Jurnalist Elçin Alıoğlu ABŞ seçkiləri və Cənubi Qafqazdakı son geosiyasi durumla bağlı Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik.
- ABŞ-da keçiriləcək prezident seçkilərinə sayılı günlər qalıb, sizcə, namizədlərdən kimin şansı daha yüksəkdir: respublikaçı Donald Trampın, ya demokrat Kamala Harrisin?
- Məsələ budur ki, ABŞ-da keçiriləcək seçkilərlə bağlı indiyədək real və ciddi bir dəyişiklik nəzərə çarpmır. Proses əvvəlki ssenari üzrə, gözlənilməzliklərlə dolu olmayan bir məcrada gedir. Məsələ iki əsas orientr üzərindən özünü göstərir.
Birincisi, Amerikada “Respublikaçı” və “Demokrat” adlanan ştatlar var. Həmin ştatların sakinləri onillərdir öz mövqelərini dəyişməyiblər – ya Respublikaçıları, ya da Demokratları dəstəkləyirlər. Amma “yelləncək ştatlar” adlanan əyalətlər də var, onlar da vəziyyətdə asılı olaraq, situativ neytrallıq nümayiş etdirirlər. Belə ştatların sayı 12-dir. İndi mübarizə bu ştatlar üzərində gedir. Məsələn, bura Nyu-Hempşir, Nevada, Texas, Kolumbiya, Montana, Alyaska və sair daxildir. Bunlar “tərəddüd edən ştatlar” adlandırılır.
Kamala Harris və ya Donald Trampın seçilməsinin Azərbaycan üçün heç bir rol oynamır. Çünki onların ikisi də ABŞ hərbi sənaye kompleksinin nümayəndələridir. Hər ikisi erməni lobbisinin səsi və rəğbətini qazanmaq üçün bəyanatlar verib və verməkdə davam edəcək. Bu siyasi oyun noyabrın 5-dək gedəcək.
Guya 60 konqresmen (Azərbaycanla bağlı) Entoni Blinkenə müraciət edib. Halbuki bu müraciəti elə Blinkenin özü hazırlayıb. Həmin konqresmenlər isə son vaxtlarda Demokratların mövqelərinin zəiflədiyi ştatların nümayəndələridir. Məqsəd həmin ştatlarda yaşayan ermənilərin səslərini qazanmaqdır.
Tramp da bəyanat verir ki, ABŞ-ın Cənubi Qafqazdakı siyasətinə revizionist və ya təftişçi baxış lazımdır, bu yöndə yenidənqurma və islahatlara ehtiyac var. Yəni ABŞ-ın siyasətində dəyişən heç nə yoxdur. Tramp və ya Harris olsun, ABŞ-ın Azərbaycana münasibətində ciddi dəyişikliyin olacağını düşünmürəm.
- Bəs Harris və ya Trampın seçilməsi Yaxın Şərq və Ukrayna kimi dünyanın kritik nöqtələrində baş verənlərə ABŞ-ın yanaşmasında nələri dəyişəcək?
- Heç bir təsir göstərməyəcək. Tramp özünü elə göstərir ki, guya Putinin dostudur və seçilərsə, Ukraynada müharibəyə qısa müddətdə son qoyacaq. Harris isə hərbi sənaye kompleksinin və libertarian amerikalıların səslərini qazanmaq üçün Ukrayna müharibəsində Zelenskini dəstəkləyir.
Amerika rollar həmişə bölünür. Eyni situasiya İkinci Dünya Müharibəsi, Karib böhranı, Afrika və digər məsələlərə yanaşmada da müşahidə olunub. Həmişə dəyişməyən rol bölgüsü var: biri bunu dəstəkləyirsə, digəri mütləq əleyhinə çıxır. Hələ olmayıb ki, ABŞ seçkilərində iştirak edən iki namizəd xarici siyasətə aid bir məsələ ilə bağlı eyni mövqedən çıxış eləsin. Buna görə də, düşünmürəm ki, Ukrayna müharibəsi, post-sovet məkanında tribulent proseslər, Yaxın Şərq və digər məsələlərlə əlaqədar ABŞ-ın siyasətində köklü dəyişiklik olacaq.
Siz düşünürsünüzsə ki, ABŞ prezidenti öz qərarlarında müstəqildir, elə deyil. ABŞ prezidenti bir çox nüansları hərbi sənaye kompleksi, siyasi qruplaşmalar və icmaların fikirlərini mütləq nəzərə almalıdır.
- Yəni Bayden adminitsrasiyasının Azərbaycana yönəlik hazırkı siyasəti seçilsə, Trampın dövründə də davam edəcək?
- Bəli, davam edəcək. O vaxta qədər davam edəcək ki, Azərbaycan ABŞ-ın dediklərini həyata keçirəcək. Biz də bunları edən deyilik. ABŞ istəyir ki, biz 44 günlük müharibənin nəticələrindən könüllü şəkildə imtina edək. ABŞ istəyir ki, biz Azərbaycan vətəndaşlığını qəbul etmədən qarabağlı ermənilərin ölkəmizə “qayıdış”ına mane olmayaq. Yəni yenə də terrorizm, separatizm və terrorçu xunta Xankəndidə olsun. ABŞ istəyir ki, Ermənistanla şərti dövlət sərhədində 30 ildən çox işğalda qaldıqdan sonra azad etdiyimiz ərazilər, yaxud bərpa etdiyimiz 1991-ci il sərhədindən geri çəkilək və həmin əraziləri Ermənistana peşkəş edək. Nəhayət ABŞ bizdən istəyir ki, Cənubi Qafqazda əsas nəqliyyat qovşağı olmaqdan könüllü imtina edərək, bu hüquq və imkanları Ermənistana verək. Yəni Paşinyanın “Sülh qovşağı” layihəsi reallaşsın, bu və Ermənistan vasitəsilə Azərbaycan və Gürcüstana intensiv və total təzyiqlər həyata keçirsinlər.
ABŞ onu da istəyir ki, Azərbaycanda LGBT (üçüncü cins) və “söz və mətbuat azadlığı” adı altında qıraqdan qrantların ayrılması qanuniləşsin, “insan haqları və demokratiya” adı altında birbaşa Vaşinqton idarə olunan və maliyyələşən müxtəlif strukturların fəaliyyətlərinə heç kim qanuni müdaxilə eləməsin. ABŞ-ın istəkləri bunlardır, onlar da yerinə yetirilməyənədək heç nə dəyişməyəcək.
ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Anım Günündə (27 sentyabr) Şəhidlər xiyabanına getmişdi, amma Qarabağ şəhidlərinin məzarlarına baş çəkmədi, onların xatirələrini yad etmədi. Bu, bilərəkdən edilən bir şeydir. Libbi nə vaxt Şuşa və Xankəndiyə gedər, onda ABŞ-ın siyasətində müəyyən dəyişikliklərin olacağı ehtimallarını müzakirə edə bilərik.
- Bəs bu diplomatik gərginlik hansı sonluqla bitəcək? Azərbaycana qarşı sanksiyalardan danışırlar, buna gedə bilərlərmi?
- O sanksiyalar tələbini imzalayan 60 konqresmen kollektiv şəkildə gedib başlarını Ağ Evin divarına döyür. Bir anlıq təsəvvür edək ki, sanksiyalar tətbiq olundu, Azərbaycanın hesablarına həbs qoyuldu və bunlar qarabağlı ermənilərə, yaxud “təkdırnaqlı məxluqlar”a verildi. Bu, çox pis presedent yaradacaq. Bu, artıq bütün dünya ölkələrini düşünməyə vadar edəcək ki, ABŞ-ın qiymətli kağızları, istiqrazları və valyutasına yatırım etmək, dövlətin qızıl-valyuta ehtiyatını ABŞ dollarında saxlamaq çox təhlükəlidir. Yəni bu gün Azərbaycana tətbiq edilən sanksiya sabah onlara tətbiq edilə bilər. ABŞ heç vaxt bu sanksiyalara getməyəcək.
Digər yandan, bu gün Avropanın enerji və geostrateji təhlükəsizliyini təmin edən ölkələrdən biri Azərbaycandır. Avropa Birliyi ilə onsuz da gərgin olan münasibətləri daha da gərginləşdirmək, Vaşinqtonun planında deyil. Sadəcə noyabrın 5-ni gözləmək lazımdır. Həmin vaxta qədər ABŞ konqresmenləri deyəcəklər ki, “bizim babalarımızdan biri erməni idi, biz Ermənistanı çox sevirik, gecə-gündüz İrəvana baxıb kövrəlirik” və sair. Məqsəd erməni seçicilərin səslərini almaqdır. Məsələ bu qədər bəsitdir, dava yorğan davasıdır.
- Yaxın günlərdə Gürcüstdanda keçiriləcək parlament seçkilərinin Cənubi Qafqaza hansı təsirləri olacaq? Məsələn, “Gürcü Arzusu” məğlub olsa, bu, Qərbin bölgədəki manevr imkanlarını genişləndirə bilərmi?
- Qərb “Gürcü Arzusu” Partiyasının məğlub olması üçün əlindən gələni edir. Aşkar şəkildə və çəkinmədən İvanişviliyə bildirilir ki, əgər Qərbin tələblərini yerinə yetirməsə, ABŞ-ın sanksiyalar siyahısına daxil ediləcək. Açıq şəkildə deyilir ki, Gürcüstanın siyasi elitaları Qərbin göstərişlərini yerinə yetirməlidirlər, əksa halda, Tiflisin Avropa Birliyinə üzvlüyü və Avropa təşkilatlarındakı iştirakı qeyri-müəyyən gələcəyə qədər təxirə salına bilər.
Gürcüstandakı seçkilərə müdaxilə ABŞ, Fransa və Avropa Birliyinin Cənubi Qafqazda möhkəmlənmək üçün atdıqları ikinci addımdır. Birinci addım Ermənistanla əlaqələrin möhkəmləndirilməsidir. Qərb Gürcüstandakı hökumətin əl-qolunu bağlayıb özünə itaət edəcək hala gətirməyə çalışır. Bunu edə bilsə, Qərb özünü Cənubi Qafqazda bir qədər rahat hiss edərək, Rusiya və Türkiyənin regiondan tam sıxışdırılıb çıxarılması üçün daha aqressiv və odioz addımlar atmağa başlayacaq. Başqa sözlə, Gürcüstandakı seçkilər Cənubi Qafqazdakı bütün proseslərə təsir edəcək.