AZ

Mikromaliyyələşdirmə modelinə dəstək

Son illərdə respublikada özəl sektorun dinamik inkişafı istiqamətində bir sıra tədbirlər həyata keçirilib, iş adamlarına güzəştli kreditlərin verilməsi, investisiya təşviqi mexanizminin tətbiqinin davam etdirilməsi, xarici ölkələrdə ticarət evlərinin açılması, sahibkarların bu prosesə yaxından cəlb olunması daim diqqətdə saxlanılıb.

Eyni zamanda, sahibkarlıq sahəsində yoxlamaların, lisenziyaların sayının minimuma endirilməsi, lisenziya verilməsi qaydalarının sadələşdirilməsi və şəffaflığın təmin edilməsi, bütün bunlarla bağlı dövlət dəstəyinin daha da artırılması onların xərclərinin azalmasına səbəb olub, eyni zamanda, büdcəyə vergi ödənişlərinin həcminin artırılmasını şərtləndirib.

Bütün bunlar barədə Bakıda “Dayanıqlı mikromaliyyə üçün innovativ həllər” mövzusunda keçirilən konfransda da ətraflı danışılıb. Azərbaycan Mərkəzi Bankının baş direktoru Toğrul Əliyev toplantıda təmsil etdiyi maliyyə qurumunun hazırda bank olmayan kredit təşkilatları üçün prudensial tənzimləmə normalarının yenilənməsi üzərində çalışdığını bildirib. Eyni zamanda, mikromaliyyələşdirmə modelinin formalaşdırılması başa çatdıqdan sonra isə bu sektorda fəaliyyət göstərən institutlara əlavə maliyyə xidmətlərinin göstəriləcəyini, eləcə də onların rəqabət qabiliyyətinin artırılmasının gerçəkləşəcəyini qeyd edib.

Baş direktor vurğulayıb ki, bu təşəbbüslərin əsas məqsədi ölkəmizdə mikro və kiçik sahibkarlığın inkişafıdır. Mərkəzi Bank isə rəqəmsal texnologiyaların tətbiqi məsələlərinə də ciddi diqqət yetirir. Rəqəmsal texnologiyaların mikromaliyyələşdirmə sektorunda, həmçinin, ümumilikdə, maliyyə sektorunda tətbiqi Mərkəzi Bankın strategiyasında xüsusi yer tutur. Bank informasiya təhlükəsizliyinin təmin olunmasına və kibertəhlükəsizlik problemlərinin adekvat idarə edilməsinə xüsusi önəm verir. Bu baxımdan rəqəmsal maliyyə təşəbbüsləri, xüsusi tənzimləmələr, açıq bankçılıq, rəqəmsal identifikasiya və kibertəhlükəsizlik təşəbbüslərini əhatə edən ayrıca fəaliyyət planının icrası strategiyada böyük əhəmiyyət daşıyır.

İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu İdarə Heyətinin sədri Osman Xaliyev konfransda respublikada özəl bölmənin davamlı tərəqqisinin prioritet xarakter daşıdığını qeyd edib. Son 2 il ərzində rəhbəri olduğu qurumun iş adamlarına 3,2 milyard manatdan çox güzəştli kredit ayırdığını bildirib: “2022-ci ildən indiyədək Sahibkarlığın İnkişafı Fondu sahibkarların 50 mindən çox güzəştli kredit müraciətini gerçəkləşdirib.

Hazırda fond 40 müvəkkil kredit təşkilatı ilə əməkdaşlıq edir. Gələcək illərdə daha çox subyektə güzəştli kreditlərin daha səmərəli və sürətli şəkildə verilməsi, eləcə də mikromaliyyə təşkilatları da daxil olmaqla, daha çox səlahiyyətli kredit təşkilatları ilə əməkdaşlığın dərinləşdirilməsi nəzərdə tutulur. Fond artıq bu istiqamətdə bir sıra təkmilləşdirmələr həyata keçirib. 2021-ci ildən etibarən tələb olunan sənədlərin sayı minimuma endirilib. Həmçinin adıçəkilən maliyyə qurumu 200 min manata qədər kreditlər üçün biznes plan təqdim etmə tələbi ləğv edib.

Mərkəzi Bankın Kredit Təşkilatlarının Fəaliyyətinə Nəzarət Departamentinin şöbə rəisi Xəyyam İsmayılov konfransda 2025-ci ilin sonuna qədər Azərbaycanda bank olmayan kredit təşkilatları aktivlərinin 2 dəfə artacağını, bununla da həmin təşkilatların vəsaitlərinin bir milyard manatı keçəcəyini vurğulayıb: “Bu artım bank olmayan kredit təşkilatlarının həmin qurumların mənfəət əldə etməsi və yeni iştirakçıların bazara daxil olması ilə əlaqədardır. Bundan əlavə, bank olmayan kredit təşkilatlarının şəbəkələri də genişlənir. Mikromaliyyələşdirmə sektorunda filialların sayı 302-yə çatması da bunun əyani nümunəsidir. Ümumiyyətlə, banklardan fərqli olaraq, bank olmayan kredit təşkilatlarının regionlarda genişlənməsi daha müsbət xarakter daşıyır. Sektorun əməkdaşlarının sayı 3500 nəfərə, müştəri sayı isə 700 minə çatıb”.

Asiya İnkişaf Bankının Azərbaycan üzrə direktoru Sunniya Durrani-Camalı isə mikromaliyyə konfransında təmsil etdiyi maliyyə qurumunun yeni maliyyə məhsulları təqdim etdiyini bildirib. O, 2010-cu ildən etibarən bankın geniş mikromaliyyələşdirmə proqramı həyata keçirdiyini, təxminən, 2,3 milyard dollar həcmində kreditlərə dəstək verdiyini və 1,2 milyard dollar həcmində kofinansmanı cəlb etdiyini vurğulayıb: “Aztəminatlı və həssas icmalara maliyyə daxilolmaları, eləcə də kiçik və orta müəssisələr üçün maliyyəyə çıxış Asiya İnkişaf Bankının iş yerlərinin yaradılması, gəlirlərin artırılması və yoxsulluğun azalması strategiyasının mühüm bir hissəsidir.

2010-cu ildən bank geniş mikromaliyyələşdirmə proqramının icrasına başlayıb, təxminən, 1,8 milyard dollar həcmində kreditlərə dəstək verib və 881 milyon dollar həcmində birgə maliyyələşdirmə cəlb edib. Asiya İnkişaf Bankında 10 milyondan çox müştəriyə mikrokreditlər verilib ki, onların 98 faizi qadınlar olub”.

Mikromaliyyə konfransında bank olmayan kredit təşkilatlarının fəaliyyətinin daim diqqətdə saxlanılmasının özəl bölmə subyektlərinə maliyyə dəstəyinin gücləndirilməsi, dövlət və sahibkarlar arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi, eləcə də qarşılıqlı inam mühitinin yaradılması məqsədi daşıdığı vurğulanıb. Eyni zamanda, sahibkarlığın dəstəklənməsinə xidmət edən maliyyə mexanizmlərinin icrasında Sahibkarlığın İnkişafı Fondu və özəl sektor arasında əməkdaşlığın xüsusi yer tutduğu, qurumun güzəştli kredit, zəmanət və subsidiya, avadanlıq krediti kimi dəstək mexanizmlərinin müvəkkil kredit təşkilatları vasitəsilə icra olunduğu diqqətə çatdırılıb.

Yeri gəlmişkən, burada bir məqamı da xatırlatmaq istərdik. Belə ki, ölkədə özəl bölmənin inkişafı təkcə sahibkarlığın kreditləşməsinin diqqət mərkəzində saxlanılması ilə məhdudlaşmır. Bu sahənin qanunvericilik bazasının möhkəmləndirilməsi, sahibkarlığın inkişafına mane olan inhisarçılıq hallarının aradan qaldırılması, özəl bölmə subyektlərində dövlət qurumları tərəfindən qanunsuz yoxlamalar aparılması və çoxsaylı əsassız lisenziyaların verilməsi kimi neqativ hallara qarşı ciddi mübarizə tədbirlərinin həyata keçirilməsi daim diqqətdə saxlanılır, dövlət qurumlarının, həmçinin ayrı-ayrı nazirliklərin fəaliyyətlərində bu problemlərin həllinə xüsusi əhəmiyyət verilir.

Sahibkarlığın inkişafından bəhs edərkən yeni Rəqabət Məcəlləsinin tətbiqi və onun biznes mühitinə təsirləri barədə də danışmaq yerinə düşər. Belə ki, ekspertlərin fikrincə, bu məcəllə artıq sahibkarlığın inkişafının stimullaşdırılmasında önəmli rol oynayır. “Rəqabətin inkişafı və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair Milli Fəaliyyət Proqramı” isə kiçik və orta biznes subyektlərinin bazara sərbəst girişinə maneə yaradan amillərin aradan qaldırılmasına xidmət edir.

Ümumiyyətlə, istər Rəqabət Məcəlləsində, istərsə də adıçəkilən Milli Fəaliyyət Proqramı ölkəmizdə rəqabətə davamlı milli iqtisadiyyatın yaradılması, rəqabətlilik mühitinin təminində korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, rəqəmsal iqtisadiyyatda rəqabət siyasətinə rəqəmsal baxışın diqqət mərkəzində saxlanılması kimi məsələlərə böyük əhəmiyyət verilib. Bundan başqa, adları çəkilən sənədlərdə istehlak bazarında rəqabət üstünlüyünün gerçəkləşdirilməsinə, eyni zamanda, müəssisələrin rəqabətqabiliyyətliliyinin və dayanıqlılığının rəqəmsal transformasiya texnologiyaları vasitəsilə yüksəldilməsinə həlledici vasitə kimi yanaşılıb.

Sahibkarlığın inkişafını şərtləndirən ən mühüm amil isə hazırda qlobal çağırışlar fonunda respublikamızda mövcud makroiqtisadi sabitliyin qorunub saxlanılması, iqtisadiyyat şaxələndirilməsinin diqqət mərkəzində saxlanılması, özəl bölmənin inkişafı üçün daha əlverişli biznes və investisiya mühitinin formalaşdırılmasıdır. Həyata keçirilən genişmiqyaslı tədbirlər nəticəsində sahibkarların ölkə iqtisadiyyatının aparıcı qüvvəsinə çevrilməsi də bunun bariz ifadəsidir.

 

Seçilən
19
xalqqazeti.az

1Mənbələr