AZ

Bələdiyyələrin sayı azalır: “Səlahiyyətləri isə artmalıdır”

Azərbaycanda 1 400 bələdiyyə birləşdirilir və ümumi say 684-ə endirilir. 

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Milli Məclisin Regional məsələlər komitəsinin iclasında müzkairə aparılır. Qeyd edilib ki, bələdiyyələrin sayının azalılması üçün iki qanun layihəsi hazırlanıb:

 1. “Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında” Azərbaycan Respublikası qanununun layihəsi. 

2. “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa Əlavə – “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi. 

Maraqlıdır, bələdiyyələrin sayının azaldılması effektli olacaqmı?

Məsələ ilə bağlı iqtisadçı-alim Vüqar Qocayev “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, bələdiyyələrin sayı azaldılmalıdır: 

“Bələdiyyələrin fəaliyyəti sakinlər arasında birmənalı qarşılanmır. Buna səbəb kimi bələdiyyələrin səlahiyyətlərinin yetəri qədər olmaması göstərilir. 

Bələdiyyələrin öz daxili imkanları əslində müəyyən işlər görməsinə yetərlidir. Amma çox təəssüf ki, bələdiyyələrin bir çoxu heç bir iş görmür. 

Yalnız məişət tullantıları üçün pul toplamaqla məşğul olurlar. Onu da doğru-düzgün icra edə bilmirlər. Yalnız qəsəbələrin mərkəzi küçələrdə nisbətən nəsə edə bilirlər”. İqtisadçı bildirib ki, bələdiyyələrin sələhiyyətləri artırılmalıdır: 

“Azərbaycanda sonuncu bələdiyyə seçkiləri 2019-cu ilin dekabr ayında keçirilib, növbəti seçkilərin bu ilin sonunda keçirilməsi planlaşdırılır. Birləşmələrdən sonra ölkədə bələdiyyələrin sayının 684-ə enəcəyi gözlənilir. 

Amma bələdiyyələrin sayı azaldıldığı kimi, səlahiyyətləri də artırılmalıdır. Bunu eyniylə Türkiyədə olduğu kimi tətbiq etmək olar. Elə olarsa, bələdiyyələr daha səmərəli fəaliyyət göstərə bilərlər”. 

O qeyd edib ki, bələdiyyələrin səlahiyyəti artdıqda, əhali tərəfindən onlara inam və müraciətlər də artacaq: 

“Buna görə də bələdiyyələrin texniki və maddi imkanları artırılmalıdır. Hələlik pilot olaraq bəzi bələdiyyələr sakinlərə daha geniş xidmət etməlidirlər. Daha sonrakı mərhələdə isə səlahiyyətərin artmas bütün bələdiyyələrə şamil olunmalıdır”. 

Seçilən
13
cebheinfo.az

1Mənbələr