AZ

Seçkilərdə yəhudi FAKTORU: “ABŞ-nin belə davranmağa haqqı yoxdur”

 

“ABŞ-nin atdığı addımların böyük hissəsi ölkədə keçiriləcək seçkilərlə bağlıdır. Yəni hazırda dar maraqların ön plana keçdiyini müşahidə edirik. Halbuki ABŞ-nin dünyanın superdövləti kimi, belə davranmağa haqqı yoxdur”.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Elçin Xalidbəyli deyib.

Politoloq noyabrın 5-də ABŞ-də keçiriləcək prezident seçkiləri ilə bağlı Donald Trampın İsrail haqqında səsləndirdiyi fikirlərə münasibət bildirib və seçkilərdə yəhudi faktorunun önəmindən söz açıb. E. Xalidbəyinin dediyinə görə, bu baxımdan, Donald Trampın yəhudi faktoru üzərindən seçkiləri öz xeyrinə dəyişdirmək cəhdlərini anlamaq qətiyyən çətin deyil.

“Çünki Kamala Harris də eyni davranışları etməkdədir, Bayden administrasiyası da seçki maraqları ilə bağlı addımlar atmaqda davam edir. Yəni ABŞ-nin dövlət imkanlarını Kamala Harrisin seçki maraqlarına yönəltməyə çalışırlar. Bütün bunları nəzərə alanda, atılan addımlar və verilən açıqlamaların böyük bir hissəsinin seçkiyə bağlı olduğu qətiyyən şübhə doğurmur. Son vaxtlar da Donald Tramp artıq Kamala Harrislə öz şanslarını bərabərləşdirməyə nail olub və seçilmək imkanları nisbətən bərabərləşib. Halbuki bir müddət öncə Tramp Harrisdən geri qalırdı. İndi isə şanslar bərabərləşib və yekun nəticə, yəqin ki, seçki günü veriləcək səslərdən məlum olacaq”, – deyə o əlavə edib.

E.Xalidbəylinin fikrincə, əsas məsələlərdən biri ondan ibarətdir ki, Donald Tramp bütün amerikalılara xəbərdarlıq edərək söyləyib ki, əgər Harris hakimiyyətə gələrsə, İsrail dövləti mövcudluğunu itirəcək: “Eyni zamanda, buna paralel olaraq dünyanın ən nüfuzlu iş adamlarından biri olan İlon Mask Harrisə qarşı daha sərt ittiham irəli sürüb. O, bildirib ki, Harris ABŞ prezidenti olarsa, ABŞ bir dövlət olaraq, mövcudluğu itirə bilər. Bu baxımdan, görünən odur ki, vəziyyət kifayət qədər qəlizləşir və yekun nəticəni görmək üçün seçki günün görmək lazımdır”.

Xatırladaq ki, Tramp qarşıdan gələn ABŞ seçkilərini “İsrail tarixində ən mühüm gün” adlandırıb. Respublikaçı bildirib ki, İsrailin taleyi onun seçkilərdəki qələbəsindən asılıdır. Onun fikrincə, 7 oktyabr hücumu demokratların zəifliyi üzündən baş verib və onun hakimiyyəti dövründə bu, baş verməzdi. O, bunu “bəşər tarixinin ən qara günlərindən biri” adlandırıb. Tramp həmçinin antisemitizmin, xüsusən Demokratlar Partiyasında artdığını vurğulayıb və onun rəhbərlik etdiyi Respublikaçılar Partiyasının bu “xəstəliyə” yoluxmayacağına əmin edib.

Rafi Müslümov

Seçilən
185
50
yenicag.az

10Mənbələr