AZ

Niderland Ukraynaya F-16 qırıcılarının ilk partiyasını verdiyini açıqlayıb

Niderland

Kiyev, 7 oktyabr, AZƏRTAC

Ukrayna Niderlanddan ilk F-16 qırıcılarını alıb. Tərəfdaş ölkə, həmçinin dron təşəbbüsü elan edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Ukraynada səfərdə olan Niderlandın müdafiə naziri Ruben Brekelmans öz “X” sosial şəbəkədəki paylaşımında məlumat yayıb.

"İlk dəfə rəsmi olaraq elan edə bilərəm ki, ilk Niderland F-16-ları Ukraynaya gətirilib. Buna təcili ehtiyac var. Xarkovda Rusiyanın hava hücumlarının vurduğu ziyanı gördüm və tez-tez hava hücumu siqnallarını eşitdim. Qalan 24 təyyarə isə qarşıdakı aylarda Ukraynaya göndəriləcək”, - deyə nazir əlavə edib.

Brekelmans bildirib ki, Niderland Ukraynanı dəstəkləməkdə ön sıralarda qalır və buna görə də o, pilotsuz uçuş aparatları ilə bağlı fəaliyyət planını elan edir.

"400 milyon avro məbləğində qabaqcıl pilotsuz təyyarələr təqdim edəcəyik. Kəşfiyyat, müdafiə və hücum üçün. Onların demək olar ki, yarısı Niderlandda hazırlanacaq", - deyə nazir bildirib.

Xatırladaq ki, Ruben Brekelmans Ukraynaya gözlənilməz səfər çərçivəsində Ukraynanın müdafiə naziri Rustem Umerovla görüşüb. Xüsusilə, tərəflər aviasiya koalisiyasında əməkdaşlığı gücləndirmək barədə razılığa gəliblər. Söhbət ekipaj hazırlığından, eləcə də silah və təyyarələrin ehtiyat hissələrinin tədarükündən gedir.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Seçilən
43
1
azertag.az

2Mənbələr