"Son zamanlar Ermənistanla Azərbaycan arasında sülh danışıqlarında müəyyən irəliləyişlər olsa da, müxtəlif nikbin bəyanatlar səsləndirilsə də, COP29-a qədər sülh müqaviləsinin imzalanması ehtimalı aşağıdır".
Bunu Oxu.Az-a açıqlamasında siyasi şərhçi Sahil Kərimli deyib.
Onun sözlərinə görə, COP29-un keçirilməsinə sayılı günlər qalıb, lakin Azərbaycanın haqlı tələblərinin Ermənistan tərəfindən reallaşdırılması və müsbət cavab verilməsi mümkün görünmür:
"Azərbaycan ilk növbədə Ermənistan Konstitusiyasına dəyişiklik etməklə bağlı haqlı və ədalətli tələblər irəli sürür. Bu da ondan irəli gəlir ki, Ermənistan öz konstitusiyasında Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları ilə çıxış edir, bu isə qəbuledilməzdir. Əgər belə iddialar varsa, biz dayanıqlı, ədalətli və uzunmüddətli sülhdən danışa bilmərik".
"Eyni zamanda, sərhədlərin delimitasiya və demarkasiya prosesinin sürətləndirilməsi, bölgədə nəqliyyat və kommunikasiya xətlərinin açılması da Azərbaycanın haqlı tələbləri sırasındadır. Ermənistan bu tələbləri də yerinə yetirmək niyyətində görünmür. Belə olduğu halda, təbii ki, Azərbaycanın Cənubi Qafqazda uzunmüddətli sülh və təhlükəsizlik istəklərinin Ermənistan tərəfindən ləngidilməsi davam edir, buna görə də sülh müqaviləsinin imzalanması real görünmür" ,- deyə müsahibimiz əlavə edib.
Xəzər Strateji Araşdırmalar İnstitutunun baş direktoru, rusiyalı ekspert İqor Korotçenko isə Oxu.Az-a açıqlamasında bildirib ki, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasından yalnız o zaman danışmaq olar ki, bu müqavilə həqiqətən imzalansın:
"Lakin İrəvanın mövqeyi Azərbaycana ən mühüm prinsipial məsələlər üzrə razılığın əldə edilmədiyi natamam müqaviləni qəbul etdirməkdir. Azərbaycan belə yarımçıq müqaviləni imzalayacaqmı? Məncə, yox".
O bildirib ki, Bakının mövqeyi ondan ibarətdir ki, müqavilənin bütün bəndləri tam və birmənalı şəkildə razılaşdırılmalı və vaxtilə irəli sürülən beş əsas prinsipə əsaslanmalıdır:
"Ermənistan isə yalnız bu günə qədər görülən işlər üzərində dayanır. Bu, Ermənistanı və onun Qərbdəki himayədarlarını qane etsə də, Azərbaycanı qane etməyəcək".
"COP29 iqlim sammiti çərçivəsində və ya ondan əvvəl bu sazişin imzalanmasına gəlincə, burada yenə də hər şey Ermənistanın Azərbaycanın təklif etdiyi bütün bəndlərə nə dərəcədə razı olmasından asılıdır. Hazırda biz Qərb ölkələri, xüsusilə də Azərbaycanı Ermənistanla mümkün qədər tez sülh müqaviləsi bağlamağa təzyiq göstərməyə çalışan ABŞ Prezidenti Cozef Bayden administrasiyası tərəfindən təzyiq görürük. Lakin bir daha təkrar edirəm, bizim fikrimizcə, kimin necə təzyiq göstərməsindən asılı olmayaraq, Azərbaycan öz milli maraqlarına uyğun hərəkət edəcək. Bu baxımdan, Paşinyanın COP29-a gəlişi də Azərbaycanın natamam sülh müqaviləsini imzalamasına razılıq verməsi üçün şantaj və ya təzyiq cəhdi kimi uğursuz olacaq", - deyə ekspert vurğulayıb.
Onun sözlərinə görə, Ermənistan Fransa, Niderland və digər Avropa ölkələri, eləcə də Şimali Amerikadakı tərəfdaşları ilə birlikdə COP29 ətrafında maksimum mənfi informasiya fonu yaratmağa çalışır:
"Halbuki Azərbaycan şantaj ediləcək ölkə deyil. Paşinyan Bakıya gəlməsə, dəhşətli heç nə baş verməyəcək. Əgər gələrsə, o, Azərbaycanın təklif etdiyi şərtlərlə sülh müqaviləsini imzalamağa borcludur. Çünki Azərbaycanın təklifi ədalətlidir, fundamental prinsiplərə əsaslanır və uzunmüddətli dayanıqları var".
"Hər halda hələ müəyyən vaxt qalır, lakin COP29-un başlamasına bir neçə gün qalmış Paşinyanın qəfildən ayılıb komandası ilə həll olunmamış məsələləri razılaşdıracağını gözləmək ehtimalı çox azdır. Ona görə də real siyasətdən çıxış etmək lazımdır. Azərbaycan bütün Cənubi Qafqazın təhlükəsizliyi üçün güclü və səmərəli ölkədir. Düşünürəm ki, bu, artıq heç kimin dəyişə bilməyəcəyi bir reallıqdır", - Korotçenko fikrini yekunlaşdırıb.
Siyasi şərhçi Məhəmməd Əsədullazadə isə bildirib ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin mətni demək olar ki, hazırdır:
"Texniki məsələlər razılaşdırılır. Kazanda keçirilən ikitərəfli görüş çox səmərəli oldu və sülh üçün yaxşı imkanlar yaratdı. ABŞ Prezidenti Cozef Baydenin dəstək məktubu və Rusiyanın neytral qalması ikitərəfli danışıqların müsbət istiqamətdə inkişafına stimul verdi. Kazanda iki saatdan artıq danışıqlar aparıldı. Xarici işlər nazirləri tam mətni yekunlaşdırmaq üçün tapşırıqlar aldılar. Sərhədlərin delimitasiyası və demarkasiyası barədə əsasnamə və reqlament hər iki tərəf tərəfindən təsdiq edildi".
"Lakin COP29-a az qalır. Düşünürəm ki, sülh müqaviləsi imzalana bilər. Amma bu proses dərhal yox, ilin sonunda da baş tuta bilər. Sülh müqaviləsi dövlətlərarası diplomatik əlaqələrin qurulması, ərazi bütövlüyünün qarşılıqlı tanınması, nəqliyyat və kommunikasiya yollarının qarşılıqlı açılması, gələcəkdə bir-birlərinə hücum etməmək kimi əsas tezislərə əsaslanır",- Əsədullazadə deyib.
Onun fikrincə, Ermənistan COP29-da iştirak edəcək:
"Hətta xarici işlər naziri Ararat Mirzoyanın da iştirakı mümkündür. Lakin Ermənistan COP29 ərəfəsində erməni diversantların azad edilməsini xahiş edir. Bu kimi məsələlər problem yaradır. Hesab edirəm ki, Azərbaycan bu dəfə də qarşılıqlı etimadı gücləndirmək və sülh üçün mümkün addımlar atacaq".
10Mənbələr
-
arqument.azCOP29-a qatılan almaniyalı nazir Azərbaycanda insan hüquqlarının vəziyyətini acınacaqlı sayır ( 13260082)
-
turan.azAlmaniyanın xarici işlər naziri Azərbaycanda fəalları azad etməyə çağırıb ( 13248964)
-
demokrat.azAzərbaycanla Ermənistan arasında COP29-a qədər sülh müqaviləsi imzalanacaq? ( 12555412)
-
sherg.azErmənistan COP29-da hansı səviyyədə təmsil olunacaq? –Analiz ( 12543871)
-
modern.azİrəvan Bakıdakı COP29 konfransında iştirak etmək istəyir - Paşinyanın Aparat rəhbəri ( 12538765)
-
redaktor.az"Ermənistanın COP29-da iştirakı sülhün imzalanmasını tezləşdirə bilər" ( 12476143)
-
demokrat.azPolitoloq: "Ermənistan tərəfinin konfransa dəvəti normal qarşılanmalıdır" ( 12470731)
-
valyuta.azErmənistanın XİN başçısı COP29-a dəvət olunub ( 12417967)
-
arqument.azAzərbaycanın Ermənistanı COP29-a dəvət etdiyi bildirilir ( 12408802)
-
bakupost.azErmənistanın XİN başçısı COP29-a dəvət olundu ( 12408451)