Kiyev, 2 oktyabr, AZƏRTAC
Ukrayna Livandan 179 nəfəri uğurla təxliyə edib. Onların arasında 134 Ukrayna vətəndaşı, 45 əcnəbi var.
AZƏRTAC bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir.
“2024-cü il oktyabrın 1-də Ukrayna Prezidentinin tapşırığına əsasən, Ukrayna Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi Livanda olan vətəndaşların təxliyəsi üzrə növbəti əməliyyatı uğurla həyata keçirib”, -deyə məlumatda bildirilib.
Ümumilikdə 179 nəfər təxliyə edilib. Ukraynalılar arasında 112 yetkin şəxs və 22 uşaq var. Bundan əlavə, daha 45 nəfər, o cümlədən Polşa, Çexiya, Litva, Moldova, Braziliya və Livan vətəndaşları da təxliyə edilib.
Ukrayna XİN qeyd edib: “Bu əməliyyat regionda təhlükəsizlik və iqtisadi vəziyyətin pisləşməsi ilə əlaqədar Ukrayna vətəndaşlarının geri qaytarılması üzrə daha geniş səylərin bir hissəsi idi. Üç evakuasiya missiyası çərçivəsində Livandan 234 nəfər, o cümlədən 189 Ukrayna vətəndaşı və 45 əcnəbi təxliyə edilib”.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev