köç hesabına artırılıb. Bu isə azərbaycanlıların sıxışdırılmasına, onlara təzyiqin artmasına səbəb olub. Prosesin ilk kütləviliyinin 1905-ci ildən başladığı da təsadüfi deyil. Azərbaycan Xalq Cümhuriyyəti bunun qarşısını almağa çalışsa da, bolşevik Rusiyasının erməniləri müdafiə etməsi, ardınca işğal qərbi azərbaycanlıların öz yurdlarına qayıtmasına mane oldu. Düzdür, SSRİ dövründə bir qismi geri dönsə də, sonradan onun qarşısı alınıb.

Ona görə də ilk deportasiya 1905-1920-ci illər kimi tarixə düşüb. Qərbi azərbaycanlıların öz torpaqlarını tərk etməyə məcbur edilmələrinin ikinci mərhələsi 1948-1953-cü illərdə baş verib.

Bu cinayət SSRİ-nin ovaxtkı rəhbəri İ. Stalinin göstərişi ilə həyata keçirilib. İkinci dünya müharibəsindən sonra sovet diktatoru Azərbaycan daxilində, Qafqazda, o cümlədən Ermənistandan azərbaycanlıların məcburi köçünə əmr verib. Buna başlıca səbəb onların özlərini türk olaraq tanıması idi. Stalin azərbaycanlıların Türkiyə və İranla əlaqələrindən, özlərinin türk olaraq bilmələrindən qorxurdu. Bunun üçün çıxış yolunu onların öz yurdlarından sürgün edilməsində, Mərkəzi Asiyaya köçürülməsində görürdü.

Bu cinayətin üçüncü mərhələsi 1988-1992-ci illərdə törədilib. Birinci çar Rusiyası dağılan ərəfəyə, ikinci Stalin diktaturası güclənən dövrünə, sonuncunun isə sovetlərin çöküşü dövrünə təsadüf etməsi deportasiya üçün optimal şəraitin yarandığından xəbər verir.

Qərbi azərbaycanlıların torpaqlarından qovulması ilə ərazilərdəki bütün adların erməniləşdirilməsi, tarixi abidələrin dağıdılması prosesi başlayıb. SSRİ Nazirlər Kabinetinin çoxlu sayda sərəncamları ilə iki mindən çox ad dəyişdirilib. Bu, Moskvanın ermənilərlə bu istiqamətdə əlbir işlədiyini təsdiqləyən çoxsaylı faktlardandır.

Üç mərhələ ilə Ermənistanda türklərə azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti “uğurla” başa çatıb. Təəssüf ki, qərbi azərbaycanlılar indiki Ermənistan ərazisindən köçməyə məcbur edildikləri halda ermənilər Azərbaycan ərazisində məskunlaşdırılır, yüksək vəzifələr tuturdular.

İndi adı daha çox hallanan Zəngəzur bölgəsindən azərbaycanlıların kütləvi qovulması 1918-1920-ci illərdə baş verib.

Sovetlər dağılıb. Dünyada insan hüquqlarının qorunması əsas məsələlərdəndir. Yüz ildən artıqdır Qərbi azərbaycanlıların hüququ pozulub. Son 35 ildə vətəndaş, etnik, mülkiyyət azadlığı pozulan 300 minə yaxın qərbi azərbaycanlının pozulan hüquqlarının bərpası Azərbaycan dövlətinin prioritet saydığı sahələrdəndir.

Azərbaycan Prezidenti İlham Əliyev Aşıq Ələsgərin abidəsinin açılış mərasimindəki çıxışında bu məsələ ilə bağlı bunları söyləyib: Üçüncü etnik təmizləmə dalğasına məruz qalmış Qərbi azərbaycanlılar öz dədə-baba torpaqlarına qayıdacaqlar”.

O, XX əsrdə azərbaycanlıların məruz qaldığı deportasiyalar haqqında danışaraq bildirib: “1918-ci ildə birinci, 1940-50-ci illərdə ikinci və 1980-ci illərin sonları-1990-cı illərin əvvəllərində üçüncü deportasiya baş verib. İki deportasiyadan müəyyən müddətdən sonra Azərbaycan xalqı öz dədə-baba torpaqlarına qayıtmış, yəni, hamısı olmasa da, böyük bir qisim qayıdıb. Bu, bizdə haqlı olaraq əminlik yaradır ki, üçüncü etnik təmizləmə dalğasına məruz qalmış Qərbi azərbaycanlılar öz dədə-baba torpaqlarına qayıdacaqlar”.

Bir çoxları Ermənistanın işğal etdiyi torpaqların, o cümlədən Şuşa və Xankəndinin işğaldan azad ediləcəyinə, “Laçın dəhlizi” adı verilən qondarma iddianın baş tutmayacağına, habelə Rusiya sülhməramlılarının Azərbaycanı tərk etməyəcəyinə inanmırdı. Ancaq bunlar baş verib. Şərqi Zəngəzur iqtisadi rayonunun (Cəbrayıl, Kəlbəcər, Laçın, Qubadlı və Zəngilan rayonları) sakinlərinin öz evlərin qayıtmaycağında, hətta bu adda bölgənin rəsmiləşdiriləcəyinə inanmayanlar da az deyildi. Bu da oldu.

Qərbi azərbaycanlılarn (üçüncü mərhələdə) pozulan hüquqlarının bərpası da mümkündür. Onların Qərbi Azərbaycandakı evlərinin bir çoxunda yaşayış yoxdur.

Ermənistan hakimiyyəti həmin evlərə repatriant saydığı də erməniləri yerləşdirmək istəyir. Livan, Suriya, Rusiya, İran, Türkiyə və başqa ölkələrdən erməniləri şirnikləndirərək onlara aid olmayan torpaqda məskunlaşdırmağa səylər edilir.

Ölkədə repatriasiya haqqında qanun hələ də qəbul edilməyib. Bununla belə dünyanın müxtəlif yerlərindən Ermənistana köçürülən ermənilərə vətəndaşlıq verilir. Həmin ermənilərə vətəndaşlığın verilməsi sadələşdirilib. Repatriasiya haqqında qanun qəbul edilərsə, ondan qərbi azərbaycanlılar da yararlana bilər. Ancaq ermənilər bu qanunun yalnız etnik ermənilərə aid etməyə səy göstərir. Bu, normaların pozulmasıdır.

Ancaq sadələşdirilmiş bu şərtlər daxilində belə Ermənistanla əlaqəsi olmayan həmin şəxslər ölkəyə “repatriasiya” olunmaq istəmirlər. Ermənistanın baş naziri yanında diasporla iş üzrə baş komissarı Zara Sinanyan 2023-cü ilin sonunda “Hərbi xidmət haqqında” qanuna edilən dəyişikliklər zamanı bildirib ki, diaspor ermənilərin repatriasiyasını və vətəndaşlıq almasını məhdudlaşdırıb. Onun iddiasına əsasən, bu, ermənilərin Ermənistana “qayıdışına” maneələr yaradır. Onların Ermənistan Silahlı Qüvvələrində hərbi xidmət etmək istəməməsi təbiidir. Çünki bu ölkə onlar üçün nə vətən, nə də dövlətdir. Digər tərəfdən qondarma “repatriant” ermənilərin Qərbi Azərbaycan ərazisində yerləşdirilməsi Ermənistanın dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti üçün bir təhdiddir.

Qərbi azərbaycanlıların repatriasiya, qayıdışı hüququndan bəhs ediləndə bəziləri bunu Ermənistana ərazi iddiası kimi anlayır. Ancaq bu, 300 minə yaxın azərbaycanlının pozulmuş mülkiyyət hüququnun bərpasından başqa bir nəsnə deyil. Onların Qərbi Azərbaycana qayıdışı, hüquqlarının bərpası bu ölkənin təhlükəsizliyi üçün təminatlardan biri ola bilər. Ona görə də qərbi azərbaycanlıların repatriasiyası Ermənistanla normallaşma prosesinin başa çatması və sülh sazişinin imzalanması üçün nəzərdə tutulan sənədin əsas müddəalarındandır.(Report)
Seçilən
77
6
azadmedia.az

7Mənbələr