AZ

Fermer zəhmətlə yetişdirdiyi məhsulu niyə zibilliyə ATIR?

Bu günlərdə sosial şəbəkələrdə daha bir fermerin məhsulunu çölə atdığına dair video yayıldı. Bu dəfə qutu-qutu çiyələk yararsız məhsul kimi zibilə atıldı. Bu, sosial şəbəkələrdə yayılan ikinci belə videodur. Bundan əvvəl başqa bir fermer bir maşın qarpızı kanala boşaltmışdı.

Bəs, fermerləri bu addımı atmağa nə vadar edir? Niyə onlar min bir əziyyətlə yetişdirdikləri məhsulu çölə atırlar?

Kənd təsərrüfatı məsələləri üzrə ekspert Vahid Məhərrəmov Bizim.Media-ya açıqlamasında deyib ki, fermerlərin bu cür davranışına əksər ölkələrdə də rast gəlinir. O, bunun səbəbini fermerlərin istehsal etdikləri məhsulu istədikləri qiymətə sata bilməmələri ilə əlaqələndirib.

Ekspertin sözlərinə görə, məhsul müəyyən səbəblərdən bazara çıxmır, fermerlər onu soyuducu anbarlarda saxlaya bilmir, yaxud məhsulun qiyməti kəskin şəkildə aşağı olursa, o zaman fermerlər öz etirazlarını bu formada bildirirlər:

"Bu, sivil qayda hesab olunur. Bəziləri deyir ki, niyə çölə tökür, zibilliyə atır, amma ucuz qiymətə satmır?! İnanın ki, onlara məhsulu Bakıya daşımaq, onu satmaq daha baha başa gələcək”.

Ölkədə həm qarpız, həm də çiyələk istehsalı artıb

Mütəxəssis deyir ki, bu il ölkədə həm çiyələk, həm də qarpız istehsalı artıb:

"Bunu Dövlət Statistika Komitəsi də təsdiq etdi. Məhsul çox olanda qiymət də təbii ki, düşür. Çünki məhsulu çox saxlamaq mümkün deyil. Ona görə də kəndli çalışır ki, əlindəkini tez satıb bitirsin. Amma təəssüf ki, çox zaman bu mümkün olmur”.

Fermerlərə ucuz kredit resursu tətbiq ediləcəkmi?

V.Məhərrəmlinin sözlərinə görə, fermerlərin əsas problemləri məhsulu saxlaya bilməmək, eləcə də onlara bazarda satış üçün imkan yaradılmamasıdır:

“Buna görə də bazara tədarüklə məşğul olanlar, alverçilər daha çox məhsul çıxarır. Onların bazarda daimi piştaxtaları var və məhsulu kəndlidən ucuz alıb baha satırlar. Düzdür, onlar da məhsulu böyük həcmdə ala bilmirlər, çünki saxlayacaq soyuducu anbarları yoxdur. Amma onlar məhsulu aldıqlarından xeyli baha satırlar.

Digər alıcılar isə böyük həcmdə məhsul alan şirkətlərdir ki, onların soyuducu anbarları var. Bu şirkətlər yaranmış vəziyyətdən sui-istifadə edib məhsulu dəyər-dəyməzinə alıb soyuduculara yığırlar. Daha sonra baha qiymətə satışa çıxarırlar.

Məhsulu saxlaya bilməyən fermerlər də əlacsız qalıb ucuz qiymətə satırlar. Nəticədə aldıqları məbləğ çəkdikləri əziyyətlərini qarşılamır və ziyana düşürlər. Biz belə təcrübənin kifayət qədər olduğunu görürük, ona görə də fermerlərə tövsiyə edirik ki, məhsullarını saxlamağa çalışsınlar. Hökumətə isə təklif edirik ki, kənd təsərrüfatı ilə məşğul olan fermerlərə ucuz kredit resursu tətbiq edilsin. Onlar da birləşib soyuducu anbarlar yarada bilsinlər”.

Vahid Məhərrəmlinin fikrincə, bu yolla məhsulları zay olmaqdan qorumaq və kəndlinin onu bazara hissə-hissə çıxarmasına nail omaq olar:

“Fermerlərə digər məsləhətim odur ki, onlar becərdikləri məhsulun tələbatını nəzərə alsınlar. Əgər əkin ərazilərini genişləndirsələr, daha çox məhsul əldə edəcəklər. Təəssüf ki, Azərbaycan bazarları o həcmdə məhsulu qəbul edəcək gücdə deyil”.

Rəna Cumaqızı, Bizim.Media

Seçilən
102
34
bizim.media

10Mənbələr