AZ

Bərdəyə hücumlar müharibə cinayətidir

İkinci Qarabağ müharibəsinin gedişində Ermənistan bir çox beynəlxalq cinayətlər - təcavüz, soyqırım, müharibə cinayətləri və insanlıq əlehinə cinayətlər törətmişdir. Bu sırada münaqişə zonasından kənarda yerləşən Bərdəyə düşmən silahlı qüvvələrinin qanlı hücumları xüsusi yeri tutur.

2020-ci il oktyabrın 27-də erməni silahlı birləşmələri Bərdə rayonunun Qarayusifli kəndinə, oktyabrın 28-də isə Bərdə şəhərinə raket zərbələri endirmişlər. Hücumlar nəticəsində 30 nəfər qətlə yetirilmiş, 100  nəfər mülki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri almışdır, 30-dan artıq mülki obyektə, 20-dən artıq fərdi yaşayış evinə və 22 nəqliyyat vasitəsinə ağır zərər yetirilmişdir.

Mülki əhaliyə və mülki infrastruktura silahlı hücumlar beynəlxalq hüquqda  müharibə cinayətləri və insanlıq əlehinə cinayətlər kimi tövsif edilir və bununla da Ermənistan 6 iyun 1993-cü ildə ratifikasiya etdiyi 12 avqust 1949-cu il tarixli Cenevrə konvensiyaları və onların 8 iyun 1977-ci il tarixli I saylı Əlavə Protokolonu açıq-aşkar formada pozmuşdur.  

Məlum olduğu kimi, "Beynəlxalq silahlı münaqişələrin qurbanlarının müdafiəsinə dair" I saylı Əlavə Protokolun 51-ci maddəsinin 2-ci hissəsinə əsasən, mülki əhali və ayrı-ayrı mülki şəxslər hücum obyekti ola bilməz. Həmin Protokolun 85-ci maddəsinin 2-ci hissəsinin "a" bəndi mülki əhalinin və ayrı-ayrı mülki şəxslərin hücum obyektinə çevrilməsini  qadağan edir və bu cür əməllər  müharibə cinayəti kimi qiymətləndirilir.

Digər fundamental müddəa I saylı Əlavə Protokolun 35-ci maddəsində nəzərdə tutulub. Həmin maddəyə əsasən, hər hansı silahlı münaqişədə onun tərəflərinin müharibənin aparılmasının vasitələri və üsullarını seçmək hüququ məhduddur. Lüzumsuz xəsarətlər və ya artıq iztirablara səbəb olan silah, mərmi, maddələrdən və döyüş üsullarından istifadə etmək qadağandır. Həmçinin yeni növ silahlar, vasitələr və ya müharibə üsulları inkişaf etdirilərkən, əldə edilərkən və ya silahlı qüvvələr tərəfindən qəbul edilərkən, onların beynəlxalq humanitar hüquqa və Əlavə Protokolun iştirakçılarına münasibətdə tətbiq edilən digər beynəlxalq müqavilələrə uyğun olması mütləqdir və bu qayda I saylı Əlavə Protokolun 36-cı maddəsində nəzərdə tutulub. 

"İskəndər" tipli raketlərin və ümumiyyətlə klaster, kasset sursatlarının tətbiqi beynəlxalq humanitar hüququn əsas prinsiplərindən olan mütənasibliyi kobud şəkildə pozur. Həmin prinsip I saylı Əlavə Protokolun 51-ci maddəsinin 5-ci hissəsinin "b" bəndində əksini tapıb və nəzərdə tutur ki, mülki əhali arasında itkilərə, mülki şəxslərin yaralanmasına və mülki obyektlərə ziyan vurulmasına səbəb ola biləcək və əldə edilməsi gözlənilən hərbi üstünlüyə mütənasıb olmayan hücumlar qadağandır.    

Nəzərə almaq lazımdır ki, silahlı münaqışələr hüququ müharibə qanunlarını və adətlərini pozan bir çox silah növlərinin tətbiqnini məhdudlaşdırır. Bunların sırasına yuxarıda qeyd olunan kasset sursatları da daxildir.

30 may 2008-ci il tarixdə qəbul edilən, 1 avqust 2010-cu ildə qüvvəyə minmiş və 110 iştirakçısı olan "Klaster (kasset) sursatları haqqında" Dublin Konvensiyasına əsasən bu tip sursatların istehsalı, toplanması, tətbiqi qadağan olunur. Nəzərə almaq lazımdır ki, hətta bu konvensiya qəbul ediləndən əvvəl də kasset sursatlarının tətbiqi böyük narahatlıq doğururdu və 28 noyabr 2003-cü il tarixində Cenevrədə "Həddən artıq xəsarət yetirən və ya secim etməyən konkret adi silah növlərinin qadağan edilməsi və tətbiqinin məhdudlaşdırılması haqqında" Konvensiyanın "Partlayıcı müharibə qalıqlarına dair" Protokolun (V saylı Protokol) qəbul edilməsində özünü birüza vermişdir. Müasir beynəlxalq cinayət hüququ klaster sursatlarının tətbiqini müharibə cinayəti kimi tövsif edir. Ermənistanın da iştirakçısı olduğu Beynəlxalq Cinayət Məhkəməsi Nizamnaməsinin 8-ci maddəsinə əsasən, "beynəlxalq silahlı münaqişələr hüququnun normalarını  pozaraq hədsiz xəsarətlər yetirən, lüzumsuz iztirablara səbəb olan və ya mahiyyətinə görə hədəf seçməyən silahların, döyüş sursatlarının, avadanlıqların və ya müharibə üsullarından istifadə" edilməsi fərdi beynəlxalq cinayət məsulliyyətinə səbəb olur.

Nizami Səfərov,

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü

 

Seçilən
25
5
milli.az

7Mənbələr