AZ

"İdxal olmasaydı, qiymətllər daha baha olacaqdı" - İqtisadçı ətin qiymətindən DANIŞDI

Bu ilin 9 ayında ölkəyə ötən ilin müvafiq dövrü ilə müqayisədə 36,9 % faiz çox ət idxal edilib.

Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavini Razi Nurullayev deyib ki, bu, ölkədə ətin qiymətinin dəfələrlə artmasına qarşı hökumətin atdığı addımdır. Millət vəkili bildirib ki, əslində, ölkəyə idxal olunan məhsulların arıtırılması ilə əlaqədar qiymətlər enməli idi. Lakin bu proses baş vermir.

Dövlət Statistika Komitəsinin açıqlamasına görə isə son 1 ayda ətin qiyməti 1,7 faiz artıb.

Bəs ətin idxalı artdığı halda qiymətlər niyə enmir?

Mövzu ilə əlaqədar iqtisadçı Xalid Kərimli Redaktor.az-a açıqlamasında bildirdi ki, ölkədə ətin qiymətlərinin son dövrlər dayanmadan artmasının bir neçə səbəbi var. Onun sözlərinə görə, səbəblərin sırasında həm ölkədə saxlanılan iribuynuzlu və xırdabuynuzlu heyvanların sayının azalmasını, həm də heyvanların bəslənməsi ilə əlaqədar xərclərin artmasını göstərmək olar:

"Xüsusən də son dövrlər ev təsərrüfatları da təbii otlaq sahələrinin azalması səbəbindən ot bağlamaları ilə heyvanları bəsləmək məcburiyyətində qalırlar. Yəni xərc artıb, saxlanılan heyvanların sayında azalma var. Digər tərəfdən isə əhalinin sayı artır və paralel olaraq əhalinin alıcılıq qabiliyyəti artır. Qiymətlərin artmasına baxmayaraq, tələbatın aşağı düşməsi yox, əksinə, bahalaşması müşahidə olunur. Bu da xərclərin artması fonunda qiymətin yüksəlməsinə gətirib çıxarır".

İqtisadçı ölkədə idxalın artmasından da danışdı. O vurğuladı ki, 2022-ci illə müqayisədə 2023-cü ildə xırdabuynuzlu heyvanların idxalında ciddi surətdə artım müşahidə olunub. Üç dəfəyə qədər artım olub:

"Əgər 2022-ci ildə ölkəyə qonşu dövlətlərdən 200 min xırdabuynuzlu heyvan idxal olunubsa, 2023-cü ildə bu rəqəm 600 minin üzərinə çıxıb. Amma bütün bunlara baxmayaraq, qiymətlərin artımı davam edir. Birmənalı olaraq bildirmək mümkündür ki, idxal olunmasaydı, qiymətlər daha yüksək şəkildə artardı. İdxal edilən məhsullar qiymətin daha sürətli artmasının qarşısını alır".

Xalid Kərimli idxalın niyə artmasının səbəblərini də açıqladı:

"Ölkədə ət məhsullarını daha baha şəkildə satmaq mümkündür, tələbat mövcuddur və buna görə də idxalın həcmini artırırlar. İdxal o zaman kəskin şəkildə qiymətləri aşağı sala bilər ki, idxal edilmiş məhsulların qiyməti ucuz olsun, həm də daha böyük həcmli ət məhsullarını idxal etmək mümkün olsun.

Xüsusən də Ukrayna müharibəsindən sonra Azərbaycanda həm qırmızı ət, həm də quşçuluq məhsullarının idxalı Ukraynadan yarandı və bu ət məhsullarının qiymətinin artmasına da təsir göstərdi. Bundan başqa, qonşu ölkələrdə - Gürcüstan, Rusiyada ətin bahalaşması idxal qiymətlərinin artmasına gətirib çıxarıb. Yəni biz fikirləşməyək ki, idxal çoxdursa, qiymətlər niyə düşmür? Biz onu fikirləşməliyik ki, əgər bu idxal olmasaydı, qiymətlər ən azı indiki səviyyədən 20-30 faiz daha baha olacaqdı. İdxala rəğmən qiymətlərin artımının tədricən davam etməsi, bazarın hələ də tələbatının formalaşması fonundadır".

Ekspertin sözlərinə görə, nə qədər ki, ölkədə saxlanılan heyvanların sayında və bazara çıxarılan ətin həcmində əhəmiyyətli artım olmayacaq, əhalinin tələbatının artması fonunda qiymətlərin artması davam edəcək.

Sevinc İBRAHİMADƏ

Seçilən
42
2
redaktor.az

3Mənbələr