Bu axşam çox vacib oyunumuz var
Elə buna görə də yunanıstanlı hakim Anastasios Papapetrunun işarəsi ilə saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda başlayacaq “Qarabağ” (Azərbaycan) – “Malmö” (İsveç) görüşünü həmişəkindən də böyük həyəcanla gözləyirik. Uğurlu sonluğa inamımız az deyil. Ümid edirik ki, hamımız birlikdə Ağdam kollektivini tribunalarda və teleekran qarşısında yorulmadan, ürəkdən ruhlandırmaqla əhalisinin sayına görə Stokholm və Geteborqdan sonra İsveçin üçüncü ən böyük şəhəri Malmönün eyniadlı klubu ilə çox prinsipial oyunda xoşbəxtliyi rəqib qapısında tapmağı bacaracağıq.
Hərçənd bizim çempion kimi start turunda “büdrəyib” öz meydanında Şotlandiyanın “Reyncers” (Qlazqo) komandasına 0:2 hesabı ilə məğlub olan “Malmö” də Bakıya turist səfərinə, şəhərimizlə tanışlığa, onun gözəlliyinə valeh olmağa yox, qələbə arxasınca gəlib.
Bir həftə əvvəl yeni formatlı Avroliqanın 1-ci raundunda Londonda “Tottenhem”lə görüşdə qeydə alınmış böyük hesablı məğlubiyyət (0:3) “Qarabağ”ı da, onun azarkeşlərini də ruhdan sala bilməz. Həmin oyun ərəfəsində və onun gedişində meydanda, eləcə də ondan kənarda baş verən hadisələrin şahidi olanların, xüsusən də bitərəf mütəxəssislərin etiraf etdikləri kimi, açıq-aşkar bəxti gətirməyən Azərbaycan çempionu belə məğlubiyyətə layiq deyildi.
Amma nə etmək olar, həyat kimi futbol da gözlənilməz hadisələr və epizodlarla doludur. Milyonların bu gözəl oyununda heç kim, hətta dünya çempionları da qeyri-dəqiq zərbələrdən, uğursuzluqdan sığortalanmayıb.
26 sentyabr axşamında Londonda “Qarabağ”ı stadiona aparan yolda baş verənlər, meydanda qaçırılan imkanlar yada düşəndə adamın ağlı az qala başından çıxa… Qapının beş-altı metrliyində, heç kimin mane ola bilməyəcəyi mövqedə ayağını topa düzgün toxundurmursan və azarkeş yerindən tullanaraq “qol, qol” demək əvəzinə hər iki əli ilə başını tutur. Bu azmış kimi, penalti nöqtəsindən zərbəni dəqiq yerinə yetirə bilmirsən. Bir başqa hücumda sənin çox güclü və sərrast zərbəndən sonra rəqib qapıçı şir kimi oynayıb, topun qapısından keçməsinə izn vermir və tamaşaçılardan alqış, müdafiəçi dostlarından isə təşəkkür qazanır.
Nə isə, futbolda bəxtsizlik deyimi təsadüfi deyil. Hələ London matçından əvvəl, Çempionlar Liqasının pley-off mərhələsində Xorvatiya “Dinamo”su ilə istər uzaq Zaqrebdə, istərsə də doğma Bakıda keçirilən görüşlərdə itirilən imkanları da bir daha təəssüflə xatırlamaq olar. Bununla belə, razılaşın ki, bəxtsizlik, uğursuzluq zolağı daimi deyil, gec-tez vəziyyət düzəlir.
Bir sözlə, qətiyyən ruhdan düşməyək, əksinə, UEFA Avropa Liqasının əsas mərhələsinin 2-ci turunda 1-ci qələbəmizi bayram etmək arzusu ilə yaşayaq. Düzdür, təkrar edək ki, “Malmö” də, malmölülər də, bütün isveçli azarkeşlər də bu gün qələbə və ya ən azı heç-heçə barədə düşünürlər. Onların bu hüquqlarını əllərindən ala bilmərik. Qoy düşünsünlər və bu axşam kim rəqib qapısı ağzında yaradacağı imkanlardan daha dəqiq, daha ustalıqla istifadə edəcəksə, o da qalib gəlsin.
Yeri gəlmişkən, futbol ictimaiyyətimiz yaxşı xatırlayır ki, ötən mövsümdə Avroliqa turnirinin qrup mərhələsində Azərbaycan çempionunun bəxtinə bir İsveç təmsilçisi də düşmüşdü. “Hekken”i deyirəm. “Qarabağ”ın həm səfərdə, həm də evdə onunla hər iki görüşdən qalib ayrıldığını unutmamışıq. Ötən ilin sonlarında İsveçdən qələbə ilə qayıdan (1:0) Ağdam komandası Bakıda da rəqibi üzərində bir top üstünlüklə qələbə qazanmışdı (2:1).
Bunu elə-belə, söz düşmüşkən xatırlatdım.
Əlbəttə, “Malmö” futbolçuları “Hekken”dəki həmvətənlərinin aqibətini yaşamaq istəməzlər. Onlar da qələbənin komandaya necə böyük şan-şöhrət gətirdiyini, onun bal kimi şirin bir nemət olduğunu yaxşı bilirlər.
İndi siz bu sətirləri oxuyarkən azarkeşləri “Tofiq Bəhramov”a aparan yollar hər an qısalır. Yenicə, bu qızıl payız günlərində 73 yaşı tamam olmuş Respublika stadionu öz tarixində növbəti böyük oyuna şahidlik etməyə hazırlaşır. Qələbə stadionumuzu da çox sevindirər, onun şanlı tarixinə gözəl töhfə olar. Həm də unudulmaz hakimimizin ruhu bir daha şad olar…
Oqtay BAYRAMOV,
Əməkdar jurnalist