AZ

"Onlar yalnız qrant layihələri düşünürlər" - Sabiq deputat təhsildən danışdı

“Məktəblərdə bu cür halların baş verməsi bizi düşündürməlidir”.

Bunu “AzPolitika”-ya açıqlamasında keçmiş deputat, tanınmış elm və təhsil bilicisi Etibar Əliyev son günlər orta məktəblərdə şagirdlərin iştirakı ilə baş verən kriminal hadisələrin səbəblərini şərh edərkən deyib.

Xatırladaq ki, iki gün əvvəl Şəmkir və Xaçmaz rayonlarında 10-cu sinif şagirdlərinin arasında yaranan mübahisələr bıçaqlanma ilə nəticələnib. Bir nəfər ölüb. Bu gün səhər saatlarında isə Bakının Ramana qəsəbəsində 2008-cü il təvəllüdlü yeniyetmə özündən 4 yaş böyük şəxsə bıçaqla xəsarət yetirib.

E.Əliyev qeyd edir ki, məktəblərdə kriminal hadisələrin artmasının çox dərin səbəbləri var: “Son illərdə Azərbaycan məktəbi demək olar ki, deqradasiyaya uğrayıb. Məktəblərdə dərs keçirilmir, 9,10,11-ci sinif şagirdləri məktəbə gəlmirlər. Məktəblərimizdəki tərbiyə komponenti artıq yoxa çıxıb. Müəllimlər bu işlə məşğul olmurlar. Ona görə ki, uşaqlar məktəbdə olmurlar. Mən vaxtilə Milli Məclisdə bu məsələləri dəfələrlə qaldırmışam, ancaq təəssüf ki, heç bir tədbir görülmür. Bu, belə davam edə bilməz”.

Keçmiş deputat təəssüflə vurğulayır ki, Təhsil Nazirliyinin rəhbərliyi məktəblərə həddindən artıq ögey münasibət bəsləyir. “Onlar yalnız qrant layihələri düşünürlər. Buna görə də məktəblilərin belə hadisələr törətməsi adi hala çevrilib. Məktəbi bilməyən adamlar məktəbə rəhbərlik edir. Regional təhsil idarələrinə rəhbərlik edən şəxslərin demək olar ki, əksəriyyəti təhsilə bağlı adamlar deyillər. Onlar təsadüfən - şəxsi münasibətlərə və ya digər amillərə görə həmin vəzifəyə təyin olunublar”, - o əlavə edib.

Seçilən
80
aznews.az

1Mənbələr