AZ

Silahlı şəxslər Pakistanın cənub-qərbində bənddə işləyən 5 nəfəri öldürüb

Pakistanın Bəlucistan vilayəti rəsmilərinin çərşənbə axşamı bildirdiyinə görə, silahlı şəxslər bəndin işçilərinə hücum edərək, beş nəfəri öldürüb, iki nəfəri yaralayıb. Ölümcül atışma Pakistanın zəngin təbii sərvətləri ilə tanınan və əhalinin seyrək olduğu Pəncgur rayonunda baş verib. Sakinlərin bildirdiyinə görə, silahlılar hücumdan dərhal sonra motosikletlərə minərək, hadisə yerindən qaçıb.

Vilayət hökumətinin sözçüsü Şahid Rind itkiləri təsdiqləyərək, yerli hakimiyyətin hücumla bağlı təhqiqata başladığını bildirib. O, iki yaralı şəxsin və cəsədlərin yerli xəstəxanaya aparıldığını deyib.

Bir neçə separatçı qrupun fəalliyyət göstərdiyi və müntəzəm olaraq Pakistan təhlükəsizlik qüvvələri, eləcə də hökumət obyektlərinin hədəf alındığı Bəlucistanda son zorakılığa görə məsuliyyəti öz üzərinə götürən olmayıb.

Pakistanın baş naziri Şehbaz Şərif çərşənbə axşamı baş verən hücumu pisləyib. "Bənd işçilərinə hücum edənlər Pakistan və Bəlucistandakı inkişafın düşmənləridir", Şərifin İslamabaddakı ofisi onun sözlərinə istinad edərək bildirib.

Bu ayın əvvəlində ağır silahlanmış şəxslər vilayətin Duki rayonundakı daş kömür mədəninə basqın edərək, 21 işçisini öldürüb.

"Bəluc Azadlıq Ordusu" (BLA) Pəncgurdakı hücumun məsuliyyətini öz üzərinə götürərək, öldürülən şəxslərin hökumətyönlü silahlı qruplaşmanın üzvləri və məlumat toplayanlar olduqlarını deyib. Birləşmiş Ştatlar tərəfindən qlobal terror təşkilatları siyahısına salınan qiyamçı qrup vilayətin müstəqilliyi uğrunda mübarizə apardığını iddia edir.

"Bəluc Azadlıq Ordusu" həmçinin oktyabrın əvvəlində Pakistanın cənubundakı Kəraçi şəhərində avtomobildə intiharçı hücumunun məsuliyyətini öz üzərinə götürüb. Rəsmilərin dediyinə görə, həmin hücum zamanı iki çinli mühəndis və bir neçə yerli təhlükəsizlik işçisi həlak olub.

Çərşənbə axşamı silahlı şəxslər poliomielit əleyhinə peyvənd qruplarının milli immunizasiya kampaniyası çərçivəsində toplaşdığı şimal-qərbdəki Hayber-Paxtunxva vilayətində səhiyyə ofisini hədəf alan hücumda bir polis məmurunu öldürüb.

Bölgədə fəal olan militantlar əvvəllər poliomielitə qarşı peyvənd qruplarını və onları müşayiəti edən polis əməkdaşlarını hökumətə casusluqda şübhəli bilərək, hədəf alırdı.

visiontv.az



Seçilən
43
visiontv.az

1Mənbələr