AZ

Messi Argentina millisinə qayıtması ilə bağlı duyğularını paylaşdı

Argentina yığmasının ulduz hücumçusu və kapitanı Lionel Messi “albiseleste”nin heyətində meydana qayıtması ilə bağlı duyğularını paylaşıb.

Arena.az xatırladır ki, “Leo”nun geri-dönüşü 2026-cı il dünya çempionatının CONMEBOL bölgəsi seçmə mərhələsinin Venesuela yığması ilə səfər oyununa (1:1) təsadüf edib:

“Mən yenidən oynamaq fürsətini çox gözləmişdim, uzun müddət yox idim, klubda da oyunları buraxmışdım. Amma qayıtdığım üçün xoşbəxtəm. Milli komandada oynamağa davam etdiyim üçün və yenidən burada olduğum üçün xoşbəxtəm”, – Argentina yığmasının mətbuat xidməti Messidən sitat gətirir.

Xatırladaq ki, “Leo” yayda Amerika Kubokunda aldığı zədədən sonra bir müddət futboldan kənar qalmalı olmuşdu.

Lionel Messi 2023-cü ilin yayından MLS təmsilçisi “İnter Mayami”də çıxış edir. Argentinalı ulduz amerikan klubuna PSJ-dən azad agent qismində qoşulub. “Leo”nun “İnter Mayami” ilə müddəti 2025-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var.

Argentinalı ulduz cari mövsümdə “İnter Mayami”nin heyətində bütün yarışlarda 21 oyuna çıxıb, 19 qol vurub və 12 məhsuldar ötürmə verib. Təcrübəli ulduzun “İnter Mayami” karyerası ümumilikdə 35 oyun, 30 qol və 17 məhsuldar ötürmədən ibarətdir.

“Leo” hazırda kapitanı olduğu Argentina yığmasında 2005-ci il avqustun 17-də debüt edib. Ulduz hücumçu yığmada 188 oyun keçirib, 109 qol vurub və 58 məhsuldar ötürmə verib. Bu göstəricilər üzrə “Leo” yığmanın mütləq rekordçusudur.

Argentinalı superulduz Argentina yığması ilə Yay Olimpiya Oyunlarının (2008), Amerika Kubokunun (2021, 2024), FIFA Dünya Kubokunun (2022), Çempionların CONMEBOL-UEFA Kubokunun (2022) qalibi olub. Həmçinin Messi dünya çempionatının (2014) və Amerika Kubokunun gümüş (2007, 2015, 2016) mükafatçısı olub.

“Leo”nun qənimətlər muzeyində müxtəlif fərdi mükafatlar, həmçinin 8 “Qızıl top”u var.

Seçilən
42
12
arena.az

10Mənbələr