AZ

XV Bakı Beynəlxalq Film Festivalı başlandı

Nizami Kino Mərkəzində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Kino Agentliyinin dəstəyi ilə keçirilən XV Bakı Beynəlxalq Film Festivalının təntənəli açılışı oldu.

Mərasimdə Mədəniyyət Nazirliyinin rəsmiləri, xarici ölkələrin Azərbaycandakı səfirliklərinin nümayəndələri, festivalın beynəlxalq tərkibli münsiflər heyətinin üzvləri, həmçinin mədəniyyət və incəsənət xadimləri iştirak edirdilər. Məclisi giriş sözü ilə açan Bakı Beynəlxalq Qısa Filmlər Festivalının direktoru, prodüser Fehruz Şamıyev festival iştirakçılarını salamladı və onlara sənət uğurları arzuladı.

Azərbaycan Respublikası Kino Agentliyinin baş direktoru Orxan Fikrətoğlu çıxışında dedi: “Kinematoqrafiyanın inkişafına təkan verən hər bir festivalı alqışlayırıq. Çox şadıq ki, belə uğurlu layihələrdən biri də, 15 illik böyük yol qət etmiş bugünkü festivaldır. Bu festivalın ənənəvi olaraq keçirilməsində əməyi olan hər kəsə təşəkkür edirəm. Gənc Kinematoqrafçılar Mərkəzinin 2004-cü ildə təsis etdiyi bu festival əvvəlki illərdə “START” adı ilə fəaliyyət göstərib. Ölkəmizin ən uzunömürlü festivalı bu illərdə həm də Kan, Venesiya, Berlin film festivallarında, “OSKAR”da mükafat və uğur qazanmış filmlərin nümayiş məkanına çevrilib”.

Sonra Azərbaycan kinosundakı xidmətlərinə görə kino xadimlərindən aktrisa Həmidə Ömərova və Şükufə Yusupova “Qızıl nar” mükafatına layiq görüldülər.

Festivala daxil olan filmlərdən kadrlar nümayiş olundu.

Bu il festival çərçivəsində - 5 gün müddətində ümumilikdə 26 ölkəni əhatə edən 79 film nümayiş olunacaq. Tamaşaçılarla 15-ci görüşə gələn festival bu ildən tammetrajlı filmlərin müsabiqəsini də keçirir. Beynəlxalq müsabiqədə ilk dəfə tammetrajlı bədii və qısa filmlər yarışır. Yerli müsabiqəyə qısametrajlı bədii, sənədli filmlər və sosial çarxlar qəbul olunub. Ümumilikdə isə bu müsabiqədə 25 ekran əsərinin nümayişi gözlənilir. Festivalda müsabiqədənkənar proqramlar da tamaşaçıların ixtiyarına verilir.

Münsiflər heyətinin üzvü Zümrə Ərtürk XQ-yə açıqlamasında dedi:

– Builki festivalda münsiflər heyətinin üzvlərindən biri kimi iştirak edirəm. Bakıda belə möhtəşəm festivalın keçirilməsi və bu tədbirdə yer almağım məni çox qürurlandırır. Bu cür festivallar yeni insanlarla tanış olmaq, istedadlı şəxsləri kəşf etmək və onlarla birgə əməkdaşlıq etmək üçün olduqca əhəmiyyətlidir. Bir daha festivalın təşkilatçılarına təşəkkür edirəm.

Türksoy baş katibliyinin beynəlxalq kino üzrə müşaviri Maira Kasarpaeva isə bildirdi:

– Festivalda Türk dünyasından 6 ölkə - Qazaxıstan, Qırğızıstan, Azərbaycan, Türkiyə, Özbəkistan və Türkmənistan iştirak edir. Biz bu festivalda “Türk dünyası kinemotoqrafiyasının tarixinə səyahət” adlı sənədli filmi də izləyəcəyik. Bir neçə gün bundan əvvəl “Baku Cinema Breeze” Film Festivalında iştirak etdik. Ölkənizdə film sənayesinin parlaq gələcəyi var.

Fidan SALMANOVA
XQ

Seçilən
140
30
xalqqazeti.az

10Mənbələr