Rusiyaya göndərilən Şimali Koreya qoşunları müharibənin amansız şərtlərinə baxmayaraq, bu zonaya yerləşdirilmələrini müsbət qəbul edə bilər.
Qaynarinfo xəbər verir ki, bu barədə "Associated Press” yazır.
Əsasən elit xüsusi təyinatlılardan olan minlərlə gənc Şimali Koreya əsgəri Ukrayna ilə münaqişədə Rusiya ordusuna dəstək vermək üçün gəlib. Onların heç bir döyüş təcrübəsi olmasa da və yerli şəraitlə tanış olmasalar da, analitiklər onların cəbhənin ən çətin sektorlarında yerləşdiriləcəyini hesab edirlər.
Keçmiş Şimali Koreya əsgərlərinin fikrincə, əsgərlər belə bir yerləşdirməni şərəfli bir missiya kimi qəbul edə bilərlər, çünki bu, başqa ölkəni görmək, pul qazanmaq və vətənlərində ailələrinə imtiyazlar əldə etmək üçün nadir fürsətdir. Keçmiş xüsusi təyinatlı əsgər Li Vun-gil qeyd edir ki, gənc əsgərlər evə sağ qayıtmaq çətin olsa da, bunu şərəf hesab edirlər.
Pentaqonun 10 minə yaxın Şimali Koreya hərbçisinin Rusiyaya gəldiyini xəbər verdiyi bir vaxtda, qarşıdakı həftələrdə onların yerləşdirilə biləcəyi üçün qarşıdurmanın genişlənməsi gözlənilir. Müşahidəçilər hesab edirlər ki, bu addım itki risklərinə baxmayaraq, Kim Çen Inın xarici valyuta qazanmaq və Rusiyadan təhlükəsizlik dəstəyi alması üçün bir yoldur.
Bu qoşunların aid olduğu xüsusi təyinatlı "Fırtına Korpusu” Cənubi Koreyada təxribat fəaliyyətinə hazırlığı ilə tanınır. Bu bölmənin veteranları qeyd edirlər ki, hətta imtiyazlı şəraitdə də Şimali Koreya əsgərləri qida çatışmazlığından əziyyət çəkirdilər.
Rusiyada xidmət şəraiti daha yaxşıdır və maaşın ayda ən azı 2000 dollar olacağı ehtimal edilir. Bu vəsaitin böyük əksəriyyəti Kim Çen Inın xəzinəsinə, qalanı isə əsgərlərə qalacaq. Onların çoxu yəqin ki, bu gəlirdən razı qalacaq, çünki KXDR-də orta aylıq əmək haqqı bir dollardan azdır.
Təhlilçilər hesab edirlər ki, Pxenyan Rusiyaya göndərilən əsgərlərin ailələrinə mənzil və ya təhsil imkanları da daxil olmaqla əlavə sosial müavinətlər verə bilər. Əsgərlərin bəziləri, xüsusən də gənclər bunu sərt nəzarət altında olan KXDR-dən kənarda dünyanı görmək fürsəti kimi görəcəklər.
Lakin bu qoşunlar ağır itki versə, əhval-ruhiyyə dəyişə bilər. Düzənlik şəraiti və müasir döyüş taktikaları, o cümlədən pilotsuz təyyarələrin istifadəsi ilə tanış olmayan əsgərlər özlərini tez bir zamanda top yemi rolunda görə bilərlər. Müharibənin sərt reallıqları ilə üzləşən onlardan bəziləri ölümdən yayınmaq üçün hətta Ukrayna qüvvələrinə təslim ola bilər.
Kim Çen In da ümid edə bilər ki, Rusiyaya hərbi dəstək verməklə ona mühüm texnologiyalar, xüsusən də nüvə proqramını təkmilləşdirmək əlçatan olacaq. Bununla belə, ekspertlər qeyd edirlər ki, Rusiya böyük ehtimalla qabaqcıl raket texnologiyasını ötürməyəcək. Şimali Koreya hakimiyyəti də əsgərlərin xaricə göndərilməsinə qarşı reaksiyadan ehtiyat edərək, öz qoşunlarının müharibədə iştirakını öz əhalisindən gizlədir.
CNN xəbər verir ki, bəzi Şimali Koreya əsgərləri artıq Ukraynadadır. Onların sayının artacağı gözlənilir.
Bundan əvvəl Pentaqon Şimali Koreyadan Rusiyanın şərqinə 10 minə yaxın hərbçinin göndərildiyini bildirmişdi. Onlar yaxın həftələrdə Ukrayna yaxınlığındakı Rusiya qüvvələrinə qoşula bilərlər.
NATO Silahlı Qüvvələrinin keçmiş Ali Baş Komandanı, istefada olan admiral Ceyms Stavridis hesab edir ki, Şimali Koreya qoşunlarının Rusiya Federasiyasına Ukraynaya qarşı müharibəsində kömək üçün göndərilməsi Rusiyanın zəifliyindən xəbər verir. Eyni zamanda o qeyd edib ki, bu, döyüş meydanına real təsir göstərə bilər.
Bu arada ABŞ prezidenti Co Bayden Ukraynaya Şimali Koreya qoşunlarının Rusiya ərazisindən onun dövlət sərhədini keçəcəyi təqdirdə onlara zərbə endirməyi tövsiyə edib.
Alpər