Prezidentin tarixi həqiqətlərə baxışı və müasir siyasi reallıqlar
Tam qətiyyətlə deyə bilərik ki, Prezident İlham Əliyevin böyük el sənətkarı Aşıq Ələsgərin abidəsinin açılışı mərasimindəki çıxışı Azərbaycan xalqının XX əsrdə məruz qaldığı üç deportasiya aktı ilə bağlı dolğun manifest idi. Əlbəttə, bu manifest digər mühüm mənaları ilə də yadda qaldı ki, yazımızda onlardan söz açacağıq. Ən əsası isə dövlətimizin başçısının çıxşındakı dərin siyasi yükü diqqətə çatdıracağıq. O yük ki, ümumən, son illərin Cənubi Qafqaz mənzərəsinin xarakterini müəyyənləşdirir.
Prezident İlham Əliyevin çıxışına dolğunluq gətirən onun yalnız tarixi faktları açıqlaması yox, eyni zamanda, hazırkı Ermənistan Respublikası ərazisindən didərgin salınmış soydaşlarımızın öz doğma el-obalarına qayıdışına dair əminlik aşılamasıdır. Prezidentin əminliyinin kökündə Vətən torpağına misilsiz sevgi dayanır. O sevgi ki, böyük Aşıq Ələsgərin həm qədim Göyçə mahalına bağlılıq ruhuna köklənmiş yaradıcılığından ilmə-ilmə süzülür, həm də ulu ozanın həyat yoluna işıq salır. Dövlətimizin başçısının üzərində dayandığı ilk məsələ də elə budur: “O vaxt onun 97 yaşı var idi, 1918-ci ildə erməni vəhşiləri azərbaycanlıları etnik təmizləməyə məruz qoymuşdular. Bu, XX əsrdə azərbaycanlıların öz qədim torpaqlarından – Qərbi Azərbaycandan birinci deportasiyası idi. Əfsuslar olsun, ondan sonra da bizim xalqımız iki deportasiyaya məruz qalmışdır. Aşıq Ələsgər ailəsi ilə birlikdə qonşu Kəlbəcər rayonuna köçmüşdür. Ancaq doğma Vətən, doğma torpaq onu yenə də Göyçə mahalına çəkirdi, baxmayaraq ki, iqlim, təbiət, gözəllik baxımından Kəlbəcər və Göyçə mahalı çox da fərqlənmir. Amma onun Vətən sevgisi, torpaq sevgisi o qədər güclü idi ki, bütün təhlükələrə baxmayaraq, o, təqribən üç ildən sonra öz doğma Ağkilsə kəndinə qayıtmış və bir neçə ildən sonra orada vəfat etmişdir”.
Bəli, Aşıq Ələsgər yaradıcılığındakı niskil işğal və deportasiya tariximizin bədii təxəyyül çaları, poetik inikasıdır. Dədə Ələsgərə ehtiram tarixdən ibrət əzmimizdir. Birmənalı şəkildə deyə bilərik ki, bu əzmi əməli addımlarla ortaya qoyan Azərbaycan dövləti sənətkarın düşüncə məhsulu olan ülvi dəyərləri özünün siyasət amalının mühüm trayektoriyasına, hərəkətverici qüvvəsinə çevirməyi bacarıb. Bu yerdə vurğulamalıyıq ki, müasir Azərbaycanın siyasət memarı olan ulu öndər Heydər Əliyev müdrikliyi və uzaqgörənliyi ilə Aşıq Ələsgərin 150 illik yubileyinin sabiq SSRİ miqyasında qeyd edilməsinə nail olmuş, ümummilli liderin layiqli davamçısı Prezident İlham Əliyev isə üç il əvvəl onun 200 illik yubileyi ilə bağlı sərəncam imzalamışdı. Hər iki addımın qayəsində dayanan məqamları dövlətimizin başçısı haqqında bəhs etdiyimiz açılış nitqində özünəxas şəkildə diqqətə çatdırıb.
“Əlbəttə ki, biz onun timsalında xalqımızın yüksək ruhunu görürük”, – deyən Prezident İlham Əliyev Aşıq Ələsgər yaradıcılığındakı qayəni doğma torpağa qayıdışın təntənəsi kimi xarakterizə etməklə, həm siyasətlə yaradıcılığın, bir növ, sintezini gerçəkləşdirir, ikincinin birinci naminə ideoloji stimulyator funksiyasını açıqlayır, həm də böyük el sənətkarına tam fərqli prizmadan qiymət verir. Hesab edirik ki, bu dəyərləndirmənin özündə də müstəsna nümunəvilik və qədirbilənlik var.
Əminliklə vurğulaya bilərik ki, tarixi keçmişimizə bağlılıq, onu yaşatmaq və ona sahiblənmək əzmi baxımından nümunəvilik Azərbaycan dövlətinin fəaliyyət dəst-xətindəki başlıca meyardır. Torpaqlarımızın işğaldan azad olunmasından sonra reallaşdırılan Böyük Qayıdış proqramı fikrimizin təsdiqidir. Belə bir proqramın mövcudluğu Qərbi Zəngəzurdan didərgin salınmış azərbaycanlıların da öz tarixi vətənlərinə dönəcəklərinə inam formalaşdırır. İnamı aşılayan, yəni Böyük Qayıdışın Qərbi Azərbaycan təntənəsinin də yaşanacağını vurğulayan isə Prezident İlham Əliyevdir.
Məlum olduğu kimi, dövlətimizin başçısının hər fikri reallıqla dərin fiksasiya təbiətinə malikdir. Bunu təkcə biz yox, eyni zamanda, düşmənlərimiz də bildirir, daha doğrusu, etiraf etmək məcburiyyətində qalırlar. Əlbəttə ki, onların etiraflarının arxasında məkr hissi dayanır. Məkrdən söz düşmüşkən, bunun növbəti təzahürünü cənab İlham Əliyevin Aşıq Ələsgərin heykəlinin açılışındakı nitqi ilə əlaqədar da gördük. Bu barədə yazımızın sonunda, hələlik isə...
Bəli, Azərbaycan xalqının əyilməz ruhunu Qarabağa və Şərqi Zəngəzura qayıdan soydaşlarımızın timsalında duyuruqsa, deməli, Qərbi Azərbaycana da qayıdış mümkündür: “Qeyd etdiyim kimi, xalqımız XX əsrdə üç deportasiya dalğasına məruz qalmışdır – 1918-ci ildə birinci, 1940-50-ci illərdə ikinci və 1980-ci illərin sonları – 1990-cı illərin əvvəllərində üçüncü deportasiya baş vermişdir. İki deportasiyadan müəyyən müddətdən sonra Azərbaycan xalqı öz dədə-baba torpaqlarına qayıtmış, yəni, hamısı olmasa da, böyük bir qisim qayıtmışdır. Bu, bizdə haqlı olaraq əminlik yaradır ki, üçüncü etnik təmizləmə dalğasına məruz qalmış Qərbi azərbaycanlılar öz dədə-baba torpaqlarına qayıdacaqlar. Bunu deməyə əsas verən bir çox amillər var. Əlbəttə ki, Vətən sevgisi, o torpaqlar unudulmayıb və unudulmayacaq, o torpaqları görməyən Qərbi azərbaycanlıların sonrakı nəsilləri Vətən həsrəti ilə yaşayırlar”.
Onu da bildirməliyik ki, üzləşdiyimiz fəlakətlər, o cümlədən, soydaşlarımızın Qərbi Azərbaycandan didərgin salınmaları, eyni zamanda, böyük ədalətsizlikdir. Bu aqibətlə üzləşdiyimiz üçün həm toplum olaraq özümüz təqsirkarıq, həm də bizi bu bəlalara mübtəla edənlər məsuliyyət daşıyırlar. Ancaq, böyük ölçüdə, kimdəsə, yaxud kimlərdəsə günah axtarmaq niyyətindən uzağıq. Prezident İlham Əliyev də bildirir ki, ədaləti bərpa etmək öz işimiz olmalıdır, “heç kim bizim əvəzimizə ədaləti bərpa etməyəcək, heç kimin belə niyyəti də, istəyi də olmamışdır”.
Şübhəsiz ki, bundan sonra heç kəs bizim üçün nə isə edən deyil. Hələ əksinə, haqqa və ədalətə sahiblənmək əzmimizi qırmaq istəyənlər var. Onlar işğal illərində özlərinin destruktiv fəaliyyətlərindən qalmayıblar. Hazırda yaşananlar da göstərir ki, yenə köhnə şakərlərinə sadiqdirlər, var gücləri ilə yaşadığımız Cənubi Qafqaz platformasında erməni avantürizminin saxlanılmasına cəhdlər göstərirlər. Prezident İlham Əliyev bunlardan da söz açaraq, belə mənfi təmayüllərin xalqımızı tutduğu yoldan döndərə bilməyəcəyini vurğulayıb. Ancaq, qətiyyən arxayınlaşmamalı, qarşımıza yeni hədəflər qoymalıyıq: “Bu hədəflər həm stratejidir, həm taktikidir, həm qısamüddətlidir, həm uzunmüddətlidir. Amma hədəflər düzgün seçilməsə, heç bir nəticəyə nail olmaq mümkün olmayacaq. Hədəflər həm həqiqəti, ədaləti və həm də real vəziyyəti, real gücümüzü əks etdirməlidir. Nə qədər güclü olsaq, o qədər də bizim səsimiz eşidiləcək”.
Dövlətimizin başçısının da bildirdiyi kimi, Qarabağın və Şərqi Zəngəzurun azad edilməsi, suverenliyimizin tam bərpası Qərbi azərbaycanlılarda tarixi vətənlərinə geri qayıdacaqlarına dair nikbinlik hisslərini, fikirlərini, ümidlərini artırıb. Nəzərə alaq ki, bu qayıdışın siyasi-mənəvi tərəfləri var. Söhbət ölkəmizin 44 günlük müharibədən sonra Naxçıvana yol məsələsində irəli sürdüyü Zəngəzur dəhlizi ideyasından gedir. O ideya ki, Naxçıvana heç bir gömrük və sərhəd nəzarəti olmayan yolu nəzərdə tutur. O ideya ki, qlobal tranzitin mühüm halqasıdır və hazırda Azərbaycan – Ermənistan münasibətlərinin nizamlamasının başlıca mübahisə komponenti qismində çıxış edir.
Ermənistan müharibə məğlubu kimi 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın Naxçıvana yol məsələsindəki öhdəliyini yerinə yetirməkdən boyun qaçırır. Hazırkı sülh gündəliyi fonunda rəsmi İrəvanın və onu xaricdəki havadarlarının anti-Azərbaycan kampaniyasının, çirkin oyunlarının motivində də bu amil dayanır. Məqsəd ölkəmizin haqqı çatana sahiblənməsinə maneçilik törətməkdir. Bu yerdə Prezident İlham Əliyevin bir neçə il əvvəl səsləndirdiyi bir fikri diqqətə çatdırmaq istərdik. Nəzərə alaq ki, həmin fikirdə də Aşıq Ələsgərin abidəsinin təntənəli açılışı fonunda yenidən gündəmə gəlmiş Qərbi Azərbaycana qayıdış ruhunun dərin təcəssümü var: “Zəngəzur dəhlizini biz icra edəcəyik. Ermənistan bunu istəsə də, istəməsə də. İstəsə, daha asan həll edəcəyik. İstəməsə də, zorla həll edəcəyik. Necə ki, mən demişdim müharibədən əvvəl və müharibə dövründə ki, öz xoşunuzla rədd olun bizim torpağımızdan, yoxsa zorla sizi çıxardacağıq. Belə də oldu. Zəngəzur dəhlizinin taleyi də eyni olacaq. Bizim əsas rəqibimiz zamandır. Çünki dəmir yolunun çəkilişi, avtomobil yolunun çəkilişi vaxt tələb edir. Ona görə bütün güclər səfərbər edilib ki, bu layihə icra edilsin və beləliklə 101 il bundan əvvəl bizim əlimizdən alınmış Zəngəzura Azərbaycan xalqı qayıdacaqdır”.
İndi isə sonda açıqlayacağımızı bildirdiyimiz məqama keçid alaq. Söhbət erməni məkrindən gedir. Qeyd edək ki, Prezident İlham Əliyevin böyük el sənətkarı Aşıq Ələsgərin abidəsinin açılışındakı nitqinin Qərbi Azərbaycana qayıdış ruhu Ermənistanda böyük rezonans doğurub. Ölkədə Zəngəzur dəhlizi məsələsini önə çəkənlər var. Bu tendensiyadakı məkrlilik isə məsələyə İran İslam Respublikasını qatmaq motivi üzərindədir. Erməni siyasətçilər, politoloq və ekspert cameəsi dövlətimizin başçısının söylədiklərini İrana qarşı demarş kimi dəyərləndirir. Heç şübhəsiz ki, rəsmi Tehranın erməni avantürizminə dəstək mahiyyəti daşıyan ritorikasını hərəkətə gətirmək niyyəti güdürlər. Nəzərə alaq ki, İran rəsmiləri və siyasiləri regiondakı sərhədlərin dəyişməzliyini diqqətə çatdırır, bu mövqeyə zidd halları özlərinə “qırmızı xətt” olaraq dəyərləndirirlər. Belə yanaşma Ermənistanın haqqında söz açdığımız öhdəliklərinin icrasından yayınmasına stimul verir. Deməli, Zəngəzur dəhlizi təşəbbüsü Qərbi Azərbaycana qayıdış ruhumuzun ilk prinsipiallıq meyarı kimi çıxış etməkdədir. Prinsiplərimizə isə hər zaman sadiqik. Prezident İlham Əliyevin çıxışı həm də bunun bir daha uca səslə bəyan edilməsi idi.
Ə.CAHANGİROĞLU
XQ