AZ

AÇ-2024: İtaliya, Çexiya və Sloveniya da final mərhələsində!

2024-cü ildə Almaniyada təşkil olunacaq Avropa çempionatının (AÇ-2024) seçmə qrup mərhələsində sonuncu – 10-cu turun oyunları keçirilir.

Arena.az xəbər verir ki, bu gün daha üç qrup (C, E və H qrupları) üzrə 7 qarşılaşma baş tutub.

C qrupunda Ukrayna – İtaliya matçına daha böyük maraq vardı. Çünki bu oyunda AÇ-yə vəsiqənin taleyi həll olunacaqdı. Qarşılaşmanın qolsuz bitməsi İtaliya yığmasının qrup ikincisi kimi növbəti vəsiqəyə sahib çıxmasına şərait yaradıb. İngiltərə yığması da Şimali Makedoniya ilə heç-heçə edib.

E qrupunda Albaniya yığmasının doğma meydanda Farer adaları ilə oyunu da bərabərliklə yekunlaşıb. Çexiya millisi isə Moldovanı doğma meydanda darmadağın etməklə hədəfinə çatıb. Çexlər də qrup ikincisi kimi Avropa çempionatında iştirak hüququna yiyələniblər.

H qrupunda Şimali İrlandiya – Danimarka, San Marino – Finlandiya və Sloveniya – Qazaxıstan oyunları keçirilib. Şimali İrlandiyada meydan sahibləri inamlı qələbəyə seviniblər. Finlandiya yığması da səfərdə qələbə qazanıb. Qazaxıstan yığması da Sloveniya ilə görüşdə məğlubiyyətə üzülüb. Halbuki, bu komanda qələbə qazansaydı, Azərbaycan millisinin də seçmə mərhələnin pley-offunda iştirak hüququ yaranmış olacaqdı. Lakin AÇ-yə vəsiqə qazaxlara yox, Sloveniya yığmasına qismət olub.

Xatırladaq ki, daha öncə Belçika, Fransa, Portuqaliya, İspaniya, Şotlandiya, Türkiyə, Avstriya, İngiltərə, Macarıstan, Slovakiya, Albaniya, Danimarka, Niderland, Rumıniya, İsveçrə və Serbiya yığmaları da gələn il baş tutacaq Avropa çempionatının final mərhələsinə vəsiqəni təmin etmişdilər. Almaniya yığması da təşkilatçı kimi növbəti qitə çempionatının iştirakçıları arasında yerini alıb.

Onu da qeyd edək ki, Avropa çempionatının seçmə mərhələsinə 2024-cü ilin mart ayında yekun vurulacaq.

AÇ-2024-ün seçmə mərhələsi
Qrup mərhələsi, 10-cu tur
20 noyabr

C qrupu

Ukrayna – İtaliya 0:0

Şimali Makedoniya – İngiltərə 1:1
Qollar: Bardi, 41 – Keyn, 59.

Xal: İngiltərə – 20. İtaliya – 14. Ukrayna – 14. Şimali Makedoniya – 8. Malta – 0.

E qrupu

Albaniya – Farer adaları 0:0

Çexiya – Moldova 3:0
Qollar: Doudera, 14. Çori, 72. Souçek, 90.

Xal: Albaniya – 15. Çexiya – 15. Polşa – 11. Moldova – 10. Farer adaları – 2.

H qrupu

Şimali İrlandiya – Danimarka 2:0
Qollar: Prays, 60. Çarlz, 81.

San Marino – Finlandiya 1:2
Qollar: Berardi, 90+7-pen – Soiri, 50; 58.

Sloveniya – Qazaxıstan 2:1
Qollar: Şeşko, 41-pen. Verbiç, 86 – Orazov, 48.

Xal: Danimarka – 22. Sloveniya – 22. Qazaxıstan – 18. Finlandiya – 18. Şimali İrlandiya – 9. San Marino – 0.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
436
1
arena.az

1Mənbələr