AZ

Xabi Alonso gələn yay “Bayer”dən gedə bilər


Almaniyanın “Bayer” klubunun baş məşqçisi, ispaniyalı Xabi Alonso gələn yay klubu tərk edəcək, komanda rəhbərliyi mütəxəssisin yerinə bir neçə namizədi nəzərdən keçirir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Sky Sports”un jurnalisti Florian Plettenberq “X” sosial şəbəkəsindəki səhifəsində məlumat verib.
Məlumata görə, Alonsonun namizədliyi ilə İspaniyanın “Real Madrid” və İngiltərənin “Mançester Siti” klubları maraqlanır. Pep Qvardiolanın baş məşqçi postunu tərk edə biləcəyinə görə ispaniyalı ilə müqavilə imzalamaqda ən çox maraqlananın İngiltərə klubudur.
Alonsonun “Bayer”lə müqaviləsi 2026-cı ilə qədərdir.
Mənbənin məlumatına görə, “Bayer” Alonsonun yerinə Almaniyanın “Ştutqart” klubunun baş məşqçisi Sebastyan Höness və Yulian Naqqelsmanın Almaniya millisindəki köməkçisi Sandro Vaqnerin namizədliyini nəzərdən keçirir.
Qeyd edək ki, Alonso 42 yaşındadır və 2022-ci ilin oktyabrından “Bayer Leverkuzen” klubuna rəhbərlik edir. 2023/24 mövsümündə onun rəhbərlik etdiyi komanda ilk dəfə Almaniya çempionu olub, ölkə kubokunu qazanıb və Avropa Liqasının finalına yüksəlib. Mütəxəssis əvvəllər “Real Madrid”in gənclər komandası və “Real Sosyedad”ın ikinci komandasında çalışıb.
Futbolçu kimi Alonso “Liverpul”, “Bavariya”, “Real Sosyedad”, “Eybar” və “Real Madrid” klublarında oynayıb. Həmin klublarla İspaniya çempionu, iki dəfə İspaniya kubokunun qalibi, İspaniya Superkubokunun və Çempionlar Liqasının qalibi olub. “Bavariya” ilə birlikdə futbolçu üç dəfə Almaniya çempionluğu, Almaniya kuboku və Almaniya superkubokunu qazanıb. “Liverpul”la isə İngiltərə Kuboku, İngiltərə Liqa Kuboku, Çempionlar Liqası və UEFA Super Kubokuna sahib olub.
Almaniya çempionatının cari mövsümündə “Bayer” dördüncü yerdədir, yeddi turdan sonra komanda 14 xal toplayıb.
Seçilən
17
yeniavaz.com

1Mənbələr