İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) baş komandanı general Hüseyn Salami İsraili hədələyərək, ABŞ-ın THAAD anti-ballistik raket sisteminə etibar etməməsi barədə xəbərdarlıq edib.
Teleqraf.com xəbər verir ki, açıqlama İranın bu ayın əvvəlində həyata keçirdiyi hava hücumuna görə İsrailin cavabını gözlədiyi bir vaxtda gəlib.
“THAAD-a güvənməyin. Hər dəfə mərmi atdığınız zaman biz sizdən daha çox atəş açacağıq”, - iranlı general deyib.
Salami bildirib ki, İranın oktyabrın 1-də İsrailə raket hücumu THAAD sisteminin yəhudi dövlətini qorumaq iqtidarında olmadığının sübutudur.
Halbuki ABŞ bu sistemi İranın oktyabrın 1-dəki hücumundan sonra İsraildə yerləşdirib.
“Sionist rejim (İsrail) səhv edir və “Doğru vəd 2” əməliyyatı onun müdafiə sistemlərinin uğursuzluğunu sübuta yetirdi. THAAD sistemi onu qorumağa müvəffəq olmayacaq”, - SEPAH rəhbəri qeyd edib.
İran oktyabrın 1-də İsrailə raket zərbələri endirib. Təl-Əviv İranın bu hücuma cavab verəcəyini açıqlayıb.