AZ

141 yaşlı yük stansiyası əsaslı təmir edilib

Bakı yük stansiyasının Əhmədli hissəsində əsaslı təmir və yenidənqurma işləri aparılıb. Dəmir yolu ilə yükdaşımalar üçün strateji əhəmiyyət daşıyan bu stansiya 1883-cü ildə ilk neft qatarının yola salınması ilə fəaliyyətə başlayıb. Hazırda burada ölkə üzrə daşınan neft və neft məhsullarının 40 faizi qəbul edilərək təyinat məntəqələrinə yönləndirilir. 

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyətininin məlumatına görə, stansiyada aparılmış təmir-bərpa işləri çərçivəsində infrastrukturun yenilənməsi ilə yanaşı, yüklərin kağız əsaslı sənədləşmə olmadan rəqəmsal qaydada göndərilməsi sınaqdan keçirilib. Bildirilib ki, stansiyanın 70 il bundan öncə tikilmiş inzibati binasında 9 ədəd köhnə istehsalat otağı yenidən qurulub və yeniləri inşa olunub. Həmçinin istismara yararsız texniki xidmət məntəqələri tam təchiz edilmiş 4 ədəd modul tipli konteynerlə əvəzlənib. Bura daxil olan avtomobil yolu və stansiyanın 400 kvadratmetr ərazisinə asfalt örtük çəkilib, iki mərtəbəli post binası təmir olunub.

Bundan əlavə, işçilərin sosial rifahının yaxşılaşdırılması məqsədilə yeni mətbəx və sanitar qovşaqlar, soyunub-geyinmə otağı, namaz otağı və digər lazımi infrastruktur məntəqələri yaradılıb. Stansiyanın işçi heyəti yeni uniforma və fərdi mühafizə vasitələri ilə təchiz edilib. Eyni zamanda, “Yaşıl dünya naminə həmrəylik” ilinin çağırışına uyğun olaraq stansiya ərazisində yaşıllaşdırma işləri görülüb. 

Qeyd edək ki, yüklərin qəbulu və göndərilməsi üçün stansiya ərazisində mövcud 9 yolun yenilənməsi, yeni yolların salınması və ümumi infrastrukturun daha da təkmilləşdirilməsi planlaşdırılır.

Seçilən
6
19
xalqqazeti.az

10Mənbələr