AZ

Gürcüstanda bugünkü parlament seçkisinin mənzərəsi: Saxtakarlıq, bıçaqlaşma və ölüm...

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Gürcüstanda 26 oktyabrda keçirilən parlament seçkisində artıq bir sıra pozuntular və insidentlər qeydə alınıb.
Oxu.Az-ın Gürcüstan mediasına istinadla verdiyi məlumata görə, hüquq müdafiəçiləri və müşahidəçilər qutulara əlavə səsvermə bülletenlərinin atılması, saxtakarlıq cəhdləri, seçki məntəqələrində dava-dalaş və hətta bıçaqlaşma hadisəsi barədə məlumat verirlər.
Ən ciddi hadisələrdən biri Kvemo Kartli regionunun Marneuli şəhərində, 69 saylı məntəqədə onlarla bülletenin qutuya atılması olub. Hadisənin videosunu "Transparency International Georgia"nın icraçı direktoru Eka Gigauri "Facebook"da paylaşıb. Gürcüstanın keçmiş ombudsmanı Nino Lomcarianın sözlərinə görə, pozuntunu törədən Marneuli şəhər şurasının sədr müavini olub. Saxtakarlıq edilən məntəqə artıq bağlanıb və Daxili İşlər Nazirliyi cinayət işi açıb.
Zorakılıq halları da baş verib. Zuqdididə hakim Gürcü Arzusu Partiyasının nümayəndəsi Georgi Cikiya müşahidəçilərə hücum edib. Oxşar hadisə Marneulidə də baş verib. Tbilisidə isə Samqori rayonundakı məntəqələrdən birində başlayan dava bıçaqlaşmaya çevrilib.
Jurnalistlər də xəsarət alıblar. Kutaisidə CNEWS nəşrinin müxbiri Giga Gelxvidze məntəqədəki şübhəli seçici siyahıları barədə araşdırma aparmağa çalışarkən döyülüb.
Daha bir insident Poti şəhərində qeydə alınıb. Burada seçki məntəqəsində seçki komissiyasının üzvü vəfat edib.
Bu barədə Gürcüstan MSK-nın mətbuat katibi Natiya İoseliani brifinqdə bildirib.
"Potinin 15 saylı seçki məntəqəsinin üzvü Nikoloz Lominadzenin vəziyyəti pisləşib. O, xəstəxanaya aparılıb, lakin təəssüf ki, vəfat edib. Seçki Komissiyası onun vəfatı ilə əlaqədar kədərləndiyini bildirir və ailəsinə başsağlığı verir", - deyə İoseliani bildirib.
Xatırladaq ki, bu gün Gürcüstanda parlament seçkisi keçirilir. Seçki hakim Gürcü Arzusu Partiyası ilə müxalifətdəki Vahid Milli Hərəkat arasında kəskin siyasi qarşıdurma fonunda keçir. Səsvermənin nəticələrinə görə, parlamentin 150 deputatı seçiləcək.
Seçilən
12
13
oxu.az

10Mənbələr