AZ

Rusiya İrəvana növbəti mesajı verdi- "KTMT hərbi təşkilat deyil"...

Image

“Qərb Cənubi Qafqazda təxribat törətməyə çalışır, region ölkələri bu cəhdlərlə mübarizə aparmalıdır”. Belə bir açıqlama ilə  Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova çıxış edib. 

O qeyd edir ki, Qərb regionda təhlükəli oyunlar oynayır:   “Biz kollektiv Qərb ölkələrinin NATO blokunun bulanıq suda balıq tutmaq arzusunu görürük. Düşünürəm ki, regionun digər ölkələri bunu yaxşı bilir. Qərbin xaosu idarə etmək istəyi ilə əlaqədar dünyanın müxtəlif nöqtələrində gedən ümumi destabilizasiyanın bizim regionumuza sıçramaması üçün əlimizdən gələni etməliyik”.

Qeyd edək ki, daha öncə Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) direktoru Aleksandr Bortnikov da analoji xəbrdarıqla çıxış edib. Bortnikov  vurğulayıb ki, Qərb ölkələri Ermənistanda özlərinə “ayaqyeri” etmək üçün İrəvanın Rusiyanın başçılığı altında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmasını istəyirlər. Onun sözlərinə görə, daha münasib silah təchizatı və təhlükəsizlik qarantiyaları müqabilində Qərb İrəvanın KTMT-dən çıxmasına nail olmaq istəyir: “Bu, İrəvanı Bakı ilə münasibətlərində NATO-dan daha çox asılı edərdi. Və NATO-nun dünyanın müxtəlif yerlərində bundan əvvəlki vasitəçilik təcrübəsi göstərir ki, bu blokun Cənubi Qafqazda möhkəmlənməsi regionun sabitliyinə xidmət etmir”. Keçmiş sovet respublikaları təhlükəsizlik başçılarının Qazaxıstanda keçirilən iclasında Bortnikov iddia edib ki, İrəvanı Bakı ilə danışıqları uzatmağa təhrik edən Qərb Azərbaycan-Ermənistan sülh prosesinə sahiblənməyə və regiona BMT kontingenti adı ilə NATO sülhməramlılarının yerləşdirilməsinə can atır. Aleksandr Bortnikov məhz bu bucaqdan çıxış edərək, Ermənistanda Azərbaycanla sərhəd boyunca Avropa İttifaqı müşahidə missiyasının yerləşdirilməsini tənqid edib. O, Avropa İttifaqı müşahidəçilərini Rusiya və onun partnyorlarının marağı əleyhinə və spesifik NATO ölkəsi üçün kəşfiyyat tapşırığı yerinə yetirməkdə ittiham edib. Artıq Avropa İttifaqı Bortnikovun iddialarını rədd edib və bildirib ki, Moskva hazırda nəinki Qərblə, hətta özünün köhnə müttəfiqi Ermənistanla da qarşıdurmadadır. Avropa İttifaqının xarici siyasət məsələləri sözçüsü Peter Stano “Armenpress” agentliyinin suallarına cavab verərkən deyib: “Bu bəyanatlar cəfəngiyat, adi yalanlar və Rusiya rejiminə xas manipulyasiyalarla doludur. Rusiya Ermənistanın qarşısında vəd və öhdəliklərini dəfələrlə yerinə yetirə bilməyib”. Baş verənlərlə bağlı “armenianreport” portalı yazır: “Rəsmi İrəvan Ermənistanın KTMT-nin fəaliyyətində iştirakını niyə dondurmaq qərarına gəldiyini də bilir. Bunun günahkarı Qərb deyil, Rusiya və təşkilata üzv olan digər ölkələrdir. Eyni zamanda, biz hamımız görürük ki, Rusiya-Azərbaycan və Rusiya-Belarus münasibətləri necə sürətlə inkişaf edir. Yaxşı, niyə biz KTMT-nin tərkibində qalmaqda davam edirik?! Belə bir sualın kifayət qədər ağlabatan olduğu aydındır. Və bunun ortaya çıxmasında Qərbin günahı yoxdur. Onu aktivləşdirən Rusiya və Belarus idi, şəxsən Putin və Lukaşenko. İndiki şəraitdə isə Gümrüdəki Rusiya hərbi bazasının ölkəmizdə mövcudluğunun davam etdirilməsinin məqsədəuyğunluğu barədə yüksək səslə danışmağın vaxtı çatıb. Yeri gəlmişkən, Bortnikovun özü də Ermənistanın ünvanına bu cür açıq şəkildə yersiz bəyanatlar verməklə Gümrüdəki bazadan Rusiya hərbçilərinin göndərilməsinə dəstək verənlərin sayını artırır”.

Bunlar fonunda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan qeyd edir ki, İrəvan KTMT-dən çıxmaq qərarı ilə bağlı bütün risqləri hesablayıb: “Sirr deyil ki, sabitlik prioritet olmalıdır və baş verə biləcək proses yaxşı hesablanmalı, idarə olunmalıdır; mən risqlərin idarə edilməsini nəzərdə tuturam. Bu sadə məsələ deyil. Ermənistan KTMT-dəki üzvlüyünü dondurub və buna qədər olan münasibətlərə qayıtmaq niyyətində deyil. Biz işləməyən hərbi ittifaqda özümüzü görmürük”.  Bir müddət əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan KTMT-nin Ermənistanın təhlükəsizliyinə, onun gələcək mövcudluğuna və suverenliyinə təhdidlər törətdiyini deyib. İrəvanın əsas məqsədi, əslində, KTMT-ni Azərbaycanla üz-üzə qoymaqdır. Lakin bu istiqamətdə bütün cəhdlər iflasa uğrayıb. Bu xüsusda son nöqtəni isə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova  qoyub.  O bəyan edib ki, ümumiyyətlə, KTMT hərbi blok deyil: “KTMT öz təhlükəsizliyi ilə bağlı məsələlərdən narahat olan ölkələri birləşdirən təşkilatdır. Nə nizamnamə sənədlərində, nə də fəaliyyət tarixində bu strukturun kiməsə qarşı yönəldiyini təsdiq edən və ya göstərən bir sübut, bir söz belə yoxdur. Olduqca konkret çağırışlar və bu strukturun məşğul olduğu konkret problemlər, məqsədlər, vəzifələr var. KTMT heç kimə qarşı yönəlməyib. O, NATO deyil. KTMT NATO çətiri, brendi və ya françayzinq altında hər hansı yeni birləşmə deyil. Ona görə də bu kimi fikirlərin heç bir halda KTMT-yə aidiyyəti yoxdur”. Rusiyalı politoloq Sergey Markov bildirir ki, Qərb Ermənistan vasitəsilə Cənubi Qafqazın işlərinə qarışmağa çalışır. Özlərini danışıqlar platforması kimi göstərirlər. Bunu isə Rusiya və Azərbaycan qəbul etmək istəmir: “Qərb üçün sülh və ya müharibə vacib deyil. Bu sülh və ya müharibənin onların rəhbərliyi altında olması əhəmiyyətlidir”. Onun sözlərinə görə, Ermənistanın Azərbaycanla tezliklə sülh sazişi imzalaması ən optimal yoldur: “Azərbaycanla Ermənistan arasında sərhədin açılması bölgəyə böyük sərmayələr cəlb edəcək. İnsanların sərbəst gediş-gəlişinə, səyahətinə şərait yaradacaq”.  Qərbin istəyinə uyğun Rusiyanın Ermənistandan çıxacağını, sakitliklə yerini Qərbə verəcəyini heç kim gözləmir. Bu fonda Ermənistan Qərbin geosiyasi maraqlarının qurbanı olmaq təhlükəsi ilə üz-üzədir.

Tahir TAĞIYEV





Seçilən
84
50
baki-xeber.com

10Mənbələr