AZ

Avropa Birliyi Gürcüstanın “qapı”sını bağladı: Avropalı səfir isə gürcüləri qiyama çağırır

Avropa Birliyi Gürcüstanda keçiriləcək növbəti parlament seçkilərinə kobud müdaxilə etmək niyyətini qətiyyən gizlətmir... Rəsmi Tiflisə qarşı “siyasi savaş” açan bu beynəlxalq qurumun Gürcüstanda başlatdığı təxribatlar artıq açıq müstəviyə keçirilir...

Avropa Birliyinin öz yaradılış missiyasından tədricən uzaqlaşdığı açıq-aşkar nəzərə çarpır. Hər halda, bu nüfuzlu beynəlxalq qurum indi yalnız iqtisadi və ideoloji dəyərlər üzərindən fəaliyyət göstərən təşkilat deyil. Belə ki, Avropa Birliyi son onilliklərdə hərbi-siyasi ambissiyalarla yüklənib. Hərbi təzyinatlı qurum olmasa da, NATO-nu təqlid etməyə çalışır. Beynəlxalq siyasət məkanındasa, geopolitik hədəflər icad etməklə, təzyiq və diqtə metodlarına üstünlük verir. Və bu baxımdan, Avropa Birliyini indi artıq beynəlxalq hegemoniya niyyətinə düşmüş imperialist Qərb qurumu da hesab etmək mümkündür.

Onu da qeyd etmək lazımdır ki, Avropa Birliyi öz üzvlərinin xarici siyasətinə tam nəzarət taktikası tutub, onları bu qurumun müəyyən etdiyi beynəlxalq çərçivələr daxilində fəaliyyətə məcbur edir. Avropa Birliyinə üzv dövlətlərin suveren hüquqlarına və müstəqil qərarlar qəbul etmək haqlarına demək olar ki, əhəmiyyət verilmir.

Buna misal olaraq, Avropa Birliyinə üzv Macarıstana qarşı bu qurumun sərt təzyiqlərini göstərmək olar. Orban hökuməti müstəqil xarici siyasət yürütdüyü, Rusiya və Çinlə iqtisadi-ticari əməkdaşlığı davam etdirdiyi üçün Macarıstan Avropa Birliyinin açıq hədəfinə çevrilib. Və hazırda Avropa Birliyi Macarıstanı Rusiya-Çin cütlüyünün bu qurum daxilindəki for-postu elan edərək, sərt ittihamlara məruz qoyur.

Digər tərəfdən, bu qurum üzvlük üçün müraciət edən ölkələrə də Avropa Birliyinin hədəflərini diqtə edir. Həmin ölkələrdən Avropa Birliyinin maraqları və sifarişləri çərçivəsində mövqe tutulmasını tələb edir. Yəni, bu qurum üzvlük üçün müraciət etmiş ölkələrdən öz suveren hüquqlarından məhz Avropa Birliyini xeyrinə imtina olunmasını istəyir. Halbuki, onilliklər boyu davam edən müzakirələrdən sonra həmin ölkələrin nə vaxtsa, Avropa Birliyinin sıralarına qatıla biləcəyinə də heç bir təminat verilmir. Və bununla da Avropa Birliyi öz nəzarəti altında “siyasi müstəmləkələr bloku”nun yaradılmasına çalışır.

Təbii buna ən real örnək Ukrayna, Moldova və Gürcüstana münasibətdə Avropa Birliyinin davranışlarını göstərmək olar. Bu üç postsovet ölkəsi uzun müddətdən bəri Avropa Birliyinə üzvlük niyyətlərini rəsmiləşdirsələr də, hələ də bu qurumun “qapalı qapıları” qarşısında gözlədilir. Üstəlik, bu müddət ərzində hər üç ölkə Avropa Birliyinə inteqrasiya niyyətləri ucbatından bir çox ənənəvi tərəfdaşlarını itirərək, sarsıdıcı geopolitik zərbələr də məruz qalıblar. Gürcüstan isə ümumiyyətlə, hazırda Avropa Birliyinin açıq hədəfinə çevrilib.

Gürcüstan hökumətinin ölkə parlamentində təsdiqlətdiyi “xarici agentlər” və LGBT barədə məhdudlaşdırıcı qanunlar ABŞ və Avropa Birliyinin ortaq qəzəbinə tuş gəlib. ABŞ və Avropa Birliyi rəsmi Tiflisdən bu iki qanunun dərhal ləğv edilməsini tələb edir. Bu tələbi hər iki qanunun insan haqları və demokratik dəyərlərin təsirini məhdudlaşdırması ilə bağlı iddialarla əsaslandırmağa çalışır. Halbuki, “xarici agentlər” barədə qanunun Fransa başda olmaqla, Avropa Birliyinin əksər ölkələrində də mövcuddur. Və nə qədər qəribə də olsa, Avropa Birliyi rəsmi Tiflisi indi Gürcüstana məhz bu səbəblərdən sanksiyalar tətbiq etməklə təhdid edir.

Məsələ ondadır ki, Avropa Birliyi Gürcüstanın bu quruma üzvlük müraciəti əsasında artıq illərlə davam edən müzakirə prosesini dayandırdığını rəsmən bəyan edib. Bu qurumun Tiflisdəki səfiri Pavel Qerçinski Gürcüstanın “nə bu gün, nə sabah, nə də 2030-cu ildə Avropa Birliyinə üzv ola bilməyəcəyini” bildirib. O, bildirib ki, Avropa Birliyi Gürcüstan vətəndaşlarının seçiminə hörmət edir. Və bununla da seçki ərəfəsində Avropa Birliyi ilə kəskin ziddiyyətlər yaşayan mövcud hökumətin dəyişdirilməsinə yönəlik Gürcüstan seçicilərinə dolayısı mesaj verib.

Avropa Birliyinin səfiri xatırladıb ki, bir həftədən sonra Gürcüstanda növbəti parlament seçkiləri keçiriləcək. Ona görə də, avropalı səfirin fikrincə, Gürcüstan vətəndaşları özlərinin və övladlarının gələcəyi ilə bağlı doğru seçim etməlidirlər. Avropalı səfir vurğulayıb ki, xalqın seçimə hörmət edilməsi Avropa Birliyi və keçmiş SSRİ arasındakı əsas fərqlərdən biridir: “Ancaq Avropa Birliyinin də müzakirəyə açıq olmayan müəyyən dəyərlər – azadlıq, demokratiya, qanunun aliliyi, insan hüquqları və s. əsasında formalaşdığına hörmət olunmalıdır”.

Pavel Qerçinski davamında əsl təxribata cəhd edərək, bildirib ki, əgər, Gürcüstan seçiciləri Gürcüstanın təkpartiyalı dövlətə çevrilməsinə, müxalif partiyaların qadağan olunmasına, vətəndaş cəmiyyətinin ölkədən qovulmasına, müstəqil KİV-lərin sıradan çıxarılmasına və insan haqlarının arxa plana keçirilməsinə dəstək verəcəklərsə, deməli, bu ölkə heç vaxt Avropa Birliyinin üzvü olmayacaq. Avropalı səfirin bu açıqlaması Gürcüstan vətəndaşlarına qarşı açıq və birbaşa təzyiq göstərmək cəhdidir. Yəni, insan haqlarından və demokratiyadan danışan avropalı səfir Gürcüstan vətəndaşlarını yönəltməyə çalışır. Və Gürcüstanın diktaturaya yönəlməkdə olduğuna dolayısı ilə eyham vurur.

Göründüyü kimi, Avropa Birliyi Gürcüstanda keçiriləcək növbəti parlament seçkilərinə kobud müdaxilə etmək niyyətini qətiyyən gizlətmir. Avropalı səfirin açıqlaması bu kobud müdaxilənin artıq başlandığını təsdiqləyir. Çünki onun açıqlaması seçkiyə kobud müdaxilədir və Gürcüstan seçicilərini hakim “Gürcü arzusu” Partiyasının əleyhinə səs verməyə çağırış məzmunu daşıyır. Və bu, Avropa Birliyinin “demokratiya” anlayışını, eləcə də, digər “dəyərlər”ini təsəvvür etməyə imkan verir.(Yeni Müsavat)

Seçilən
69
50
olke.az

10Mənbələr