AZ

“Azəristiliktəchizat” Avstriya şirkəti ilə istilik təchizatı sahəsində innovativ həlləri müzakirə edib

“Azəristiliktəchizat”

Bakı, 24 oktyabr, AZƏRTAC

İstilik təchizatı sahəsində enerji səmərəliliyinin artırılması və karbon emissiyasının azaldılması istiqamətində “Azəristiliktəchizat” ASC-nin rəhbərliyi Avstriyanın qabaqcıl şirkəti olan “Innıo Jenbacher”in nümayəndələri ilə görüşüb.

ASC-dən AZƏRTAC-a bildirilib ki, beynəlxalq mütəxəssislərə “Azəristiliktəchizat”ın fəaliyyəti, qarşıda duran strateji vəzifələr, son illərdə istilik təchizatı sahəsində aparılan sistemli islahatlar və Azərbaycanda mərkəzi istilik sisteminin strukturu ilə bağlı ətraflı məlumat verilib.

Bildirilib ki, “Azəristiliktəchizat” ölkənin istilik infrastrukturunun modernləşdirilməsi və enerji təchizatının səmərəliliyinin artırılması məqsədilə beynəlxalq tərəfdaşlarla əməkdaşlığı davam etdirmək niyyətindədir.

Tərəflər enerji istehsalı və istilik təchizatı sahəsində mövcud texnoloji imkanlar barədə geniş fikir mübadiləsi aparıblar.

Qaz-porşen texnologiyası ilə işləyən kogenerasiya qurğularının istehsalında təkmilləşmiş “Innıo Jenbacher” şirkətinin nümayəndələri xidmətləri, kogenerasiya və trigenerasiya texnologiyalarının imkanları barədə təqdimatı görüş iştirakçılarının diqqətinə çatdırıblar.

Qeyd olunub ki, şirkətin istifadə etdiyi texnologiyalar, eyni zamanda, istilik və elektrik enerjisinin istehsalını təmin edir ki, bu da enerji sistemlərinin səmərəliliyinin artırılmasına hesablanıb.

Görüş çərçivəsində iştirakçılar qurğuların tətbiqi, mövcud texnoloji imkanların araşdırılması yollarını da müzakirə ediblər.

 

Seçilən
23
azertag.az

1Mənbələr