“Real”ın və Almaniya yığmasının keçmiş mərkəz yarımmüdafiəçisi Toni Kroos futbolda fərdi mükafatlara qarşı mövqeyini açıqlayıb.
Arena.az AS dərgisinə istinadən, alman keçmiş futbolçunun bu barədə fikrini təqdim edir:
“Futbolda fərdi mükafatlar mənə tamamilə gərəksiz görünürlər. Komanda olmasaydı, oyunçu sadəcə bir heç olardı” deyə Kroos fikrini əsaslandırıb.
Xatırladaq ki, daha əvvəl Kroos vətəni Almaniyada keçirilən 2024-cü il Avropa çempionatından sonra peşəkar futbolçu karyerasını başa vuracağını açıqlamışdı. Buna qədər isə alman yarımmüdafiəçi “Real”la 2023/2024-cü il Çempionalar Liqasının qalibi olduğu, Dortmund “Borussiya”sı ilə möhtəşəm final oyunundan (2:0) sonra vidalaşmışdı.
2020-ci il Avropa çempionatından dərhal sonra bundestimi tərk etmiş Kross, 2024-cü il Avropa çempionatında yığmaya köməyini təklif etmiş və yenidən bundestimin düşərgəsinə qayıtmışdı.
Toni Kroos Rostok “Hanza”sının yetirməsidir. Alman yarımmüdafiəçi əvvəllər “Bayer” və “Bayern”də çıxış edib və artıq, 2014-cü ilin iyulunda 25 milyon avro müqabilində “Bayern”dən keçdiyi “Real”da çıxışını başa vurduğunu elan edib.
2023/2024-cü illər mövsümündə Kroos “qaymaqlılar”ın heyətində 48 oyuna 1 qol vurub, 10 məhsuldar ötürmə ilə fərqlənib. Toninin İspaniya nəhənginin heyətində ümumi statistikası da sanballıdır: 465 oyun, 28 qol, 99 məhsuldar ötürmə.
Toni Kroos “Real”la bütün mümkün ali klub yarışlarında dəfələrlə qalib olub. Alman futbolçunun xəzinəsində “qaymaqlılar”la 4 İspaniya çempionluğu, 1 İspaniya Kral Kuboku, 4 İspaniya Super Kuboku, 5 UEFA Çempionlar Liqası, 4 UEFA Super Kuboku, 5 FIFA Klub Dünya Kuboku var.
Kroos 2010-cu ilin martında debüt etdiyi Almaniya yığmasının heyətində 114 oyuna 17 qol vurub, 21 məhsuldar ötürmə verib. Toni bundestimlə DÇ-2010-da və AÇ-2012-də bürünc medal qazanıb, DÇ-2014-də isə mundialın qalibi olub.