AZ

Hadrutun bəxtinə işıq saçılan gün

Dövlət başçımız bu münasibətlə paylaşım edib

Hadrut əməliyyatı İkinci Qarabağ müharibəsində xüsusi əhəmiyyətə malik olan bir əməliyyat idi. İlk növbədə ona görə ki, bu strateji qəsəbəni işğaldan azad etmək bizim gələcək planlarımıza əlavə dəstək verdi. Çünki əgər biz Hadrutu işğalçılardan azad etməsəydik, gələcək əməliyyatlarımız daha böyük çətinliklərlə üzləşə bilərdi. Təsadüfi deyil ki, işğaldan ilk azad edilmiş şəhər olan Cəbrayıldan sonra ikinci böyük yaşayış məntəqəsi Hadrut olmuşdur.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Hadrut qəsəbəsi, 24 dekabr 2021-ci il

Hörmətli oxucu, bu yazının əsas məğzinə keçmədən cənab Prezidentin bir çıxışından seçdiyimiz iqtibasın altındakı tarixə nəzər sal. Yenə də 24 dekabr. Yenə də Prezidentimizin ad günü öz evində, ailəsi ilə birlikdə və ya paytaxtın hansısa guşəsində deyil, məhz otuz il halal süfrə üzünə həsrət qalmış, halal söz eşitməyən Hadrut qəsəbəsində, hərbçilərimizin qarşısında qeyd edilir. Yenə də Ali Baş Komandan ordumuzu salamlayır, əsgərlərimiz onu alqışlayırlar. Dövlət başçımız həmin gün demişdi ki, biz bundan sonra daim qalib xalq, Zəfər çalmış dövlət və müzəffər ordu sözləri ilə daim fəxr edəcək və qürurla yaşayacağıq.

Elə ona görə də cənab Prezident Hadrut qəsəbəsinin düşmən işğalından azad edilməsinin dördüncü ildönümü münasibəti ilə paylaşım etmişdir. Həmin paylaşımın bir məqsədi o əlamətdar günün daim xatırlanmasına çağırışdırsa, digər məqsədi Ermənistan əhalisində revanşist əhval-ruhiyyə yaratmaq istəyən bəzi məkirli qüvvələrə növbəti xəbərdarlıqdır.

Əslində, cənab Prezident bədxahlarımıza ən kəsərli xəbərdarlığı məhz 2021-ci il dekabrın 24-də Hadrut qəsəbəsində xüsusi hərbi hissənin açılış mərasimindən göndərmişdi. O vaxt Ermənistan mətbuatı yazırdı ki, İlham Əliyev Hadrutda açılan hərbi hissənin Azərbaycan Ordusu üçün böyük əhəmiyyət kəsb etdiyini demiş və əsgərləri həvəsləndirərək daha böyük uğurlara çağırmışdır. Düşmən ölkə mətbuatının bu ifadəni xüsusi qabartması onu göstərir ki, işğalçılar Azərbaycan Ordusundakı istənilən yeniliyi ən incə məqamlarına qədər izləməyə çalışırlar.

Bəli, dövlət başçımız həmin çıxışında o ifadəni işlətmişdi: “Bu hərbi hissənin açılması çox böyük əhəmiyyət daşıyır. Çünki bu hərbi hissə işğaldan azad edilmiş ərazidə – Xocavənd rayonunda açılır və ordumuzun sərəncamına verilir. Hərbçilərin xidmət şəraitinin yaxşılaşdırılması ilə yanaşı, onların məişət-mənzil problemlərinin həlli də həmişə diqqət mərkəzində idi. Bildiyiniz kimi, 20 il orduda qüsursuz xidmət etmiş hərbçilərə mənim fərmanımla dövlət tərəfindən mənzillər verilir və bu günə qədər 2200-dən çox hərbçi dövlət tərəfindən mənzillə təmin olunmuşdur”.

Fikrimizcə, erməniləri çox ciddi şəkildə həyəcanlandıran fakt Hadrutda hərbi hissənin açılması yox, hansı məqsədli hərbi hissənin açılması idi. Onlar yaxşı bilirdilər ki, Prezident İlham Əliyev həmin gün Hadrutda Komando briqadasının açılışını edirdi. Ermənilər 44 günlük İkinci Qarabağ müharibəsinin gedişində Azərbaycan Ordusunun Komando birliklərinin əlinin duzunu yaxşı görmüşdülər. Ona görə də Komando əsgərlərimizin Hadrutda məskunlaşması düşmən ordusunun başına daş salırdı.

Məlum olduğu kimi, həmin gün – dövlət başçımızın Hadrutdakı çıxışından sonra Azərbaycan Respublikası Prezidentinin Komando briqadasına döyüş bayrağının verilməsi haqqında təqdimatı oxunmuşdu. Orada deyilirdi: “Əsgəri şərəf, şücaət və şöhrət rəmzi kimi hərbi hissənin hər bir hərbi qulluqçusuna Vətənə sədaqətlə xidmət etmək, öz qanını və canını belə əsirgəmədən onu mərdlik və bacarıqla müdafiə etmək, qoşunlara həvalə olunmuş xidməti döyüş tapşırıqlarını əzmlə yerinə yetirmək, doğma torpağın hər qarışını düşməndən qorumaq borcunu xatırlatmaq üçün təqdim olunur”.

Yəni, indiyədək Hadrutun ətrafında hündürlüyü 1468 metr olan Ərgünəş dağı var idisə, indi ucalığını erməni əsgərlərinin daha yaxşı bildiyi Azərbaycan Komando hərbi hissəsi də var.

Bu məqamda onu da xatırlatmaq istərdim ki, ermənilərin Ərgünəş dağının, onun ətrafındakı Xırmancıq kəndinin və ümumilikdə , Xocavənd rayonunun adlarının türk sözlərindən ibarət olduğunu bilə-bilə buralara ərazi iddiası eləməsi xəstəlik əlamətidir. Sonra yadıma düşdü ki, onlar regionun bütün ölkələrinə qarşı ərazi iddiasından əl çəkmirlərsə, hansı türk sözündən xəcalət çəkəcəklər ki?

Mən bu sətirləri qələmə alanda Prezident kitabxanasının elektron resursları arasında hərbi ekspert Azər Bayramovun Hadrut əməliyyatı haqqında dediklərini də oxudum. Ekspert deyir ki, Hadrutda düşmənin Azərbaycan Ordusundan qat-qat çox olmasına baxmayaraq, hərbçilərimiz qarşıya qoyulan tapşırığın öhdəsindən layiqincə gəldi və düşməni darmadağın etdi: “Ermənistan tərəfində belə bir mif formalaşmışdı ki, düzənlik ərazidə Azərbaycan Ordusu uğurlu olsa da, dağlıq və çətin relyefli ərazidə onların qarşısı alınacaq. Ancaq Hadrut döyüşləri onların uydurduğu bu mifi də puç etdi. Döyüşçülərimiz istənilən şəraitdə qarşıya qoyulan tapşırığı yerinə yetirməyə qadir olduqlarını sübut etdilər”.

Dövlət başçımızın Hadrutdakı çıxışında da relyef məsələsi qabardılırdı. Qeyd edilirdi ki, Hadrut əməliyyatı İkinci Qarabağ müharibəsində xüsusi əhəmiyyətə malik olan bir əməliyyat idi. İlk növbədə ona görə ki, bu strateji qəsəbəni işğaldan azad etmək bizim gələcək planlarımıza əlavə dəstək verdi. Çünki əgər biz Hadrutu işğalçılardan azad etməsəydik, gələcək əməliyyatlarımız daha böyük çətinliklərlə üzləşə bilərdi… “Burada olan hər bir insan bu qəsəbəni əhatə edən dağları görərkən başa düşə bilər ki, bu, nə qədər böyük, çətin və şərəfli missiya idi. Çünki mənfur düşmən 30 il ərzində işğal altında olan bütün torpaqlarda güclü istehkamlar qurmuşdu, bir neçə xətdən ibarət müdafiə sədləri qurmuşdu. Eyni zamanda, Qarabağ və Şərqi Zəngəzur bölgəsinin təbii relyefi də düşmən üçün əlverişli idi. Çünki bu dağlarda, təpələrdə yerləşərək onlar böyük hərbi üstünlüyə malik idilər. Ona görə bizim hərbçilərimizin həm peşəkarlığı, həm fiziki gücü, mənəvi hazırlığı, vətənpərvərliyi, fədakarlığı bu şərəfli Qələbəmizə nail olmaq üçün bizə imkan yaratdı”.

Bəli, uğurlu Hadrut əməliyyatından sonra Azərbaycan Ordusunun Şuşaya gedən yolu açılmışdı. Hərbçilərin fikrincə, bu qəsəbə işğalçılardan azad edilməsəydi, Şuşaya gedib çatmaq çox çətin olardı. Əsgərlərimiz zəfər yolunu davam etdirdilər və müharibə bitəndən sonra dünyanın aparıcı ölkələrinin ali hərbi məktəblərində Şuşa əməliyyatı haqqında müzakirələr başlandı, təhlillər aparıldı.

Sonda bir daha xatırladaq ki, İkinci Qarabağ müharibəsindən cəmi bir il keçəndən sonra Hadrutda yeni hərbi hissənin açılması bizim üçün əlamətdar, düşmən üçün isə qorxulu yuxu effekti yaradan faktdır. Yəni bu hərbi hissə Hadrutda bizim güclü silahlı birləşməmiz olaraq, təhlükəsizliyimizi, ölkəmizin təhlükəsizliyini qoruyacaq. Prezidentin fikrincə, bu hərbi hissənin ən böyük əhəmiyyəti ondan ibarətdir ki, biz müharibədən sonra ordu quruculuğu prosesini dayandırmamışıq və orduya ayrılan xərcləri azaltmamışıq, əksinə, artırmışıq: “Müharibədən sonra imzalanmış yeni kontraktlar icra edilir. Yeni kontraktlar əsasında artıq Azərbaycana Ordumuzun təchizatı üçün ən müasir silahlar, texnikalar gətirilir. Biz bunu heç vaxt gizlətmirdik və işğal dövründə hərbi paradlarda dəfələrlə nümayiş etdirmişdik”.

Təbii ki, söhbət Hadrutun işğaldan azad edilməsinin ildönümündən getdiyinə görə bu qəsəbədəki Komando briqadası hərbi hissəsinin açılmasından danışdıq. Ancaq son zamanlar ölkəmizdə sayını ictimailəşdirmək istəmədiyimiz qədər Komando briqadaları yaradılır. Ali Baş Komandanımızın fikrincə, həmin briqadalar istənilən hərbi vəzifəni icra etməyə qadir olacaqlar.

İttifaq MİRZƏBƏYLİ

Seçilən
76
50
xalqqazeti.az

10Mənbələr