AZ

"Bütün məktəblərdə şagirdlərin telefondan istifadəsinə qadağa qoyulmalıdır" - Təhsil eksperti

Son zamanlar yeniyetmələr arasında neqativ halların çoxalmasının şahidi oluruq. Sadəcə son 3 gündə 3 məktəbli cinayət hadisəsi törədib. Onlar kriminala meyil edir, bayağı mahnılar dinləyir və xoşagəlməz davranışlar sərgiləyirlər. Bir çox insan düşünür ki, bu kimi halların yaşanmasının əsas səbəbi mobil telefonlar və sosial mediadır.  


Bəs məktəblilər telefonun, sosial medianın ziyanlı təsirlərindən necə qorunmalıdır? Hansı addımlar atılmalıdır?


Mövzu ilə bağlı Sfera.az-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi bildirib ki, valideynlər övladlarına övladlarından daha ağıllı telefon alıb verməklə həm onların, həm də cəmiyyətin mənəvi məhvinə yol açırlar:


“İnformasiya texnologiyaları avadanlıqları təyinatı üzrə yox, daha çox əyləncəyə, boş vaxt keçirməyə istifadə edilir. Nəticədə, şagirdlər arasında xoşagəlməz hallar yaşanır. Bu əsas valideynlərin diqqətdə saxlamalı olduğu məsələdir. Onlar övladlarına 5 minlik telefon alanda düşünməlidirlər ki, həmin uşaq təhsilə yox, başqa istiqamətə yönələcək. Eyni zamanda, əgər uşaqlara bu telefonlar alınıbsa, valideynlər övladlarının dərsə daha çox vaxt ayırıb-ayırmadığına diqqət etməlidirlər”. 


Ekspertin sözlərinə görə, valideynlə paralel olaraq iş təhsil müəssisəsinin də üzərinə düşür:


“Təhsil müəssisəsində aidiyyəti şəxslər şagirdlə işləməyi bacarmalıdırlar. Çünki şagird günün müəyyən hissəsini məktəbdə keçirir. Əgər şagirdlər mobil telefondan dərsin gedişatında da istifadə edirlərsə, buna məhdudiyyət tətbiq olunmalıdır. Düzdür, bu, pilot layihə kimi bəzi paytaxt məktəblərində tətbiq olunur, lakin bu qərar bütün ölkə ərazisini əhatə etməlidir”. 

 

Firuzə Əliyeva
 

Seçilən
18
sfera.az

1Mənbələr