AZ

IRENA COP29 çərçivəsində Mərkəzi Asiya üzrə yeni bir təşəbbüsə start verəcək - Baş direktor

Beynəlxalq Bərpa Olunan Enerji Agentliyi (IRENA) COP29 çərçivəsində Mərkəzi Asiya üzrə yeni bir təşəbbüsə start verəcək.

Bu barədə Trend-ə Beynəlxalq bərpa olunan enerji agentliyinin (IRENA) baş direktoru Françesko La Kamera Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflərin İlkin Konfransında (Pre-COP29) bildirib.

Onun sözlərinə görə, bu təşəbbüsün işə salınması o deməkdir ki, IRENA Mərkəzi Asiya ölkələri və Azərbaycanla yeni sistemin enerji koridoruna inteqrasiyası və əlaqələndirilməsi məsələlərində əməkdaşlıq edir.

"Biz layihələrin maliyyələşdirilməsini təşviq etmək imkanlarını nəzərdən keçiririk. Bütün ölkələr qarşılıqlı əlaqəni yaxşılaşdırmaq üçün çalışacaqlar. Enerji şəbəkələrinin və digər sistemlərin inteqrasiyasını daha da inkişaf etdirmək üçün planlar hazırlayırıq. Bunlar çox konkret addımlardır, çünki tərəfdaşlarımızla işimizi asanlaşdırmaq üçün layihələri təmsil edirlər", - IRENA-nın baş direktoru qeyd edib.

O əlavə edib ki, agentlik ilk dəfə olaraq COP29 çərçivəsində investisiya forumu da təşkil edəcək.

Qeyd edək ki, Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransından (UNFCCC) əvvəlki Konfrans, yəni Pre-COP29 baş tutub.

Pre-COP29 Bakıda "Ambisiyaları artırmaq və fəaliyyət göstərmək" devizi altında keçirilib.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötən il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib. İki həftə ərzində dünyanın mərkəzinə çevrilən Bakı 70-80 minə yaxın xarici qonaq qəbul edəcək.

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən Yer Sammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq üçün imzalanmış sazişdir. "COP" (Conference of Parties) abbreviaturası İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqan olan "Tərəflərin Konfransı" mənasını verir.

Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cür razılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilin martında Berlində baş tutdu və onun katibliyi Bonnda yerləşir.

Seçilən
82
1
day.az

2Mənbələr