AZ

Bu özəl bağçada uşaqlara yatmaları üçün “ketotifen” dərmanı verilir - Bakıda

Son zamanlar özəl məktəbəqədər təhsil müəssisələri ilə bağlı şikayətlərlə tez-tez qarşılaşırıq. Bunlardan biri də Yasamal rayonunda yerləşən “Əsmanur” özəl uşaq bağçası ilə bağlıdır. Belə ki, həmin məktəbəqədər təhsil müəssisəsindən saytımıza kütləvi şikayət daxil olub.Valideynlərdən bəzilərinin sözlərinə görə, övladlarının tibbi analizlərində qanlarında “ketotifen” aşkarlanıb. İddia olunur ki, bağça rəhbərliyi tərəfindən uşaqlara davamlı “ketotifen” dərmanı verilir. Beləliklə, uşaqlar bütün günü yatır, hətta günorta oyanıb, yemək belə yemirlər. 

Məlumat üçün bildirək ki, “ketotifen” yuxu dərmanı deyil, allergiya əleyhinə dərman preparatıdır. Həkim göstərişi olmadan istifadə etmək qəti şəkildə olmaz, göstərişsiz istifadəsi uşağa zərər vura bilər. “Ketotifen” sinir siteminə mənfi təsir edərək əqli inkişafda geriləmə yarada bilir. “Ketotifen” asılılıq yaradan dərman preparatıdır ki, uşaq öyrəşdikdən sonra həmin dərman olmadan yata bilmir.

Bəs uşaqların həyatını bu cür riskə atan bağçalar və onların rəhbərliyinin bu kimi özbaşınalıqlarının qarşısı necə alınmalıdır? 

Ölkə.az xəbər verir ki, mövzu ilə bağlı Sfera.az-a açıqlamasında deputat Ceyhun Məmmədov bildirib ki, dövlət və özəl bağçalarının hər birinə ciddi nəzarət olunmalıdır:

“Özəl bağçalara ciddi nəzarət və cəza tətbiqləri olmadığı üçün onlar bu cür fəaliyyət göstərirlər. Özəl bağça adı altında kim necə istəyirsə elə də təhsil verə bilməz. Bağçalar çalışmalıdırlar ki, qanuna maksimum dərəcədə əməl etsinlər. Təhsil və tərbiyə birbaşa uşaqların və bilavasitə dövlətimizin gələcəyi ilə bağlı olduğuna görə, bu məsələlərə nəzarət daha da gücləndirilməlidir. Onların sağlam yetişməsi və formalaşması üçün əlimizdən gələni maksimum dərəcədə ortaya qoymalı, bu kimi məsələlərdə diqqətli olmalıyıq. Bunlar nəzərə alınmadığı təqdirdə, bu kimi problemləri yenə yaşayacağıq”. 

Millət vəkili sonda vurğuladı ki, əgər belə faktlar təsdiqlənərsə, mütləq cəza da olmalıdır. Cəzasızlıq məsuliyyətsizliyə və eyni cinayətlərin təkrarlanamasına aparıb çıxarır. 

Məsələnin hüquqi tərəfini öyrənmək üçün vəkil Turan Abdullazadə ilə əlaqə saxladıq.

Vəkil qeyd edib ki, iddialar öz təsdiqini taparsa, “Əsmanur” bağçasının lisenziyası ləğv edilə bilər. T.Abdullazadənin dediyinə görə, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, lisenziya və icazə aşağıdakı hallarda ləğv edilir: 

"Lisenziyanın sahibi tərəfindən müvafiq ərizə təqdim edildikdə;  lisenziyanın müddəti bitdikdə;  lisenziyanın  sahibi olan hüquqi şəxs, xarici hüquqi şəxsin filialı, nümayəndəliyi ləğv edildikdə; lisenziyanın sahibi olan fiziki şəxsin fərdi sahibkar kimi fəaliyyətinə xitam verildikdə;  məhkəmənin müvafiq qərarı olduqda; lisenziyanın və icazənin verilməsi üçün təqdim edilmiş sənədlərdə sonralar düzgün olmayan məlumatlar aşkar edildikdə; bu Qanunun 25.4-cü maddəsində göstərilən məsələ ilə bağlı lisenziya və icazə verən orqana yazılı məlumat verilmədikdə;  lisenziyada göstərilmiş fəaliyyət növü və icazə lisenziya tələb olunan fəaliyyət növlərinin və icazələrin siyahısından çıxarıldıqda; lisenziyanın və icazənin verilməsi üçün qanunla dövlət rüsumunun (ödənişin) ödənilməsi tələb olunduqda, dövlət rüsumunun (ödənişin) ödənilməsi faktını təsdiq edən sənəd qanunla nəzərdə tutulmuş müddətdə lisenziya və icazə verən orqana təqdim edilmədikdə  normativ hüquqi aktlarla müəyyən edilmiş digər hallarda".

Vəkil bildirib ki, lisenziya və icazə lisenziya icazə verən orqanın inzibati aktı ilə ləğv edilir:

“Həmin inzibati akt qəbul olunduğu tarixdən 2 iş günü müddətində lisenziyanın (icazənin) sahibinə təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir.Lisenziyanın (icazənin) sahibi lisenziyanın və icazənin ləğvi haqqında inzibati aktdan inzibati qaydada və məhkəməyə şikayət verə bilər.Bu Qanunun tələblərinin, lisenziya və icazə şərtlərinin pozulmasına görə lisenziyanın (icazənin) sahibi Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyır”.

Vəkil Emin Kiçikbəyovun sözlərinə görə, bağça rəhbərliyinə 14 ildən başlayaraq azadlıqdan məhrum etmə cəzası verilə bilər:

“Fakt sübuta yetirilsə, həmin şəxsləri Cinayət Məcəlləsinin 120.1 və 120.2-ci maddələrinə əsasən, qəsdən adam öldürməyə görə, 9 ildən 14 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası gözləyir. Məcəllənin 126-cı maddəsinə əsasən, şəxs qəsdən sağlamlığa ağır zərər vurmağa görə 3 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Təbii ki, burada vəzifə səlahiyyətlərindən sui-istifadə kimi bir çox maddələr də əlavə oluna bilər. Bunlar istintaqın gedişində məlum olur. Hər bir halda cəzası çox ağırdır. Əgər birdən çox şəxsin sağlamlığına zərər vurularsa, bu artıq xüsusi amansızlıq adlanır və 14 ildən başlayaraq azadlıqdan məhrum etmə ilə nəticələnə bilər. Belə hallarda adətən 17-18 il azadlıqdan məhrum etmə cəzası verilir”. 

Qarşı tərəfin mövqeyini öyrənmək üçün bağçanın sosial şəbəkələrdə qeyd olunmuş nömrəsi ilə əlaqə saxladıq, lakin telefon söndürülmüşdü. Sadəcə müəssisənin Əcəmidəki filialı ilə əlaqə saxlaya bildik. Oradan isə adını demək istəməyən şəxs Yasamaldakı bağça ilə bağlı suallara cavab verməkdən boyun qaçırdı:

"Yəqin ki, şikayət Yasamal filialı ilə bağlıdır. Bizim onlarla heç bir əlaqəmiz yoxdur. Müəssisənin rəhbəri İlahə xanımdır. Sadəcə onunla əlaqə saxlayıb danışa bilərsiniz. Biz əlaqə nömrəsi verə bilmərik".

Qeyd edək ki, 2024-cü ilin əvvəlinə olan rəsmi məlumata görə, ölkə üzrə 1700 dövlət, 157 özəl olmaqla 1857 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. 2011-ci ildə Prezidentin sərəncamı ilə məktəbəqədər təhsil müəssisələri, uşaq bağçaları və körpələr evi Elm və Təhsil Nazirliyinin balansından çıxarılaraq icra hakimiyyətlərinin tabeliyinə verilmişdi. 2021-ci ildə isə yenidən Prezidenti İlham Əliyevin sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının  tabeliyində olan dövlət məktəbəqədər təhsil müəssisələri (uşaq evləri istisna olmaqla) Elm və Təhsil Nazirliyinin tabeliyinə verilib. Hazırda özəl bağçalara kimin necə nəzarət etdiyi isə sual altındadır.

Seçilən
23
9
olke.az

4Mənbələr