Oktyabrın 26-da Gürcüstanda keçirilən parlament seçkilərini müşahidə edən Azərbaycan Milli Məclisinin deputatlarından Hikmət Məmmədov seçkilərlə bağlı müzakirələrə münasibət bildirib.
H.Məmmədov Pravda.az-a açıqlamasında deyib ki, Gürcüstanda seçkilər gürcü xalqının iradəsinin rəsmiləşməsi hadisəsidir.
“Seçkilərilərin təşkili də, siyasi fəallığı da yüksək səviyyədə idi. Bu da nəticə etibarilə gürcü xalqı üçün yenidən milli hakimiyyətini formalaşdırmaq baxımından legitim hüquqi baza yaratmış oldu. Çox təəssüf ki, Gürcüstanda keçirilən seçkilər demokratik kriteriyalar əsasında qiymətləndirilmir. Demokratiyanın başlıca kriteriyası demosun kratiyasını, yəni xalqın hakimiyyətini təmin etməkdir. Təəssüf ki, indi xalqın iradəsi qalıb bir tərəfdə, bəzi Avropa institutları seçkini tamamilə fərqli kriteriyalardan qiymətləndirirlər. Deməli, Avropanın Gürcüstanda keçirilən seçkilərə münasibəti demokratik deyil, irticaçı münasibətdir. İrtica hadisəsidir. Demokratiyanı Qərbin maraqları üçün istismarçı alətə çevirmək hadisəsidir. Məsələn, Avropa İttifaqının üzvü olan bir ölkənin xarici işlər naziri bəyanat yayıb deyir ki, Gürcüstanda keçirilən seçkilər Gürcüstanı NATO-ya və Avropa İttifaqına yaxınlaşdırmadı. Guya, bu seçkilər ona görə keçirilirdi ki, Gürcüstanı kiməsə yaxınlaşdırsın. Belə demokratiya varmı? Seçkilər ona görə keçirilir ki, xalq öz iradəsi ilə hakimiyyətini yenidən qursun və ona legitim mandat versin. Bu da baş tutub. Yaxud Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali nümayəndəsi Cozef Borell deyir ki, seçkilərdən sonra bütün siyasi qüvvələr birləşib dil tapmalıdırlar. Nə üçün? Gürcü xalqı bu siyasi qüvvələrdən birinə mandat verib, onu hakimiyyətə gətiribsə, seçkilərin nəticəsinə yenidən baxılmasına nə ehtiyac var? Necə deyərlər, axı hələ seçkilərin iradəsinin təcəlli etməsinin üstündən heç 24 saat keçməyib. Deməli, burada da görürük ki, Avropa İttifaqı da Gürcüstanda keçirilən seçkilərə demokratiya hadisəsi kimi deyil, Gürcüstanı daha çox öz yanına çəkə bilmək hadisəsi kimi baxırdı. Və seçkilərdən öz məqsədləri üçün, məsələn, seçkilərə Rusiya ilə qarşı-qarşıya qoymaq üçün daha rahat formada istifadə edə bilmək məqsədi ilə baxırdı. Gürcüstan Prezidenti deyir, “mən Gürcüstana ona görə gəlməmişdim ki, Gürcüstanda bu hadisələr olsun”. Demək ki, Prezident Salome Zurabişvilinin Gürcüstana gələrkən məqsədi olub və bu məqsəd demokratiya olmayıb. Çünki demokratiya hadisəsini Gürcüstan Prezidenti də qəbul etmir, seçkilərin nəticələrini tanımır. Halbuki bu, Gürcüstan xalqının iradəsinə təzyiqdir, yaxud onu qəbul etməməkdir”, - deputat bildirib.
H.Məmmədov deyib ki, belə olan halda Azərbaycanı bir şəkildə Gürcüstanla əlaqələndirib, Azərbaycan demokratiyasına kölgə salmaq da elə eyni məntiqlədir: “Yəni Qərb üçün fərqi yoxdur, istər Azərbaycanda, istər Gürcüstanda demokratiya Qrəbin maraqlarının təmin olunmasıdır, xalqın maraqlarının deyil. Əlbəttə, Qərb nə deyirsə, desin. Artıq həm Gürcüstanda, həm Azərbaycanda milli demokratiya kifayət qədər güclüdür. Xalq kimi, nə üçün seçəcəyini çox yaxşı bilir. Gürcü xalqı da Azərbaycan xalqı kimi öz ərazi bütövlüyünü bərpa etməyi qarısına məqsəd qoyub. Azərbaycanın öz ərazi bütövlüyünü, yəni ən böyük demokratiya hadisəsini, insan hüquqları hadisəsini təmin etməsi Gürcüstanı da motivasiya edib. Gürcüstan da öz dövlətinin inkişafı üçün yolu məhz Gürcü Arzusunun yolunda gördüyü üçün ona səs verdi. Məsələ bu qədər bəsitdir. Qalanı isə Avropa ölkələrinin milli demokratik şüuru istismar etmək cəhdləridir, vəssalam”.
Aytəkin Qardaşova