Dövlət şirkəti “AzerGold” QSC-nin İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinə yeni müdir və müdir müavini təyin edilib.
Banker.az xəbər verir ki, tele aparıcı və telejurnalist Ariz Tarverdiyev “AzerGold” QSC-nin İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinə müdir təyin olunub. Bu barədə dövlət şirkətinin İdarə Heyətinin sədri Zakir İbrahimov Əmr imzalayıb.
Digər əmrə əsasən isə Ceyhun Abasov şöbə müdirinin müavini təyin edilib.
A.Tarverdiyev və C.Abasov 2019-cu ildən “AzerGold”da çalışırlar.
Sözügedən şöbə QSC-nin ictimaiyyət və mətbuatla əlaqələr, yerli pərakəndə qiymətli metallar bazarında qızıl və gümüş sikkə, eyni zamanda külçələrin satışı və mübadiləsini, sosial layihələrin icrasını həyata keçirir.
A.Tarverdiyev Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində bakalavr və magistratura pillələri üzrə ali təhsil alıb.
C.Abasov isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində ictimai əlaqələrin idarəetməsi üzrə bakalavr dərəcəsinə sahiblənib.