Azərbaycan folklorunda belə bir deyim var: "Keçmişdə bir ər-arvadın evinə qonaq gəlir. Onlar qonağı lazımınca qarşılayır, Allah verəndən yedirdib, içirib, söhbətə başlayırlar. Bir müddət sonra yol yorğunu olan qonaq əsnəməyə başlayır. Ev yiyəsinin xanımı da qonaq əsnədikcə, əsnəyir. Qonaq əsnəyir, arvad əsnəyir, axırda ev sahibi gözünün işarəsi ilə arvadını bayıra çağırır. Qısqanc ər arvadını samanlığa aparıb orada öldürür, sonra qayıdıb heç nə olmamış kimi qonaqla söhbətini davam etdirir. Bu dəmdə qonaq bir də əsnəyir və bu dəfə ev sahibi olan kişi də əsnəyir. Tutduğu əməldən peşman olan kişi deyir: "Vay, əsnək əsnək gətirirmiş, samanlıqdakına heyf”.
Bu məsəli eşitməyən yəqin ki, çox az adam olar. Amma güman ki, kimsə də bunun fərqinə varmayıb: Əsnək niyə əsnək gətirir? Bunun elmi əsası varmı?
Hələ Hippokrat dövründən irəli sürülən nəzəriyyədə bildirilir ki, əsnəmək beyinə bağlı bir işdir. Beyin isə kompüter kimidir. Yorulanda qızır və pis işləyir. Sərinlədiyi zaman daha yaxşı işləyir. Əsnəmək isə beyini sərinlədir və yaxşı işləməsinə yardım edir.
Lakin hər dəfə kiminsə əsnədiyi vaxt qarşısındakı insanında da mütləq əsnəməsi bir çox suallar yaradır.
Bu keçici haldırmı, yoxsa hansısa bir psixoloji səbəbləri var?
Ümumiyyətlə, əsnəmək bir xəstəlikdir? Xəstəlikdirsə, müalicə olunurmu? Beyində hansı narahatlıq yarananda əsnək baş verir?
Mövzu ilə bağlı Publika.az-ın suallarını cavablandıran həkim-terapevt Sübhan Hacıyev bildirdi ki, əsnəmək həm fiziki, həm də patoloji ola bilər:
“Əsnəmək ümumiyyətlə bir çox insanlarda görülə bilir. Bu həm normal, yəni fiziki, həm də patoloji ola bilər. Fizioloji əsnək daha çox insanın qanında karbon qazının yığılması nəticəsində yaranır və insan bu karbon qazını bədəndən artması üçün əsnəyərək daha çox oksigeni daxilə qəbul edilir. Bu, orqanizmdə fizioloji hal olar, eyni zamanda beyinin ağ ciyərlərə hipoksi yayan oksigen azlığı zamanı ötürdüyü bir siqnal nəticəsində də baş verir. Bundan əlavə durğunluq zamanı, hər hansı bir şeydən sıxılan zaman və yaxud çox yorulan insanlarda fizioloji əsnəklər görülə bilər. Patoloji əsnəklər isə daha çox beyin qan dövranına və beyin qan dövranının patoloji xəstəliklərinə bağlı olan məsələlərdir. Yəni beyinin arxa çuxurunda olan zədələnmələr, beyin şişləri, beyin damarlarının ateroskleroz xəstəlikləri, xolesterin maddəsi ilə beyin damarlarının tıxanması zamanı, eyni zamanda epilepsiya zamanı ketoasidoz vəziyyətlərdə əsnəklər ola bilər.
Həkimin sözlərinə görə, əsnək də gülmək kimidir, çox rahatlıqla digərinə keçə bilir:
"Lakin bu bir patoloji hal deyil. Bu üzdən bundan qorxmaq lazım deyil. Amma gün ərzində sağlam insanlarda daha çox əsnək müşahidə olunarsa, onlara açıq havada olmaq, çox gəzmək, idmanla məşğul olmaq tövsiyə olunur. Yəni daha aktiv həyat tərzi sürsələr, yaxşı olar”.