AZ

“Ovçuluq haqqinda” qanuna dəyişiklik nəzərdə tutulur



Oktyabrın 4-də Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin 2024-cü ilin payız sessiyasında ilk iclası keçirilib.

Newscenter.az xəbər verir ki, iclası açan komitənin sədri Sadiq Qurbanov komitə üzvlərini cari il sentyabrın 1-də, Azərbaycanın bütün suveren ərazisində şəffaf və demokratik şəraitdə baş tutmuş növbədənkənar parlament seçkilərində qalib gəlmələri münasibətilə təbrik edib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Komitə sədri əvvəlcə Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin 2024-cü ilin payız sessiyası üçün iş planının layihəsini müzakirəyə təqdim edib. O, diqqətə çatdırıb ki, iş planına qanunvericilik təşəbbüsü qaydasında daxil olan qanun layihələrinin, mövcud qanunlara ediləcək dəyişikliklərin müzakirəsi daxil edilib. Bundan başqa sessiya ərzində rəqəmsallaşmanın ətraf mühitə təsiri və ekologiyanın digər aktual məsələləri ilə bağlı dinləmələrin, müzakirələrin və müvafiq tədbirlərin keçirilməsi nəzərdə tutulub.

Sonra iclasda gündəliyə daxil olan “Balıqçılıq haqqinda”, “Heyvanlar aləmi haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında” və “Ovçuluq haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi nəzərdən keçirilib. Komitə sədri qanun layihəsində balıqçılıq və ovçuluq fəaliyyətlərinin tənzimlənməsi, heyvanlar aləminin mühafizəsi və ətraf mühitin qorunması ilə bağlı təklif olunan təkmilləşdirmələrdən danışıb.

Gündəliyin üçüncü məsələsi olan Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) ilə bağlı bildirilib ki, sənəd hüquqi sistemin müasirləşdirilməsi və cəmiyyətin təhlükəsizliyinin artırılması baxımından mühüm əhəmiyyət daşıyır. Dəyişikliklər arasında, ekoloji cinayətlərə və inzibati xətalara cəzaların tətbiqi, eləcə də müvafiq məsuliyyətlərin artırılmasının ekoloji mühitin mühafizəsinə və təbii ehtiyatların istifadəsinə müsbət təsir edəcəyi vurğulanıb.

Sonra “Heyvanlar aləmi haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında” və “Yaşıllıqların mühafizəsi haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinə baxılıb. Bu qanun layihəsində heyvanların mühafizəsi, ekosistemlərin qorunması və yaşıllıqların saxlanılması ilə bağlı müasir tələblər təsbit olunub.

İclasda son olaraq “Azərbaycan Respublikası Hökuməti ilə birgə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişimləri üzrə Çərçivə Konvensiyasının Kioto Protokolunun və Paris Sazişinin Katibliyi arasında Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Görüşünün on doqquzuncu sessiyası, Paris Sazişinin Tərəflər Görüşünün altıncı sessiyası və Köməkçi Orqanların sessiyaları haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi nəzərdən keçirilib.

Məsələlərin müzakirəsində komitə sədrinin müavini Fatma Yıldırım, komitə üzvləri Rövşən Muradov, Naqif Həmzəyev, Asif Əsgərov, Milli Məclis Aparatının İqtisadi qanunvericilik şöbəsinin müdiri Məhəmməd Bazıqov, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hüquq və insan resursları şöbəsinin müdiri Aynurə Kərimova, Dövlət Ekoloji Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Mirqasım Qənbərov təqdim olunan qanun layihələri barədə fikirlərini və qeydlərini bildiriblər.

Deputatlar komitənin 2024-cü il payız sessiyası üçün iş planını təsdiqləyiblər, qanun layihələrini Milli Məclisin plenar iclasına tövsiyə ediblər.

İclasda deputatlar Vüqar Rəhimzadə, Bədəl Bədəlov və Eyvaz Qurbanov, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin şöbə müdiri Sadiq Dərafərin və digər rəsmi şəxslər iştirak ediblər.

Süleyman
Seçilən
230
newscenter.az

1Mənbələr