Ermənistanın hakim “Vətəndaş sazişi” partiyasının deputatları ilə İstintaq Komitəsi arasında ciddi münaqişə yaranıb.
Musavat.com xəbər verir ki, bu məsələ hakim partiyanın parlament fraksiyasının rəhbəri Ayk Koncoryan tərəfindən qismən etiraf olunub.
Onun sözlərinə görə, partiya daxilində İstintaq Komitəsinin rəhbəri Argişti Kərəmyanla bağlı müzakirələr gedir.
Qeyd edək ki, parlamentdə Paşinyanın deputatı Ovik Ağazaryanla Ermənistan İstintaq Komitəsinin sədri Argişti Kərəmyan arasında baş vermiş insidentdən sonra cinayət işi başlanıb.
Xatırladaq ki, oktyabrın 15-də Ermənistan parlamentində ölkədəki kriminal vəziyyətlə bağlı başlayan dinləmələr Kərəmyan və Ağazaryan arasında qalmaqala gətirib çıxarıb. Ağazaryan Kərəmyanı biznesmenlərə təzyiq göstərməkdə ittiham edib.
Yerli medianın yazdığına görə, buna əsas səbəb Ağazaryanın oğlunun hüquq-mühafizə orqanlarının diqqətinə düşməsidir. Sonuncu avtomobillərin idxalı və sonradan satışı ilə məşğul olur. Ağazaryanın iradları Kərəmyanın son dərəcə emosional reaksiyasına səbəb olub. Bundan sonra tərəflər parlamentdə bir-birlərini küçə söyüşləri ilə təhqir ediblər.
Musavat.com